Ukrayna prezidenti Pyotr Poroşenko Dnepropetrovsk vilayətinin qubornatoru İqor Kolomoyskini tutduğu vəzifədən azad edib. Bu barədə məlumat Ukrayna prezidentinin rəsmi saytında yerləşdirilib.
Qubernator-oliqarx Kolomoyskinin tutduğu vəzifədən azad edilməsi ilə bağlı məsələ onun prezidentlə görüşü zamanı razılaşdırılıb. Poroşenko bildirib ki, Dnepropetrovsk vilayəti Ukraynanın şərqində sülh və sabitlik məkanı kimi qalmalıdır.
Kolomoyskinin tutduğu vəzifədən uzaqlaşdırılmasının başlıca səbəbi onun prezidentlə münasibətlərinin pisləşməsi olub. Bir həftə öncə Ukraynanın Ali Radası Səhmdarlar Cəmiyyəti haqda qanun qəbul edib. Bu qanunun qəbulu Kolomoyskinin ürəyincə olmayıb. Kolomoyski “Ukrtransnaft” və “Ukrnafta” şirkətlərində böyük payı olan şəxs kimi tanınır. Qanunvericiliyə edilmiş dəyişikliyə görə, səhmdarların ümumi yığıncaqlarının keçirilməsi üçün kvorum əvvəlki 60 faizdən “50+1”ə endirilib. Bu dəyişiklikdən sonra “Ukrtransnaft”ın rəhbəri Aleksandır Lazorko tutduğu vəzifədən azad olunub. Lazorko Kolomoyskinin adamı kimi tanınır. Onun işdən uzaqlaşdırılması Kolomoyskini qəzəbləndirib. Kolomoyski hətta baş vermiş hadisə ilə bağlı ona sual ünvanlayan jurnalisti təhqir etməkdən belə çəkinməyib. Prezident Poroşenko bu hadisəyə görə ona töhmət elan edib.
Ukrayna Təhlükəsizlik Xidmətinin Rəhbəri Valentik Naliyavçenko Kolomoyskin Adminstrasiyasını “bandit qruplarını” dəstəkləməkdə ittiham edib. Poroşenko öz növbəsində bildirib ki, “cib orduları”nın mövcudluğuna son qoyacaq.
azadliq.info