Xaliq Bahadır xanbahadir@mail.ru
Böyük, güclü, üstəlik, qonşu dövlət olaraq biz illərlə Rusiyanın Azərbaycanla yaxınlaşmasını istəmişik. Biz illərlə böyük, güclü qonşumuzun bizə sayğıyla, sevgiylə yaxınlaşıb-yanaşmasını, bizimlə dinc qonşuluq axarında yaşamasını istəmişik. Bizim bu istəyimiz, demək olar, yüz illər boyunca gözümüzdə qalıb. Rusiya Azərbaycanı bir yandan özü üçün böyük yem bazasına çevirib, o biri yandan bir-birinin ardınca ağır zərbələr vurub: ölkəmizi parça-parça edib, burada özünə əlaltı dövlət – “Ermənistan” yaradıb.
Indi nə baş verir? Rusiya durmadan bizə yaxınlaşır-yanaşır. Ancaq bu, batan, alovlanıb-yanan bir gəminin bizə yaxınlaşması-yanaşması deməkdir. Bax, belə bir çağında biz Rusiya üçün seviləcək bir ölkəyə çevrilmişik. Bu görsənişin adı belədir: cəhənnəmə gedən özünə yoldaş axtarar. Azərbaycanda yaratdıqları “Ermənistan” azmış kimi Qarabağı da əlimizdən alıb ermənilərə verən indiki yaxınlaşma-yanaşmasında da Rusiya əski siyasətlərindən dönməyərək “Qarabağ Azərbaycanındır” düşüncəsindən qaçır. Bu isə Rusiyanı dağılmağa aparan siyasət zərcirinin bir halqasıdır.
Bakıya D.Roqozin gəldi – gözlədiyindən də artıq sevgiylə qarşılandı. Ondan sonra dünyalarca ünlü kloun-təlxək Jirinovskinin gəlişi gözlənilir. Sözsüz, hökumət Azərbaycan xalqına QOYUN deyən bu kloun-təlxəyi də özümlü bir sevgiylə qarşılayıb yola salacaq – az öncə I.Əiyevi öydüyü üçün. Bunların ardınca MDB ölkələri Institutunun direktoriu Konstantin Zatulin, ona bənzər başqaları gələ bilər -? hamısı da eləcə sevgiylə qarşılanacaq. Bunların adlarını niyə çəkirəm? Bunlar “Qarabağ tarixi erməni toprağıdır” deyə dil boğaza qoymayan Azərbaycan-Türk düşmənləridir. Indi bunlar da, erməni qanlı Lavrov kimi bir çox başqaları da yaxından-uzaqdan bizə dil tökməkdədirlər: quyruqları qapı arasında qalıb!
ABŞ-Avropa sanksiyaları genişlənib-dərinləşdikcə Rusiyada “Krım bizimdir” coşqusu, düzünə qalsa, kütləvi psixozu, keçib getməkdə, bunun yerini getdikcə genişlənib-dərinləşən düşkünlük tutmaqdadır. Putinin gücünə aşırı inamda bulunan ruslar ucqarlarından Dumaya, Kremlədək bütün güney-doğu Ukraynanın Krım kimi bir göz qırpımında Novorossiya adı altında Rusiyaya birləşəcəyini gözləyirdi. Alınmadı: Ukrayna az bir arada Rusiya üçün yeni Əfqanıstana çevrildi – Putinin olduğu kimi ələ keçirəcəyini düşündüyü Luqansk, Donbas, Dnepropetrovski darmadağın edildi, Rusiyaya 2 min (iki min!) əsgər ölüsü daşındı. Arxasında Putin Rusiyasının dayandığı bu savaşın, bu qanlı qırğının haçağadək, bəlkə də, ən başlıcası, haralaradək sürəcəyini indidən kimsə bilməz. Ancaq burası indidən bəllidir: Putin Rusiyanı sürəkli olaraq çöküb-dağılma bataqlığına batırdı. Bakıdakı bəlli MEYVƏLI BAZARIN üzü bütünlüklə Rusiyaya döndərilsə belə, Rusiya indi salındığı bataqlıqdan qurtara bilməyəcək: nə alma-armud bataqlığı bitirəsidir, nə bataqlq alma-armudu.
Düzünə qalsa, bu gün Rusiya-Azərbaycan adına bir-birinə yaxınlaşan-yanaşan iki ölkə deyil, hər baxımdan bir-birinə bağlı iki korrupsioner-kriminal rejimdir. Dünyanın indiki çağında, indiki geopolitik dartışmalar içində, onların bir-birinə arxa durmaqdan, bir-birinə yardımçı olmaqdan başqa yolları yoxdur. Yollar kəsişib: demokratiya yolları ilə diktatura yolları. Su axıb çuxurunu, taylı tayını tapır. Bu gün Azərbaycanda baş verənlər, demək olar, bütünlüklə Rusiyada da baş verir: korrupsioner-kriminal rejim siyasətləri içində hökumətdən ayrı qurumlar – yurddaş toplumu diktatura basqılarına uğrayır, ölkə getdikcə daha çox YASAQLAR qaranlığına bürünür…
I.Əliyev etdiyi kimi Putin də korrupsiya ilə aldadıcı çarpışma sürəcinə belə, son qoyaraq onsuz da yaxşı aylıq alan bürokratiyanın aylığını daha da artırır. Beləliklə, getdikcə toplumdan uzaqlaşan prezident istər-istəməz özünü bürokratiya bataqlığına batırmış olur…