“Səfillər” romanında bir yer var. Olduğu kimi təkrarlamasam, bağışlayın: orada bir xəstə can verir, evə qonaq gələn adam xəstənin yaxınına deyir ki, niyə həkim çağırmırsınız?
Çox ironik cavab gəlir: “Əlahəzrət, biz öz əcəlimizlə ölürük…”.
Həmişə Azərbaycan səhiyyəsi haqqında danışılanda bu səhnə yadıma düşür.
Bizim kənddə bir həkim var idi. Onun haqqında camaat belə bir lətifə düzəltmişdi. Guya, həmin həkimə deyirlər ki, doktor, filankəs də öldü.
Həkim heyrətlənir: “Baaa, o niyə? Mən ki onu müalicə etmirdim…”.
Bütün bunları Azərbaycanla bağlı oxuduğum xəbərdən təsirlənərək yazıram. Bilmirəm, eşitmisinizmi?
Xəstəxanalarda pasientlərin dini ehtiyaclarını qarşılamaq üçün xüsusi otaqların düzəldilməsi barədə qanun qəbul etmək istəyirlər. Əsl saqqal darağı məsəlidir.
Qardaş, sən xəstəxanada imkan yarat ki, insanlar keyfiyyətli müalicə ala bilsin. Bu dəqiqə bizim xəstəxanalarda dini ayinlərin yerinə yetirilməməsi daha ciddi problemdir, yoxsa yaralı barmağı lazımı qaydada müalicə edən həkimlərin olmaması?..
Belə başa düşürəm ki, bir azdan Oqtay Şirəliyev xəstəxanalarda pasientlərin təpitmə kəsmək, yun əyirmək kimi məşğuliyyətlərini qarşılamaq üçün ayrıca kabinetlər düzəldəcək…
Bir halda ki, dövlət xəstəxanaları insanlara sağlamlıq vermir, heç olmasa, onları əyləndirsin. Məsələn, çox yaxşı olar ki, Fransadan gətirib burada dələduzluq qurbanı etdikləri sirk ustasını da xəstəxanalara təhkim etsinlər.
O sirk ustasının şirləri üçün də xəstəxanalarda ayrıca otaq düzəltmək olar. Pasientlərə onları göstərib, həyat və fanilik haqqında fəlsəfi düşüncələrə vəsilə yaratmaq mümkündür.
Bundan başqa, özünü yaxşı aparmayan xəstələri və əmək haqqından rəhbərlik üçün pay ayırmayan həkimləri o şirlərə yedirtmək də mümkün variantlardandır.
Qayıdaq o dini ayinlər üçün yaradılan otağa…
Mən o otaqda ediləcək duaları indidən əzbər bilirəm. Istəyirsiniz, bərabər yoxlayaq.
“Ey qüdrət sahibi, sənə yalvarıram, Oqtay həkimin insafını artır. Ya Rəbb, ya ona vermək üçün mənə min manat yetir, ya da ona insaf bəxş et…”.
“Ya Allah, Məmməd həkimin yaddaşını iti et. Elə et ki, o əməliyyatdan sonra qayçını qarnımda unudub saxlamasın…”.
Səhiyyə nazirinin Elsevər Ağayev adlı bir müavini var. Ona “Pulsevər müəllim” deyənlər də çoxdur. Martda o, böyük bir müsahibə verərək, Azərbaycan səhiyyəsinin inkişafından danışmışdı. “Inkişafı nədə görür?” – soruşan olmasa da, o demişdi ki, ölkədə uşaq doğumunun sayının artmasında görür. Yəni, anaların doğmasından Səhiyyə Nazirliyi özü üçün xal tutur.
Cəmi bir ay keçdi. Deputat Hadı Rəcəbli doğumla bağlı onun dediklərini parlamentdə yerlə bir etdi. Bəlli oldu ki, ölkədə hazırkı doğuşlara görə sevinmək yox, xəcalət çəkmək lazımdır. Deputatın bildirdiyinə görə, doğulan uşaqların 35 faizi fiziki qüsurludur.
Indi mənim suallarım var:
– Hörmətli Elsevər müəllim və Hadı müəllim. Sizin ikiniz də eyni hökumətin məmurlarısınızsa, aydınlaşdırın; Elsevər müəllim nəyə sevinir, nəyi uğur sayır? Uşaqlarımızın yarımfabrikat kimi dünyaya gəlməsinimi? Səhiyyə məmuru bir açıqlama versin, bəlkə, onların ölkədə əlillərin sayını artırmaq kimi bir öhdəliyi, planı var, bu üzdən sevinirlər?
Sonda… xəstəxanalarda yaradacağınız o ibadətxanalara pasientlərin yox, onların cibinə göz dikən həkimlərin ehtiyacı var… Gedib girərlər o otaqlara, əllərini inandıqları o dərgaha qaldırıb, biganə vətəndaş olduqlarına, qeyri-peşəkarlıqlarına və “160 manatla necə dolanım?” bəhanəsilə xalqın qanını sormaqlarına görə tövbə edərlər…