Vidadi Isgəndərlidən yazacağam. Yəqin ki, onu tanıyırsınız. Tanımırsınızsa, bunu heç yerdə deməyin, ayıbdır.
Onu dünyanın mütərəqqi hissəsi “Vicdan məhbusu” kimi qəbul edir, azadlığa buraxılmasını tələb edir. Vicdanlarını dincə qoyanlar isə hələ ki, bu çağırışlara cavab vermirlər.
Bir ildir bu insan heydərizmin soyuq zindanlarındadır. Onu ötən il “2 aprel” aksiyasında tutdular, sonra isə şərləyərək iş verdilər.
Onun məhkəmə proseslərini izləyənlərin tək sözü bu oldu: “Şir qəfəs arxasında…”
Ağıllı təhlilə, dəqiq analizə söykənməklə bərabər, Vidadi bəy alovlu, cəsur nitqləri bacaran biridir. Belə adamlara “od-alov” deyirlər. Mən onunla bir-iki dəfə yolçuluq edən insan kimi, müşahidələrimdə yanılmadığım qənaətindəyəm.
Bu insan adi taksi sürücüsü ilə də danışanda elə danışırdı ki, sanki bəşəriyyətin ölüm-qalım problemini həll edir. Ürəyi ağzından çıxa-çıxa, ürək yandıra-yandıra danışan soydaşlarımızdandır Vidadi bəy.
Ölkəmizi başına alan və iri məmurların himayəsində olan dələduzluğu, özbaşınalığı, hüquq-mühafizə sistemindəki korrupsiya faktlarını dilə gətirdiyinə görə bu insanı həbsə atdılar.
Saxta palament seçkilərində saxta bir elm adamının qurduğu oyun Vidadi müəllimin həbsə alınmasına bəhanə oldu.
Mən dünən onun Ali Məhkəmədəki çıxışını oxuyarkən çox həyəcanlandım. Təkcə ona görə yox ki, bu adam bizə azadlıqda lazımdır, onun illər ərzində topladığı bilik-təcrübə insanlarımızın xidmətində durmalı olduğu halda, həbsdə məhdudlaşdırılır.
Ona görə narahat oldum ki, biz necə zəlil təfəkkürlü insanların əsarətindəyik. Prinsipcə, Vidadi bəylə bizim elə ciddi bir azadlıq fərqimiz yoxdur.
Hamımız axmaq bir avtoritarizmin əsiriyik.
Hüquq müdafiəçisinin özünü qoruya bilmədiyi ölkədə yaxşı ana-bacı lazımdır ki, halımıza ağlasın.
Hüquq müdafiəçisinə qarşı bu davranış əslində ciddi bir siyasi projedir, minlərlə insanın güc mərkəzi kimi tanıdığı dayaqların gücsüzləşdirilməsinə hesablanan addımdır.
Yəni, sabah kütlədə bu düşüncə yaradılsın: hüququnun qorunmasını kimə tapşırırsan, Vidadi Isgəndərliyəmi? O, bu işi bacarsaydı, elə özünü qoruyardı da…
Məncə, Vidadi bəyin nümunəsindən bizim gənc və həvəskar müxalifət tənqidçiləri də bir dərs götürər. Axı onların həvəslə işlətdiyi sözlərdir: “Əşi, camaat hüququnu bilmir də. Bilsə, məsələn, polis dubinkanı onun təpəsinə yox, dizinə vurar…”
Lakin parlaq nümunə göstərir ki, istedadına, savadına, vətənpərvər hisslərinə baxmayaraq, Azərbaycan hakimiyyəti fərqli düşünən və tənqidi çıxışlar edənləri əsas-məsas olmadan damlaya bilir. Bununla da bizə və hüquqa hörmətsizliyini nümayiş etdirir.
Beləliklə, gec də olsa, hamılıqla qəbul etməliyik ki, ölkədə problemlərin əksəriyyəti siyasi mahiyyətlidir, savadsızlıq-filan – bunlar 5-ci dərəcəlidir.
Vidadi bəyin Ali Məhkəmədəki çıxışında daha bir məqam mənə çox ləzzət verdi.
Deməli, Göyçay məhkəməsində onun üzünə duran Ibrahim adlı şahid ölməmişdən əvvəl türməyə adam göndərir ki, Isgəndərli onu bağışlasın: “Onu bağışlamadım. Ona məhkəmədə demişdim ki, şərəfli yaşayıb, ölmək lazımdır. Cinayət törətməsəm də, türmə mənim üçün şərəf evidir”.
Bax, bu cür gözəl və sağlam mövqeyinə görə Vidadi bəyi alqışlayıram. Yersiz səxavətlilik, yersiz humanizm qədər cəmiyyəti məhv edən az-az şeylər var.
Nə qədər yaramaz adamın dəfnində iştirak etmişəm. Molla, “ay camaat, filankəs sizə ”əlvida” deyir, haqqızı halal edin” deyən kimi, hurreylə, “Halal olsun!” cavabını veririk. Indi düşünün ki, belə situasiyalarda Vidadi bəy kimilər çox olur və qalxıb mərhumun zülmlərini sadalayır, haqqını da halal etmir. Məncə bundan sonra hamı özü üçün dərs çıxarar, yaramazlıq, mərdimazarlıq edəndə o, son xudahafizləşmə anında qohum-əqrəbasının pərt duruma düşəcəyini xəyal edər.
O üzəduran Ibrahim müəllim pis iş görüb, Vidadi bəy isə onu bağışlamamaqla yaxşı iş gördü. Elə atalarda belə demişdi: “Yamanlığa yaxşılıq nər kişinin işidir”.
Sən düz və yaxşı iş gördün, bəy!