2014-dəki yeyintilərin, bu il təkrarlanma ehtimalları nə qədərdir?
Vahid Məhərrəmli: «Belə görünür ki, məmurlara «Aqrolizinq»in saxlanılması sərf edir»
Hesablama Palatasının hesabatında “Aqrolizinq” ASC-nin fəaliyyəti ilə bağlı ciddi faktlar yer alıb. Bununla bağlı qəzetimizin ötən sayında məlumat vermişdik. Sənəddə deyilirdi ki, hesabat ilində dövlət büdcəsindən “Aqrolizinq” ASC-yə ayrılan və təkrar istifadə edilən vəsaitlərin istifadəsinə dair audit keçirilib. Bundan başqa 2011-12-ci illərdə 25 halda qeyri-rezidentlərlə bağlanan satınalma müqavilələrinin icrası zamanı onlara ödənilən quraşdırma xərcinə görə hesablanmalı vergilər hesablanmayıb, dövlət büdcəsinə ödənilməli vəsait qeyri-rezidentlərə artıq köçürülüb.
Büdcə və Tərəfdaşlıq Fondunun vəsaitləri hesbına 4 hüquqi şəxsə ödənilən vəsaitə görə mal alınmadığı və ya iş yerinə yetirilmədiyi halda, müvafiq sənədləşmələr tərtib edilərməklə debitor borcundan silinib.
Azot gübrəsinin alınması barədə 2011-ci il 11 may tarixli satınalma müqaviləsi üzrə məbləğ icarəçiyə əvvəlcədən ödənilib, müqaviləyə dəyişiklik edilərək azot gübrəsinin çeşidi və qiyməti dəyişdirilərək nitroammafoska və ammofos gübrələrinin alınması razılaşdırılıb, nəzərdə tutulandan az azot və nitroammofoska gübrəsi, çox ammofos gübrəsi alındığı rəsmiləşdirilib.
Bu sahədə vəziyyətin ürəkaçan olmadığı I.Əliyevin keçirdiyi son müşavirədə səslənən iradlardan da bəlli oldu.
Amma kənd təsərrüfatının inkişafı məqsədilə dövlət başçısı bu sahəyə əlavə vəsaitlərin ayrılması ilə bağlı sərəncam imzalayıb.
Onlardan biri “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında sərəncamdır. Sərəncamda qeyd olunur ki, baş verən quraqlıqların mənfi təsirinin aradan qaldırılması, su təminatının yaxşılaşdırılması məqsədi ilə “Aqrolizinq” tərəfindən fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt müəyyən edilsin.
Bundan başqa I.Əliyev Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat ayrılsın. Məqsəd Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan Azərbaycan Aqrar Elm Mərkəzinin, onun regional bölmələrinin, habelə tabeliyindəki elmi tədqiqat institutlarının yenidən qurulması və müasir laboratoriya avadanlığı ilə təchiz olunmasıdır.
Bəs dövlət büdcəsindən bu ayırmaların aqibəti necə olacaq? Onlar istiqaməti üzrə xərclənəcəkmi?
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli bildirdi ki, “Aqrolizinq”in xidmət göstərdiyi bütün bölgələrdə mənimsəmə faktları, fermerlərə ayrılan vasitələrin onlara çatmadığı ilə bağlı məlumatlar yayılır. Gübrələrin yalnız yararsız hala düşdükdən sonra fermerlərə verildiyini deyən V.Məhərrəmli onu da qeyd etdi ki, bu da onu deməyə əsas verir ki, görüntü yaratmaq üçün gübrə saxlanırmış və dövlətin vəsaiti silinirmiş: “Belə faktlar kifayət qədər var. Ümumiyyətlə mən gözləyirdim ki, 2015-ci ildə bu qurum birdəfəlik ləğv ediləcək. Təşəbbüs göstəriləcək ki, bu sahədə özəl qurumlar fəaliyyət göstərsin. Təəssüflər olsun ki, bu baş vermədi. Bu da onu düşünməyə əsas verir ki, dövlət məmurlarına ”Aqrolizinq"in saxlanılması sərf edir. Aprelin 15-16"da Avropa Ittifaqının Riqada təşkil etdiyi tədbir çərçivəsində fermer təsərrüfatına baş çəkdik. Həmin təsərrüfatın rəhbəri bir müddət əvvəl Avropadan məhsuldar cins inəklərin hər birini 1300 avro dəyərində aldığını qeyd etdi. Halbuki “Aqrolizinq” xətti ilə ölkəmizə gətirilən inəklər 3-4 dəfə baha qiymətə, 4-5 min avro dəyərində sənədləşdirilib".
Kənd təsərrüfatına subsidiyaların veriləmsinə 2007-ci ildən balandığını deyən ekspert vurğuladı ki, subsidiyalar verilməyənə qədər Azərbaycanın buğda idxalı indikindən iki dəfə az idi. “Subsidiyaların bir hissəsi mənimsənildi. Bir hissəsindən ola bilsin kəndlilər bəhrələndi. Amma buğda üçün ayrılan 80 manatdan ölkəmiz səmərə görmədi. Bu gün ölkənin buğdaya olan ehtiyacı tamamilə idxalın hesabına ödənilir. Bu o deməkdir ki, qeyri-səmərəli biznesi stimullaşdırırlar. Bu normal hal deyil. Bu ona gətirib çıxarır ki, maliyyə vəsaiti ayrılır, amma onun heç bir səmərəsi yoxdur”.
Hikmət