Azərbaycanın nakam şairi Əli Kərimın dillər əzbəri olan bir misrası var:
Sən mənim qədrimi biləsən deyə,
Bu cavan yaşımda ölümmü indi?
Şeirin bu misrası Türkiyə-Azərbaycan münasibətlərinin gərginləşdiyi bu günlərdə yadıma səbəbsiz düşməyib. Türkiyə mediası sağ olsun, bir gün də bizi yad etmədən keçmirlər. Hər gün yazırlar, Azərbaycan hakimiyyətinə qulaqları vərdiş etmədikləri sözləri eşitdirirlər. Axırıncı dəfə Türkiyə mediası bizim ölkəyə bu cür diqqəti iki il əvvəl – “bayraq krizi” yaşananda ayırmışdı.
Azərbaycan insanı əzici Əliyev hakimiyyətilə çarpışır, vuruşur, qurbanlar verir, amma Türkiyə mediası bunu görməyə tənbəllik edib. Çağırışlarımıza ən yaxşı halda, “iç işinizə karışmayırız” cavabını veriblər. Türkiyə telekanalları Mozambikdə buzovun qarnına ərəb əlifbası ilə hansısa sözün yazılmasından reportaj hazırlamağa daha çox amadə olub, nəinki əllərinə “Azadlıq!”, “Ədalət!” yazılan şüarları qaldırıb şərin üzərinə savaşa qalxan azərbaycanlı mübarizlərdən…
Ancaq böhran anlarında nə iç iş yada düşür, nə də dış… Indi adam az qalır, Əli Kərimsayağı arzulasın ki, abilər Azərbaycanı diqqətdə saxlasın deyə, həmişə aramızda böhran yaşansın.
Hava da rejimə qarşıdır…
Hava ki normadan azca kənara çıxdı, təkcə sıravi vətəndaşlar yox, elə hökumətin də qara günləri başlayır. Əlahəzrət Ilham Əliyevin “kafelli-metlaxlı” abadlıq işlərini 2 dərəcəlik şaxta zibilə döndərmək imkanındadır. Eyni halı, yayda, məsələn, temperaturun normadan 2 dərəcə aşması da təkrarlaya bilir. Buna görə də bir dostumuz haqlı olaraq, gözəl ifadə etdi ki, bu rejimi ən böyük ifşaedici qüvvə nə “WikiLeaks”dir, nə də müxalifət, ana təbiət şəxsən özüdür!
Qar adi və gözəl təbiət hadisəsidir. Ancaq yarıtmaz idarəetmə ucbatından biz onun səfasını dadmağa həsrətik. Qar yağanda həmişə ürəyim titrəyir. Səbəbsiz deyil, hərbi xidmətimi Murovda keçmişəm. Mən bilirəm, bu qarlı-şaxtalı hava əsgər və zabitlərimiz üçün necə dəhşət deməkdir. Donvurma, pnevmaniya, qar uçqunu… Qış-qar ordu üçün düşmən qədər qənimdir.
Ancaq tək bunlar deyil ki… Hərbidən kənar, mülki vətəndaşlarımız, guya, qara hazırdılar? Bu şaxtalı havalarda yüzminlərlə azərbaycanlı ocağı istilikdən məhrumdur. Azərbaycan hakimiyyəti dünyada enerji siyasətilə qürrələnir, yunana, yəhudiyə neft-qaz satmağı üstün məziyyəti kimi gözə soxur. Bu cür elementar alverçilik bacarığı ilə fəxr eləmək üçün insan ancaq və ancaq mübarizqurbanlılar səviyyəsinə düşməlidir.
Dünya ilə neft-qaz alveri etmək qabiliyyətli siyasət deyil. Hakimiyyətə o zaman “sağ ol” düşərdi ki, xalqına sərvətlərindən istifadə etmək imkan yaradaydı. Bizim zülmümüzə baxın, öz sərvətlərimizdən özümüz dada bilmirik.
Rus işğalı
Rusun vaxtında – bu, o zaman idi ki, biz işğal altında olduğumuzu, təbii sərvətlərimizin yağmalandığını düşünürdük – bizim kəndimizdə bütün evlərdə maye qaz yanırdı. Dərhal arayış verim ki, kəndimizdən heç bir oliqarx, nazir çıxmayıb. Yəni, xüsusi üstünlüyü olan bir yaşayış yeri kimi, qazla təmin olunmuşlardan deyildik. Minlərlə kənd kimi, bizim kəndin də enerji problemi səssiz-küysüz həll edilmişdi. Elə ki, 1993-cü ildə xalqın tələbilə “ulu öndər” hakimiyyəti qəsb elədi, o gündən kəndimizdə qaz boruları və avadanlıqları müasir muzey əşyalarına çevrilib. Qışın bu soyuq havası bizə soyuq başla düşünməyə fürsət verir: Işğalın hansı daha şiddətlidir: rusunku, ya əliyevlərinki? Hansı işğalçı bizə daha amansızlıqla qənim kəsilib?
Prezident kürsüsü
Bilmirəm hardan oxumuşdum, yaxşı bənzətmə idi, yazırdılar ki, həyat velosiped sürmək kimidir, gərək daim hərəkətdə olasan, dayandın, yıxılacaqsan. Mənə elə gəlir ki, bu tövsiyəyə bizim ölkədə əməl edən bir nömrəli adam elə bir nömrəli adamdır – yəni, qibleyi-aləm Ilham müəllim. Bu adamın hərəkət trayektoriyasını gözdən keçirəndə adamın başı gicəllənir. Insan da bu qədər səfər edərmi? Yəqin, Ilham müəllim qəti şəkildə özünü inandırıb ki, bir ay heç yana səfər etmədən öz kürsüsündə oturmaq onun sonunu gətirəcək.
Nə desən olar…
Mən təsəvvür edirəm, illər sonra ondan soruşacaqlar: Ilham müəllim, 10 il oturduğunuz prezidentlik kürsüsü necə bir şeydir, onu bizə anladarsınızmı?
Ilham müəllim cavab verəcək: “Vallah, mənim özümə də anladan gərəkdir, heç orda oturdummu…”.
Ancaq çoxları onu başa düşməyəcək…