Prezidentin tapşırığından sonra qiymətlər ucuzlaşmayıb
Hakimiyyət xalqı aldatmaq siyasətini davam etdirir. Heç bir ifşa, heç bir fakt bu yalan siyasətini yavaşlada bilmir. Əvvəlcə milli valyutanın sabit qalacağı vədini verdilər. Amma az müddətdən sonra manat 34 faiz “arıqladı”. Ardınca manatın qiymətdən düşməsinin bazarda qiymət artımına səbəb olmayacağı vədi verildi.
Amma bu vəd də havada qaldı və əbütün məhsullarda qiymət artımı müşahidə olundu. Daha sonra ölkə başçısı qiymət artıranlara barmaq silkələdi və bu adamları “natəmiz” adlandırdı. Amma bu barmaq silkələməsindən sonra ilk olaraq hakim ailəyə yaxın olan “Azərsun holdinq” qiymətləri 17 faiz qaldıracağının anonsunu verdi. Bugünlərdə isə ölkə başçısı dərman pereparatlarının qiyməti ilə bağlı narahatlığını ifadə etdi və ciddi nəzarətin həyata keçiriləcəyi vədini verdi. Amma yenə də “köhnə hamam, köhnə tas” şüarı qüvvəsindədir.
Iqtisadiyyat və Sənaye Nazirliyi dərmanların qiyməti ilə bağlı məsələyə münasibət bildirib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev Lent.az-a deyib ki, manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə ÿnazirlik fevralın 21-dən etibarən qəbul etdiyi Tədbirlər Planına uyğun olaraq gücləndirilmiş nəzarət tədbirləri həyata keçirib: “Görülən işlərin nəticəsi olaraq əsas ərzaq məhsulları, o cümlədən dərman preparatları üzrə bazarda qiymətlər sabit və stabildir”.
Görəsən bu rəsmi açıqlamalarla kimi aldatdıqlarını düşünürlər? Axı hər bir vətəndaş bazara gedir, aptekdən dərman alır və s. Yəni hamı real mənzərənin şahididir və qiymət artımını müşahidə edir. Siqaretdən tutmuş, tikinti materiallarına qədər bütün məhsulların qiymətində artım müşahidə olunur. Manatın devalvasiyasından sonra artan qiymətləri əvvəlki vəziyyətinə qaytarmaq mümkün olmayıb. Yəni bunun üçün siyasi iradə olmayıb və “ənənə” davam edir. Çünki, bütün sahələr monopoliyadadır və 20 dəfə baha qiymətə vətəndaşın ixtiyarına verilib. Sadəcə olaraq bu ölkədə vətəndaşa yalan danışmaqdan asan heç nə yoxdur. Çünki, vətəndaş bu yalanın hesabını sormur, izahat tələb etmir. Ona görə rəsmi açıqlamalarda özlərinə sərf edən nədirsə, onu deyirlər. Əsas odur ki, “prezidentin tapşırığına əməl olunur” deyilsin. Reallıqda bunun əks olunması o qədər də vacib deyil.
Rəsmi açıqlamaları o qədər ciddi şəkildə yayırlar ki, guya məmurların bazardan xəbəri yoxdur. Necə ola bilər ki, məmur ölkəyə gətirdiyi məhsulun bazarda hansı qiymətə satıldığından xəbərsiz olsun?
Nazirliklərdə də, Prezident Aparatında da real qiymətlərdən xəbərdardılar. Sadəcə olaraq ölkə bazar kimi idarə edildiyinə görə, ictimaiyyətə də bazar standartlarına uyğun açıqlama verilir.
S.Novruz