Dünən internetin Azərbaycan seqmentində, özəlliklə sosial şəbəkələrdə bir söz dönə-dönə təkrarlanırdı: soyuducu. 12 dekabrda soyuducu termininin aktuallaşmasının bəlli bir səbəbi var, lakin bu haqda geniş yazmağı lazım bilmirəm. Təkcə yaddaşları oyadıb xatırlatmaq istəyirəm: Heydər Əliyev 1993-cü ildə hakimiyyəti təzə-təzə ələ keçirəndə cəbhəçi məmurlara necə ironiya edirdi: “Onlar vəzifələrini dondurublar, isti su töküb açmaq lazımdır”. Buna nə tökərsən aşına, o da çıxar qaşığına deyirlər, ona görə rəqiblərə qarşı ifadə seçəndə diqqətli olmaq lazımdır.
Əyilən başlar
Hər il Heydər Əliyevin vəfatı günü onun qəbrini ziyarət edənləri diqqətlə izləyirəm. Bu mənə böyük bir ayin təsiri bağışlayır. Irili-xırdalı məmurların kameraya “işləmək” üçün əldən-ayaqdan necə çıxdıqlarına acıyıram da, gülürəm də. Zarafat deyil, zaman çox qısadır, bir dəqiqədən də az. Hətta yarım dəqiqə. Sən (ziyarətçi) bu qısa vaxt çərçivəsində danışıb eləmədən sədaqətini sübut eləməlisən. Bizim müxalifətçilər seçki zamanı onlara verilən 4 dəqiqəlik efir vaxtından şikayətlənirdilər, mesajlarımızı çatdıra bilmirik, deyirdilər. Mən o dostlarımıza üz tutub deyirəm ki, Heydər Əliyevin ziyarətinə gələnlərə baxıb öz hallarına şükür etsinlər. Bu zavallıların yarım dəqiqəsi var və onlar mesajlarını danışmadan ötürməlidirlər. Dilin yumulmağa məhkum edildiyi yerdə bədənin dili danışmalıdır, buna görə də çarəsiz məmurcığazlar məzarın önündə, az qala ikiqat baş əyirlər. Bu başəymə artıq milli idarəetmənin əsas vahidlərindən birinə çevrilir. Azərbaycanda azca fəallıq edən, vətəndaş mövqeyi göstərən, haqsızlıqla barışmayan insanlara yaxınları və başqaları hansı məsləhəti verirlər? Tapdınız, zənnimcə, “başını sal aşağı, işinlə məşğul ol”.
Başı aşağı olan adam ətrafda nə baş verdiyini görə bilməz. O, heç burnunun ucundan uzağı da görmək imkanında deyil. Başıaşağı adamın belinə minmək üçün bu, çox əlverişli pozisyondur. Başı aşağı adamlarda baş düşünmək üçün də təyinatını itirir. Ancaq başıaşağılılığın salamat qaldığı, şərin təkərləri altına düşməkdən qarantiya olduğunu kim sizə təlqin etməyə çalışırsa, ya bəs deyincə avamdır, ya da agent. Bu ölkədə ən böyük zərbəni dadan da elə başıaşağılılardır. Başıaşağılıq qürursuzluqdur, belə insana hörmət edən az olur.
Mən siyasətlə məşğul deyiləm, mənim siyasi iddiam yoxdur, mən heç bir partiyanın üzvü deyiləm… Bu sözləri biz tanınmışların dilindən eşitməkdən yorulduq, onlar isə yorulmadılar. Insan bir partiyanın üzvü ola da bilər, olmaya da.
Siyasət
Insan siyasətə simpatiya da bəsləyə bilər, antipatiya da. Ancaq Azərbaycan kimi ölkədə ictimai rəyə partiyasız olduğunu, siyasətlə məşğul olmadığını uca səslə və üstünlük kimi deyəndə təzyiqin kəllə-çarxa çıxır. Axı bizdə siyasətçilər, siyasət adamları lüks içində deyillər, onların hər saatı, hər anı riskdir, əsəb sarsıntısıdır. Mən xüsusən müxalifət düşərgəsindəki insanları nəzərdə tuturam, çünki yuxarıdakı “müdrik kəlamlar” adətən, belələrinə xitabən deyilir. Biri durub mənə başa salsın; nəyə görə X partiyasında hər gün şərlə döyüşən, ədalətsizliyə susmayan, özünü avtoritar rejimin hədəfinə gətirən Məmmədi biz X QHT-sindəki Cəfərə nisbətdə az obyektiv saymalıyıq, üstəlik, ona siyasi maraqlar güddüyünə görə irad da bildirməliyik. Axı bu Məmməd işin, yolun asanını seçməyib. Axı o, bəzi “ziyalılar” kimi həqiqətlər barədə mövsümi açıqlamalar vermir, onun həyatı ədalət uğrunda mübarizəyə həsr olunub. Xülasə, sözüm budur: siyasətlə məşğul olmağa cəsarətiniz çatır, olun, olmursunuzsa, buna görə sizi güllələyən yoxdur, barı bu halda fədakar insanların zəhmətini ləkələməyə qalxmayın. Onların əməyini aşağılamayın və əsla düşünməyin ki, siz onların fövqündəsiniz.