Sizə bir sirr açım: Insanları bəzən hakimiyyətin əzəməti qorxudur, hakimiyyətin arxasında olan top-tüfəng, ordu, nizami dəstələr adamlarda mübarizə şövqünü aşağı salır.
Əlbəttə, ilk baxışdan ağlabatandır da; hansı müxalif qüvvənin bu qədər zor qarşısında alternativi, arsenalı var ki? Paradoks da olsa, istənilən inqilabi dəyişiklik ərəfəsində nizami dəstələr, silahlı qüvvələr həmişə kəmiyyət və keyfiyyət baxımından hakim elitanın nəzarətində olur. Buna baxmayaraq, məğlubiyyətdən yaxa qurtara bilmirlər. Bəs bu nə sirrdir?
Sirr-filan yoxdur, məsələ çox bəsitdir. Məsələn, dişinizi düşünün, ağzınızdakı mərmər kimi parlayan bərk dişinizi. Onun sıradan çıxarılmasının iki yolu var. Biri, lap balaca uşağın da bildiyi, fiziki yoldur. Dişinizə bərk metal və əşya toxunub onu mina qatını zədələyə bilər. Ikinci isə sinirlərə bağlıdır. Yəqin, bu fikri birinci dəfə eşitməyəcəksiniz: əsəb dişləri tökür. Bəli, sinir sistemindəki gərginlik təkcə dişi yox, bədənimizdəki ixtiyarı orqanı bərbad etmək gücündədir. Demək istədiyim budur ki, hakimiyyət də insanlardan oluşan canlı bir sistemdir. Yəni, hökm deyil ki, onu mexaniki yolla çökdürəsən. Əsəb davası, güclü arqumentlər savaşı dəmir-daş kimi görünən sistemin bir gün ağac kimi yıxılmasını təmin edə bilir.
Kor-koranə inamsızlıq
Bizdə lap keçmişdən gələn “kor-koranə inanmaq” ifadəsi var. Bu ifadə, ciddi təhlil aparmadan, eşitdiyi bir fikri şüur süzgəcindən keçirmədən ona inananlar haqqında işlənir. Elə günə gəlmişik ki, indi “kor-koranə inanmamaq” sözü daha aktualdır. Yox, mən dini moizələrə başlamayacağam, mövzu başqadır.
Nə gizlədim, toy-yas olmasının fərqinə varmadan, harda həmsöhbət tapıramsa, siyasətdən danışıram. Vətəndaşlarımızın ölkədəki fəlakət dərəcəsinə çatan duruma reaksiyasını öyrənirəm, onların sabaha baxışı barədə fikirlərilə tanış oluram. Əksəriyyət narazıdır – müəllimi də, biznesmeni də, polisi də, ordudakı zabiti də. Nə bilim, bəlkə mənim rastıma çıxanlar belədir. Məsəl var, axı: su axar, çuxurunu tapar. Yaxşısını siz bilərsiniz, səhvə yol verirəmsə, yazın, bədbəxt günlərə qalmayım. Çünki hərə dəfə belə adamları dinlədikdən sonra yazılarımda daha da “qaza basıram”.
Hə, uzaqlaşmayaq, adamlar narazılıqdan danışır, rejimi söyürlər, yamanlayırlar, cəhənnəm atəşilə lənətləyirlər. Bu pisləmə isə bir qayda olaraq, bu fikirlərlə yekunlaşır: “Əşi, bizdə düzələn deyil eee”. Bu isə elə bir andır ki, sanki başıma bir vedrə qaynar su tökürlər. Əsib-coşub geniş miqyaslı çıxışa başlayıram: Gürcüstanı deyirəm, Ərəb ölkələrindəki inqilabları sadalayıram, lap uca səslə Hüsnü Mübarəkin 1 milyondan çox polisi olmasına baxmayaraq, hakimiyyətdən kəllə-mayallaq olduğunu, devrilməmişdən 3 ay əvvəl xalqdan 90 faizlik “etimad qazanan” Ben Əlinin acı sonluğunu danışıram. Qarşımdakı isə “Nuh deyir, peyğəmbər demir”: “Yox e, bizdə alınan deyil”.
Dəli oluram, soruşuram ki, əfəndim, lütf edib deyə bilərsinizmi, siz bu qənaətə hardan, nədən gəlmisiniz? Axırıncı dəfə hansı politoloji ədəbiyyatı, siyasi-analitik məqaləni oxumusunuz? Cavab, “heç birini”dir. Soruşuram ki, bəlkə, sizə göylərdən vəhy gəlir, ondan bilirsiniz? “Əstəğfürullah”, deyir. Di bundan sonra infarkt olma, görüm necə olmursan…
Indi mən iki fikir əlində girinc qalmışam: bilmirəm adamlar şərlə mübarizədən yayınmaq üçün qorxaqlıqlarını bu cür “xroniki inamsızlıqla” ört-basdır edirlər, yoxsa gerçəkdən inamsızlıq bu qədər sizi sarıb?