Əli Həsənov: «Ukrayna uğrunda beynəlxalq güclər necə mübarizə aparırsa, Azərbaycan uğrunda eyni mübarizə gedir»
Fuad Qəhrəmanlı: «Azərbaycanın milli maraqları bu gün Qərbə inteqrasiya kursunun seçilməsini zəruri edir»
Azərbaycan hakimiyyəti təmsilçilərindən növbəti dəfə maraqlı açıqlama gəlib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ciddi etirafda bulunub. Ə.Həsənov “ANS”ə açıqlamasında deyib ki, Azərbaycanın geiosiyasi, geoiqtisadi və geostrateji dəyəri çox yüksəkdir: “Azərbaycan Cənubi Qafqazın o ölkəsidir ki, Qara dəniz hövzəsində Ukraynanın oynadığı rolu oynayır. Bu gün Ukrayna uğrunda beynəlxalq güclər necə mübarizə aparırsa, Cənubi Qafqazda öz geosiyasi, geoiqtisadi və hər geostrateji maraqlarını təmin etmək üçün də Azərbaycan uğrunda mübarizə gedir”.
Ə.Həsənov daha sonra Azərbaycanın geosiyasi önəminin altını cızaraq bildirib ki, ölkəmizin geosiyasi önəmi nəzərə alınmalıdır: “Azərbaycanın hansı cəbhədə dayanacağı, hansı blokun yanında yer alacağı və hansı bloka qarşı istifadə ediləcəyi məsələsi beynəlxalq güclərin maraq çərçivəsindədir. Təsəvvür edin ki, dünyanın yeganə alternativ enerji mənbəyi hardadır? Azərbaycandadır. Eləcə də dünyanın yeganə alternativ nəqliyyat kommunikasiya xətlərinin başlandığı, bitdiyi və əlaqələndirici ölkəsi haradır? Azərbaycandır. Dünyanın hərbi geostrateji mövqeyində mövcud dəyişiklik edə biləcək, yəni Xəzərə NATO-nun çıxışını təmin edəcək ölkə hansıdır? Azərbaycan. Bu gün NATO qoşunlarını Əfqanıstana daşıyan bütün hərbi dəhliz Azərbaycan üzərindən keçir. Azərbaycan günü sabah Xəzərin qapısını açıb NATO-nu ora buraxsa nə olacaq? Və yaxud da Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulub NATO-ya qarşı blokda yer alsa nə olacaq?”.
Maraqlıdır ki, hakimiyyət təmsilçisinin bu etirafı Ukrayna ilə Azərbaycanın müqayisəsi fonunda təqdim olunur. Bu isə o anlama gəlir ki, Azərbaycan hakimiyyəti Azərbaycanın da Avrointeqrasiya yolu ilə getməsinə əngəl törədir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, dövlət siyasəti müəyyən edilərkən ilk növbədə ölkənin milli maraqlarının, strateji hədəflərinin nədən ibarət olması aydın təsbit edilməlidir. F.Qəhrəmanlının sözlərinə görə, dövlətin xarici siyasət oriyentasiyası məhz bu məqamlara uyğun olaraq seçilməlidir: “Təəssüf ki, Azərbaycan hakimiyyəti məsələyə bu prinsiplə yanaşmır, əksinə, sanki Azərbaycan uğrunda rəqabətin getməsindən qürrələnir. Problemin Azərbaycan üçün önəmli tərəfi o deyil ki, ölkəmiz uğrunda rəqabət gedir. Əhəmiyyətli məsələ odur ki, Azərbaycan bu rəqabət müstəvisində doğru-düzgün seçim edə bilirmi? Hakimiyyət məsələnin birinci hissəsində qapanıb qalmaqla, digər məsələni boş buraxmış olur. Geopolitik rəqabətdə sanki Azərbaycan öz taleyini müəyyən etmir. Azərbaycanın milli maraqları bu gün Qərbə inteqrasiya kursunun seçilməsinə zərurət yaradır. Azərbaycanın siyasi, iqtisadi, təhlükəsizlik maraqları məhz Qərbə inteqrasiya kursunun götürülməsinə bağlıdır. Amma təəssüf ki, Azərbaycan bu kursu seçməkdən imtina edərək Qərb bloku ilə rəqabətdə olan Rusiyanın yanında yer alıb”.
F.Qəhrəmanlının sözlərinə görə, regionda baş verən proseslərin fonunda Azərbaycanın mövqeyi çoxdan müəyyənləşib. Çünki Azərbaycan Rusiyanın yanında yer alıb və Qərbə inteqrasiya kursunda maraqlı olmadığını ifadə edir: “Azərbaycan Qərblə ticari partnyorluq münasibətləri saxlamaqla kifayətlənməyə çalışır. Bu cür vəziyyət isə ona gətirib çıxarır ki, Azərbaycan nə təhlükəsizlik sahəsində maraqlarını təmin edə bilir, nə iqtisadi islahatlar həyata keçirə bilir. Azərbaycan siyasi baxımdan dünyadan təcrid olunduğuna görə, Azərbaycan region, qlobal proseslərə öz təsirini göstərə bilmir. Bu da ölkənin daxili inkişafında ciddi problemlərin yaranmasına gətirib çıxarır”, deyə F.Qəhrəmanlı vurğuladı.
Onun sözlərinə görə, Azərbaycan mövcud geosiyasi durumda milli maraqlarımıza uyğun gəlməyən mövqedən çıxış edir. Azərbaycan hakimiyyətinin bu yanlış seçimin hesabını verməli olduğunu düşünən F.Qəhrəmanlı bildirdi ki, hakimiyyətin Azərbaycanın geosiyasi önəmini həddindən artıq şişirtməsi də yanlış yanaşmadır: “Artıq Azərbaycanın enerji ixracatçısı kimi əhəmiyyəti azalmağa doğru gedir. Xüsusilə Iranla Qərb arasında gedən danışıqları, enerji bazarına yeni oyunçunun daxil olmasını nəzərə alsaq, Azərbaycan əvvəlki önəmini itirməkdədir. Ona görə Qərb siyasətçiləri də dəfələrlə bildiriblər ki, enerji bazarında baş verən dəyişikliklər Azərbaycanın önəminə təsir edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox cüzi paya sahibdirsə, bu rolu şişirtməyə ehtiyac yoxdur”.
F.Qəhrəmanlı daha bir məqama diqqət yönəltdi və bildirdi ki, əgər əvvəl Azərbaycana münasibətdə enerji maraqları əsas götürülürdüsə, Azərbaycanın enerji ixraçatçısı kimi əhəmiyyətinin azalmasının nəticəsidir ki, hakimiyyətin bütün cəhdlərinə baxmayaraq, bu gün Azərbaycana münasibətdə beynəlxalq aləmdə kəskin, tənqidi fikirlər səslənir: “Azərbaycanda baş verən qanun pozuntularına, seçki saxtakarlığına, repressiyalara qarşı açıq, tənqidi, birmənalı mövqe bildirilir. Bu da önu göstərir ki, Azərbaycanın enerji ixracatçısı kimi əhəmiyyəti mütləq, hər şeyi üstələyəcək səviyyədə deyil. Bu cür açıqlamaların verilməsi onunla bağlıdır ki, Azərbaycan getdikcə dünya və regional siyasətdə əhəmiyyətini itirir, siyasi təzyiqlərə məruz qalır. Indi də daxili auditoriyaya bu cür mesajlar verməklə Azərbaycanın önəmini vurğulamağa çalışır. Amma proses o istiqamətdə gedir ki, Azərbaycan özünü bu gün dünya birliyindən təcrid edir və Rusiyanın vassalına çevrilir”.
Hikmət