Azərbaycan hakimiyyəti Kremlin ermənilərə dəstək siyasətinə niyə etiraz etmir?
Hikmət Hacızadə: «Azərbaycan hakimiyyəti etirazların onlar üçün baha başa gələcəyindən ehtiyatlanır»
“Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin mayın 3-də qanunsuz ”parlament seçkiləri" keçirməsi Azərbaycan Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır". Bunu Xarici Işlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev bəyan edib. H.Hacıyev deyib ki, Azərbaycanda siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Konstitusiyası və qanunları təşkil edir: “ATƏT-in Minsk qrupu həmsədrlərinin sülh sazişi üzərində işə başlamaq barədə çağırışlarına məhəl qoymayaraq, Ermənistan tərəfdən ”seçki" adı altında atılan bu təxribatçı addım yalnız danışıqlar prosesinə xələl gətirmək və Azərbaycana qarşı işğal və təcavüzü pərdələmək məqsədi daşıyır".
Hikmət Hacıyev xatırladır ki, bu seçkilərin tanınmadığı ATƏT-in Minsk qrupu həmsədrlərinin aprelin 30-dakı bəyanatında da vurğulanır.
O, özünü müşahidəçi adlandıran şəxslərin Azərbaycan qanunlarını kobud şəkildə pozduğunu da bildirib: “Özünü ”müşahidəçi" elan edən bu şəxslərin fəaliyyəti işğal, təcavüz və Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmənin nəticələrinin təşviqinə xidmət edir. Slovakiya vətəndaşı Frantisek Mikloskonun halında olduğu kimi, işğal olunmuş ərazilərə qanunsuz səfər edən və Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozan bu kimi “müşahidəçi”lərə münasibətdə də cinayət təqibinin başlana biləcəyi istisna deyil".
Slovakiya vətəndaşı Frantisek Miklosko barəsində əməliyyat-istintaq hərəkətləri davam etdirilir. O, Interpol vasitəsilə axtarışa verilib.
Eyni münasibət nazir Şahin Mustafayevin bir neçə gün öncə iranlı və italiyalı həmkarı ilə görüş zamanı sərgilənib. Ş.Mustafayev hər iki ölkənin nazirinə bildirib ki, onlara məxsus şirkətlər Qarabağ ərazisində fəaliyyət göstərirlər.
Amma burada ikili standartlar hökm sürür. Çünki Azərbaycan hakimiyyəti Qərb dövlətlərini ermənipərəstlikdə ittiham etsə də, Rusiyaya qarşı eyni ritorika ilə danışa bilmir. Məsələn, bu günlərdə məlum oldu ki, Rusiyanın faydalı qazıntıların axtarışı və hasilatı ilə məşğul olan “Geologix Group” şirkəti Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində qızıl hasilatına başlamağa hazırlaşır. Amma bu məlumatın üzərindən sükutla keçildi. Eyni zamanda “eməni soyqırımı” ilə bağlı Rusiyanın atdığı addımlara da Azərbaycan tərəfindən reaksiya gəlmədi.
Bu yanaşmanı necə dəyərləndirmək olar? Azərbaycan hakimiyyəti nəyə görə Rusiyaya münasibətdə ehtiyatlı mövqe sərgiləyir?
Politoloq Hikmət Hacızadənin fikrincə, yürüdülən bu siyasət təsadüfi xarakter daşımır. Bunun bir neçə səbəbi var. H.Hacızadənin sözlərinə görə, birinci səbəb Azərbaycan hakimiyyətinin Rusiyanın ola biləcək təzyiqlərindən çəkinməsidir: “Azərbaycan hakimiyyəti Rusiyanın Gürcüstana törətdiklərini onun da başına gətirilə biləcəyindən qorxur. Ona görə də Azərbaycan Rusiyanın bu cür fəaliyyətinə reaksiya verə bilmir. Azərbaycan hakimiyyəti etirazların onlar üçün baha başa gələcəyindən ehtiyatlanır. Ona görə baş verənlərin üzərindən sükutla keçir”.
H.Hacızadə eyni zamanda vurğuladı ki, daha bir səbəb Azərbaycan hakimiyyətinin Rusiya iqtidarına simpatiyası ilə bağlıdır. “Azərbaycan hakimiyyətində Rusiyaya böyük sevgi var. Bu sevgidə Rusiyaya qarşı fərqli siyasətin yürüdülməsinin səbəbidir”, deyə H.Hacızadə vurğuladı.
Xəyal