Komitəyə görə, martda inflyasiya 0,9 faiz olub
«Qiymətlərin aşağı salınması istiqamətində gərəkən addımlar atılmayıbsa və yaxud manatın ucuzlaşma prosesi davam edibsə, bunlar qiymət artımını şərtləndirən amildir»
2015-ci ilin mart ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri (inflyasiya) əvvəlki ayla müqayisədə 0,9 faiz bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, martda ərzaq məhsullarının qiymətləri 1,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb.
Komitənin məlumatında qeyd olunur ki, ay ərzində toyuq ətinin, yumurtanın, göyərtinin qiymətlərində ucuzlaşma, buğda ununun, düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, kərə yağının, qarğıdalı və zeytun yağlarının, limonun, portağalın, narınginin, bananın, almanın, armudun, qozun, fındığın, şabalıdın, kələmin, xiyarın, pomidorun, kökün, çuğundurun, soğanın, sarımsağın, kartofun, spirtli içkilərin, tütün məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub.
Mart ayında qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebel və ev əşyalarının, məişət cihazlarının, kiçik elektrik cihazlarının, iri və kiçik alət və avadanlıqların, minik avtomobili və minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətləri bahalaşıb.
Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən MDB ölkələri üzrə hava və dəmiryolu sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunub (marja.az).
Onu da qeyd edək ki, Moody ‘s kredit-reytinq agentliyi Azərbaycan üzrə 2015-ci il üçün iqtisadi artım, inflyasiya və büdcə balansını əhatə edən proqnozunu yeniləyib: ÜDM artımı proqnozu 4,3%-dən 1%-ə azaldılıb.
Inflyasiya səviyyəsi 3,9%-dən 9%-ə artırılıb.
Büdcə kəsiri ÜDM-in 1,8%-i əvəzinə 10% proqnozlaşdırılır.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, Statistika Komitəsinin qiymət və əmək haqlarının artırılması ilə bağlı açıqladığı rəqəmlər təkcə Azərbaycan xalqını deyil, bütün dünyanı təəccübləndirə bilir. N.Əliyevin sözlərinə görə, həqiqətən də rəqəmlərin real gerçəkliklə uyğun olmamasını, arada böyük fərqin nəzərə çarpmasını gizlətmək çətindir. Fevralın 21-dəki devalvasiyadan sonra bazardakı qiymətlərin artmasının müşahidə olunduğunu deyən N.Əliyev bildirdi ki, hazırda idxalın əmtəə bazarlarındakı çəkisi 50 faizə yaxınlaşıb: “Əgər manat xarici valyuta qarşısında kəskin şəkildə ucuzlaşdırılıbsa, dolların, avronun manata nəzərən məzənnəsi 34 faizdən çox bahalaşıbsa, yalnız idxalın ölkə daxilində əmələ gətirdiyi qiymət artımı 14-15 faiz edir. Amma buna baxmayaraq Statistika Komitəsi 0.9 faizlik qiymət artımından danışır. Və ya Statistika Komitəsi özü bu yaxınlarda məlumat yaymışdı ki, yanvarla müqayisədə fevralda makaron, vermişel 26.5, şəkər tozu 23.6, çay 21.4, duz 19.8, qarabaşaq 18.3, manna yarması 12.7, düyü 12.4, buğda unu 10.6, baş soğan 35.7, kartof 14.6, kələm 13.5 faiz bahalaşıb. Və yaxud da tütün məmulatlarının 44.5, məişət cihazlarının qiyməti 33.8, kompüter cihazlarının qiymətləri 27.5, hava nəqliyyatı ilə sərnişindaşıma 21.9 faiz, dəniz nəqliyyatı ilə sərnişindaşıma xidmətləri 37.3 faiz artıb. Bu siyahıda yer almış ərzaq və qeyri-ərzaq məhsulları əhalinin daha çox istehlak etdiyi mallardır. Statistika Komitəsi özü rəsmi şəkildə bu qədər artımların mövcudluğu ilə bağlı açıqlamalar ortaya qoyursa, ondan sonrakı dövrdə qiymətlərin aşağı salınması istiqamətində gərəkən addımlar atılmayıbsa və yaxud manatın ucuzlaşma prosesi davam edibsə, yerli məhsulların ucuzlaşması baş veribsə, idxalın həcmi 43 faizdən çox artıbsa, o zaman bütün bu baş verənlər qiymətlərin daha sürətlə artımını şərtləndirən amillərdir. Bütün bunlardan sonra necə iddia etmək olar ki, qiymətlər mart ayı ərzində 0.9 faiz artıb”.
N.Əliyev bildirdi ki, hətta Statistika Komitəsinin məlumatlarının nəzəri cəhətdən düz olduğu düşünülərsə, o zaman ölkədə əhalinin alıcılıq qabiliyyətinin pisləşdiyini söyləməmək mümkün deyil. N.Əliyevin sözlərinə görə, komitə bundan başqa belə bir məlumat da açıqlayıb ki, guya fevral ayı ərzində muzdlu işçilərin əmək haqqının miqdarı 444.50 qəpik olub. Bu rəqəmi yanvar ayı ilə müqayisə etsək, o zaman bəlli olacaqdır ki, qiymət artımının fonunda muzdlu işçilərin əmək haqqı cəmi 10 qəpik artıb. Bu isə 0.2 faiz artım deməkdir. “Əgər iddia etsək ki, fevral ərzində inflyasiya səviyyəsi 4 faiz olub, o zaman aydın olur ki, qiymətlərin bahalaşma sürəti əhalinin əmək haqlarının artım sürətini 178 dəfədən çox üstələyib. Əmək haqlarının artım sürəti ilə qiymətlərin bahalaşma sürəti arasında bu dərəcədə kəskin fərqin əmələ gəlməsi əhalinin alıcılıq səviyyəsinin pisləşməsi deməkdir”.
Xəyal