Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun dünən qəzetlərdə çıxan müsahibəsindən ağlınız nə kəsdi? Mənim anladığım bu oldu ki, Əli müəllim çox utancaq imiş… Zavallının gününü müxalifət və bir-iki qəzet qara edibmiş, biz də xəbərsizik…
Özü etiraf edib ki, müxalifət liderlərinin danışıqlarını görəndə, müxalifət qəzetlərini vərəqləyəndə utanır, özü də çox utanır. Abırlı adam olmaq belə şeydir, başqasının da eybinə görə adamda məsuliyyət yaradır. Əli müəllim nəhəng adamdır, onunla özümü müqayisə etmək ayıb olar, ancaq nə gizlədim, mən də bəzən onun kimi utanıram.
Məsələn, eşidəndə ki, elə bu dövlətsevər məmurumuzun özü illər uzunu xalqa kitabxana kimi xidmət edən yeri özəlləşdirib özü üçün ev-eşik, biznes mərkəzi edib, mən çox utanıram. Bu kitabxana əvvəlki Beynəlxalq Mətbuat Mərkəzinin qonşuluğunda idi, az qala Bakının simasına dönürdü. Əli müəllim ona əl qoydu və kitabsevərləri çox üzdü, utanc yaradan iş gördü, doğrusu.
Əli müəllimin Eldar Namazovun dövlət vəzifəsindən qovulduğunu deməsi də utandırıcı idi. Ona görə ki, gərək tanınmış dövlət məmuru heç olmaya, hamının ağ yalan kimi qəbul etdiyi sözü bu qədər ucadan deməsin. O isə dedi…
Odlar Yurdunda isə hamıya bəllidir ki, Eldar Namazov Əliyevçi rejimdən öz istefası ilə ayrılan tək-tüklərdəndir.
Sadaladığım iki fakt kifayət edir ki, deyək: Əli müəllim utanmaq limitini özgələr yox, elə özü üçün istifadə etsə, daha yaxışdır. Belə olsa, yer və göy də ondan razı qalar.
Elə buradaca diqqəti Eldar müəllimin üzərinə yönəldək. Əlbəttə ki, o, çoxları kimi mənim də hörmət bəslədiyim ziyalıdır. Lakin çoxları kimi, mən də Eldar müəllimin bir suala hələ də inadla cavab verməməsini başa düşə bilmirəm. Öz aramızdı, neçə ildir qəzet oxuyursunuz, Eldar müəlimin “n” qədər müsahibəsilə tanışsınız, indi sizdən soruşuram: O, vəzifədən niyə istefa verib?
Hə, deyirlər ki, guya, o zaman Heydər Əliyevin Qarabağı ermənilərə təslim etməsinə etiraz olaraq istefa verib.
Mən bunu ciddiyə almıram. Çünki hər deyiləni ciddi qəbul etsək, gərək, Əli Həsənovun da dediklərinə şübhəli baxmayaq. Niyə Eldar müəllim bu istefa müəmmasına aydınlıq gətirmir? Illər keçib, niyə o, yenə də istefası barədə dəhşətli inadkarlıqla susur?
Hörmətli Eldar müəllimlə bağlı daha bir iradı yazım, bitsin. Hamı etiraf etməsə də, qəbul edir və razılaşır ki, Heydər Əliyev xalqımızın sinəsinə çarpaz yaralar vuran, insanlarımızın milli müqavimətini azaldan, xalqda yalançılıq, yaltaqlıq kimi mənvi keyfiyyətlərin pöhrələnməsinə səbəb olan bir lider, dövlət adamı olub. Azərbaycan bu gün də “ulu öndər”in düzüb-qoşduğu problemlərin məngənəsində can verir. Bu gün Eldar Namazov da əslində, heydərizmlə mübarizədədir, onun yalan və talanına qarşıdır. Buna baxmayaraq, o, Heydər Əliyevlə birgə çalışmasını, onun komandasında olmasını üstün bir məziyyət kimi daim vurğulamaqdadır. Halbuki, Əliyevçi rejimin ayaqda qalması üçün verdiyi zəhmətlərə görə Eldar müəllim demirəm ki, çıxıb xalqdan üzr istəməlidir, heç olmaya, bir az aşağı tonda danışmalıdır.
Xəyal indi, gerçək olub
“Ümummilli lider haqqında” qanunun qəbul olunmasını istəyən deputat Jalə Əliyeva heç YAP-ın üzvü deyilmiş. Bu xanım yəqin, “ölməz liderin” dühasını sonradan dərk edənlərdən, bəsirət gözü gec açılanlardandı. Şair sanki bu xanım haqqında yazmışdı ki, “sağlığında qiymət verin insanlara”. Jalə xanımın, Rafiq Əliyevin işdən çıxarılmasına münasibətini “azadlıq.org” saytından dünən oxudum. Deyir ki, “inanmıram ki, belə bir hadisə (yəni, siyasi baxışlarına görə alimin işdən çıxarılması) baş versin”.
Bəs camaatın azarı nədir, Jalə xanım? Bizi də dəhşətə gətirən odur ki, Azərbaycanda inanılmaz hadisələr baş verir. Məsələn, elə sizin səs toplamaya-toplamaya parlamentə düşməyinizə, Mübariz Qurbanlıdan da betər yapçı olacağınıza kim inanardı ki?