İctimai Palatanın “Eurovision”la bağlı etiraz aksiyalarına başlamaq barədə anonsundan hakimiyyət təlaşlanıb. Ictimai Palatanın “Eurovision” günlərində başlayacağı aksiyalara Prezident Administrasiyasının sözçüsü Əli Həsənov öz qəzetində (Kaspi) bir yazı ilə cavab verib. Əli müəllim məqalədə imzasını gizlətsə də, üslubunu gizlədə bilməyib.
O yazır: “Uzun çək-çevirdən sonra palat(k)anın texnoloqları belə qərara gəliblər ki, əhali gur olan yerlərdə flaş-moblar keçirsinlər, yəni 3-5 adam Fəvvarələr meydanında özlərini adamların sıx yerinə verib başlasınlar çığırmağa, həmən də dağılışsınlar. Muzdlu fotoqraflara da elə bu lazımdır, Allah fotoşopu yaradanın atasına rəhmət eləsin, elə şəkillər peyda olacaq ki, təəccüb etməmək mümkün deyil”.
Deməli, narahatdırlar. Olmasaydılar, aksiyanın “a”sından belə danışmazdılar. Əli müəllimin sözlərilə desək, heç kim “3-5 nəfərin aksiyasına” görə məqalə yazmaz, başını gücə salıb kontur-ideya düşünməz.
Mən Əli müəllimlə polemikaya girmək istərdim. Doğrudan da sizə belə gəlirsə ki, Ictimai Palatanın keçirdiyi aksiyalar 3-5 nəfərdən ibarətdir, o zaman bunca miskin aksiyanı yatırmaq üçün niyə şanlı polis alaylarınızın dizi yerə gəlir, hə? Özünüzün dediyiniz faktlardır: Ictimai Palatanın təkcə 2 aprel aksiyasına görə 150 polisiniz zədə almışdı…
Səmimisinizsə, aşağıdakı variantlardan birini etiraf etməlisiniz:
Bir: ya deməlisiniz ki, sizin əməliyyatçılarınız o qədər çobanvaridirlər ki, aksiyanın 3-5 nəfərdən ibarət olacağını əvvəlcədən heç cür müəyyən edə bilmirlər, ona görə də 3-5 nəfəri zərərsizləşdirmək üçün küçələrə minlərlə polis tökürsünüz;
Iki: ya deməlisiniz ki, müxalifətin 3-5 nəfəri azı, terminator-filandır, onları zərərsizləşdirməyə sizin min polisin də qüdrəti çatmır, yaxud 3-5 müxalifətçi normal insani qabiliyyətdədir, sadəcə, sizin polislər bacarıqsız və qabiliyyətsizdilər;
Üç: yaxud da həqiqətin gözünə dik baxıb, hər şeyi bir kənara qoyub, “3-5 nəfərlik” söhbəti yığışdırmalısınız.
Əli müəllimin bir fikrinə isə ikiəlli dəstək verirəm. Həqiqətən də, “Allah fotoşopu yaradanın atasına rəhmət eləsin, elə şəkillər peyda olacaq ki, təəccüb etməmək mümkün deyil”. Doğrudan da fotoşopu yaratmasaydılar, cəmi bir neçə gün əvvəl Ilham Əliyevi bayraqla bağlı yaranan pərt durumdan birtəhər də olsa, necə çıxarmaq olardı?
Məlumatsız oxucular üçün xatırlatma edək ki, Almaniyada Hillari Klintonla Ilham Əliyev görüşəndə milli bayrağımız səhv asılmışdı. O bayraqda yaşıl rəng yox olmuş, onun əvəzinə göy peyda olmuşdu. Fotoşopun sayəsində Ilham Əliyevin protokol xidmətinin səhvi düzəldi və hakimiyyətyönlü agentliklərin saytında ikirəngli bayraqdan əsər-əlamət qalmadı.
Və ya illər öncə… Rəsmi dövlət qəzetlərimiz fotoşop sayəsində xarüqələr yaramamışdımı? Bu o zamanlar idi ki, Ilham Əliyev elə indiki kimi, ABŞ prezidentilə görüş həsrətindəydi. O zaman hansısa beynəlxalq tədbirdə Ilham Əliyevlər Corc Buşun birgə iştirakını nəzərə alan dövlət qəzetləri fotoşop vasitəsilə onları əl-ələ yapışdırmışdı.
Bu üzdən Əli müəllimin fotoşopun icadçısı üçün həmdüsənaları çox yerindədir və gərəklidir.
Əli müəllimin həmin yazısında daha bir metodoloji səhv var.
Onun iddiasına görə, müxalifətin “Eurovision”a qarşı çıxması xarici qüvvələrin, konkret olaraq, “Soros”-filan kimi təşkilatların işidir.
Əcəb gülməlidir, iş burasındadır ki, “Eurovision” yiyəsi elə Əli müəllimin ittiham elədiyi xarici qüvvələrdir. Məqalənin məntiqindən bu nəticə çıxır ki, Qərb özü-özünü baltalamaqla məşğuldur.
Əli müəllim deyəsən, “Eurovision”la “Muğam müsabiqəsi”ni dəyişik salıb. “Muğam müsabiqəsi”nə qarşı nəsə etiraz-filan olsaydı, Ictimai Palatanı “anti-milli qüvvə” kimi yaxşıca yamanlaya bilərdiniz.
Əli müəllim, indilikdə sizə yenidən xəyallar qurmaq qalır. Qış gecəsi uzun olur, oturun, daha samballı böhtanlar tapın.