Bu gün həyəcan dolu bir gün yaşayacağıq. Azərbaycan müxalifəti uzun müddətdən sonra, nəhayət, bu gün mitinq keçirəcək. Etiraz edən insanların coşqusunu görməkdən gözəl nə ola bilər?!
Hökumətin həyəcanı bizimkindən az olmayacaq. Onları qınamaq olmaz. 2005-ci ildə Ilham müəllim, onun baş vəziri açıq demişdilər ki, 1-2 ilə Azərbaycanda müxalifət qalmayacaq. Bu arzu onların ürəyində qaldı. Ötən illərdə aparılan repressiyalar, mübarizə insanlarına qarşı edilən naxələfliklər, namərdliklər bəhrəsiz oldu.
Xalqın və müxalifət partiyalarının etirazçı mövqeyinin möhkəmlənməsi bu gün ötən illərdə mübarizə meydanında fərarilik edənləri də utandırmaqdadır. Yolu yarımçıq buraxanlar, dönüklər “8 aprel”də xeyli tər tökəcəklər.
Mitinq şəhərin kənarında olacaq. Aksiya baş tutsa, bu, müxalifətə ikiqat uğur, hakimiyyətə isə ikiqat rüsvayçılıq gətirəcək. Yəqin, hakimiyyət elə düşünür ki, etirazçı şüarlar qulağından (Prezident Administrasiyasından) nə qədər uzaqda olsa, canları da bir o qədər rahat, sükanları isə tərpənməz olar. Çox bəsit düşüncədir, deyilmi?
Quba şahın sarayına Bibiheybətlə müqayisədə lap çox uzaq idi. Ancaq orada insanların etirazı qalın daş divarlar arxasında gizlənən, daş ürəkli məmurların hamısını silkələyə bildi. Hazırlaşın, yenə də silkələnəcəksiniz.
“Azərbaycan saatı”
Bizim eldə “haqq nazilər, amma üzülməz” məsəli var. Qənimət Zahidin Avropadan yayıma başladığı “Azərbaycan saatı” verilişi yuxarıdakı məsəl qarşısında bir daha səcdə etmək zərurəti yaratdı. Azərbaycan hakimiyyəti ölkədə azad, obyektiv, tənqidçi sahələri – qəzetləri, televiziyaları ya beşiyindəcə boğdu, ya da ələ alıb məhv etdi. Insanlarımızın obyektiv xəbər alması üçün mənbələr bir əlin barmağından da az qaldığı bir vaxtda “Azərbaycan saatı”nın peyda olmasını mən əfsanələrdəki “Xızı Nəbi” hadisəsinə bənzədirəm…
Azərbaycanda avtoritarizmin qalaları dağılır. Blokada yarılır. Dünən mən bu veriliş haqqında “facebook”da yazılan şərhləri oxudum. Insanlarımız fərəhlənir, hamı sevinir, “nəhayət, bu günü də gördük” deyirlər. “Azərbaycan saatı” 1990-cı ilin “Azadlıq” radiosu ilə tutuşdurulur. O zaman bu radio xalqımızın apardığı azadlıq mübarizəsinə Mirzə Xəzərin başçılığı ilə böyük töhfə vermişdi.
Hər kəsdə bir əminlik var ki, “Azərbaycan saatı” da xalqımızın yeni mübarizə mərhələsinin danışan dili, görən gözü olacaq.
Ümid edirəm ki, “Azərbaycan saatı”ndan hakimiyyət də öz dərsini alacaq. Artıq qılafa bürünən bir dövlət modeli yaratmağın zamanı keçib. Hə, ola bilər ki, sabah Nuşirəvan Məhərrəmliyə “peyk antenalarını yığışdırın, kimsə ”Azərbaycan saatı”nı izləməsin” göstərişi də versinlər. Yenə də faydasızdır. Təkcə “Azərbaycan saatı” deyil, zaman özü əliyevçi hakimiyyətin əleyhinə işləyir.
Gənc saxtakarlar üçün…
Azərbaycanın gənc saxtakarlarından biri, Sabirabad camaatının mandatını oğurlayaraq parlamentdə oturan Ceyhun Osmanlının bir məqaləsini oxudum. Insanın saxtakarlığına dözmək zülmdür, əgər o, savadsızdırsa, bu halda, zülm lap ərşə dirənir. Ceyhunun bütün sətirlərindən savadsızlıq, cahillik, dayazlıq tökülürdü. Məndən olsa, onu bir neçə kursa yollamaq lazımdır ki, maariflənsin, danışığını, yazısını qaydaya salsın. Axı, arada xaricilərin qarşısına bu adamı deputat kimi çıxarırlar…
Ceyhun Osmanlı yazır ki, Azərbaycanda 40 il bundan əvvəl kimə desəydin ki, 25 yaşında deputat olacaq, inanmazdı. Bu, özünüöymənin ucuz bir variantıdır. Ceyhun müəllim gənc yaşında deputat olmağı uğur kimi insanlara çatdırmaq istəyir. Bu gənc saxtakara, bir daha xatırlatma etməyi faydalı bilirəm ki, 40 il əvvəl olduğu kimi, 40 il sonra da xalqımız Ceyhun və onun kimi insanların parlamentə düşməsinə inanmayacaqlar, bunu tarixin bizimlə bir kobud zarafatı kimi qəbul edəcəklər.
25 yaşında deputat olmağın mümkünsüzlüyünə gəlincə.. Ceyhun müəllim, maariflənin, 40 il bundan əvvəl indi sənin deputat təyin olunduğun yerdən azı 10 nəfər 25 yaşlı deputat seçilmişdi…