Doktor Rafiq Tağını da itirdik. Bu bənzərsiz insan 2006-cı ildə “Alatoran” dərgisində yazmışdı: “Heç kim təminat verə bilməz ki, avtobusda yanında oturan adam qalxıb səni bıçaqlamayacaq”.
Yazdığı kimi də oldu. Hərçənd, Rafiq bəy son məqalələrində Azərbaycanın stabillik yolunda irəlilədiyindən yazırdı. Bu, onu sevənlərin çoxunda məyusluq yaratmışdı, “Azadlıq”dan bir neçə müəllif (onların içində mən də vardım) buna görə doktoru tənqid etmişdi. Məhz bu tənqidləri əldə əsas tutaraq, doktor bıçaqlananda keçirdiyimiz narahatlığı ifadə etdiyimizə görə bizə “riyakar” deyəcək qədər həyasızlıq edənlər də oldu. Guya, iki tənqidi yazı həsr etdiyimiz insanın bıçaqlanması, ölməsi bizim üçün Ilahi bir lütfkarlıq imiş…
Doktorun qətlini radikal dindarlarla bağlayanlar çoxdur, o özü də şübhəni bu istiqamətə yönəltmişdi. Ancaq mən qətiyyətlə bu terrorun Azərbaycan siyasi hakimiyyətindən qaynaqlandığını düşünürəm. Dünən “facebook”da yazarın vəfatı ilə bağlı yazılan yüzlərlə statusdan daha çox birini – Fuad Qəhrəmanlının statusunu bəyəndim. O statusu öz düşüncəm kimi paylaşdım:
“Rafiq Tağınınÿ vəfatı siyasi qətldir. Bu qətllə bir neçə məqsəd planlaşdırılıb:
1. Yazıçının öldürülməsi islamçıların ayağına yazılacaq və əvvəlcədən planlaşdırılmış şəkildə dindar kəsimə qarşı kin və nifrət təbliğatına başlanaraq, toplumda qarşıdurma yaradılmağa çalışılacaq;
2. Bu faktdan istifadə olunaraq dindar çevrələrə qarşı repressiyalar həyata keçiriləcək, onların siyasi müxalif qüvvə kimi təşəkkülünün qarşısı alınacaq;
3. Azərbaycanda Islam terroru barədə beynəlxalq aləmdə təsəvvür yaradılmağa çalışılaraq, iqtidar dəyişikliyinin ölkədə xaosa yol aça biləcəyi barədə yanlış təsəvvür yaratmaq;
4. Ölkə siyasətinin gündəmini dəyişmək, hakimiyyət əleyhinə narazılıqları səngitmək məqsədilə ictimai təlaş və xofu artırmaq, növbəti qurbanın kim olacağı düşüncəsilə insanları gərginlikdə saxlamaq”.
Rafiq Tağının yazıları ilə 90-cı illərin sonundan tanış olsam da, onunla məni ilk dəfə (deyəsən, 2006-cı ildə) “Sahil” bağında, qaranlıqda Qan Turalı tanış etdi. Onun fotodan görünən qalın eynəyi sərt üslubu ilə məndə tam başqa obraz yaratmışdı. Qarşımdakı mülayim, son dərəcə mədəni ədaları ilə seçilən bir insanın Rafiq Tağı olduğu bildiriləndə çaşıb qaldım. Rafiq bəyə elə həmin ərəfələrdə bir məqalədə yazdığı “Səməd Vurğun Tanrının ona verdiyi ilham atını kommunizmin yolunda eşşək kimi işlətdi” fikrini xatırladanda xeyli güldü və üzünü Qan Turalıya tutub dedi: “Ağlımıza gələni yazırıq, elə bilirik ki, oxuyan yoxdur, oxuyurmuşlar ki…”
Rafiq doktorun yazılarına xəyanət etməməsi, prinsipiallığı barədə daha bir xatirəm var. O, həbsdən yenicə çıxmışdı, ANS-in “Dahilərin divanı” verilişinə dəvət almışdıq. Səməd Vurğun müzakirə olunacaqdı. Veriliş başlamazdan öncə bir otaqda oturub gözləyirdik, bu zaman şairin qızı Aybəniz xanım gəldi, bəlli oldu ki, o da iştirakçıdır. Öz-özümə düşündüm ki, vəssalam, Azərbaycansayağı üzgörənlik çətin imkan verə ki, Rafiq bəy Səməd Vurğun haqda yazdıqlarını burda desin. O isə məni yanıltdı Səməd Vurğun haqqında fikirlərini yastı-yastı danışdı.
Biz belə bir insanı itirdik. Uşaq kimi sadə insanı, həkimi və yazarı…
“Onu müdafiəsiz buraxdıq” deyirlər. Guya, kim bu ölkədə qarantiyalıdır ki?.. Bunu o özü hamımızdan yaxşı bilirdi…