«Banklara vətəndaşlar indi daha az etibar edir»
Məhəmməd Talıblı: «Banklarda əmanətlərin həcmi artmayacaq, amma problemli kreditlərin xüsusi çəkisi artacaq»
Manatın məzənnəsinin aşağı düşməsi vətəndaşlara iki istiqamətdə ziyan vurmuş oldu. Birinci istiqamət dollarla kredit ödəyən şəxslərə dəyən ziyandır. Ölkədəki 20 milyard manatlıq kredit paketinin bir hissəsi dollarla götürülən kreditlərin payına düşür. Ikinci bir ziyan isə banklara manatla əmanət qoymuş vətəndaşlardır ki, onların da əmanətləri bir gün ərzində 34 faiz dəyərsizləşdi. Hər iki hal bank sektoruna ziyan vurmuş oldu.
Birinci halda problemli kreditlərin sayı artacaq ki, bu da son nəticədə banklara ziyan vurmuş olacaq. Əmanətlərin dəyər itirməsi isə bankların yenicə bərpa olunmuş nüfuzunu sarsıtmış olacaq.
Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, əgər iki il bundan öncə problemli kreditlərin nisbəti 2 dəfə artmışdısa, sonrakı il bu statistika nisbətən səngidi. Amma bu il, xüsusilə də manatın devalvasiyasından sonra vəziyyət daha da gərginləşəcək: “Xüsusilə dollarla kredit götürən müştərilər üçün vəziyyət daha çətin olacaq. Həm devalvasiyadan itkilər olacaq, həm də bazarlarda bahalaşma vətəndaşların xərclərini artıracaqdır. Bu isə sonda onun ödəmə qabiliyyətini çətinləşdirəcək. Belə ödəmə qabiliyyəti zəifləyən vətəndaşlarımızın kreditlərin ödənişində gecikmələr etmək məcburiyyətində qalacaq ki, bu da sonda banklarda məcmu kreditlərin səbətində problemli kreditlərin həcminin artması ilə müşahidə olunacaq”. M.Talıblının sözlərinə görə, problemli kreditlərin artması bankların kapitallaşma səviyyələrinə neqativ təsir göstərəcək. Ona görə də yaxın gələcəkdə banklarda bu risklərin yaranmasının qarşısının alınması üçün Əmantələrin Sığortalanması Fondu əmantələrin faiz dərəcələrinin yüksəlməsinə qərar verib. M.Talıblı bildirdi ki, Əmanətlərin Sığortalanması Fondu da bazardakı boşluqdan istifadə edib daha yüksək əmanət dərəcələri təklif edərək (9%-dan 12%-ə qaldıraraq) ona nail istəyir ki, əmanətlərin cəlb olunması hesabına monetar riskləri aradan qalxsın. “Halbuki, indi bank sektoru cazibədarlığını itirməkdədir. Banklara vətəndaşlar indi daha az etibar edir. Artıq çox vətəndaş əmanətlərini banklarda faiz gəlirlərinə oturmaqdansa, gözləmə mövqeyi durmağı daha üstün hesab edir. Çünki, əmanətlərin sığortalanması üçün bəlkə də indiki halda banklar münasib məkan deyil. Məncə banklarda əmanətlərin həcmi artmayacaq, amma problemli kreditlərin xüsusi çəkisi artacaq. Çünki, banklardan bəzilərinin sıradan çıxmaq ehtimalları var. Bu zaman banklara bütöv halda etimal etmək doğru olmaz”, deyə ekspert vurğuladı.
M.Talıblının sözlərinə görə, valyuta səbətlərindəki konvertasiyadan gəlir götürmək imkanı indi daha çox realdır, nəinki əmanətlərin faizlərindən: “Nəzərə alanda ki, hələ ötən aydan faiz gəlirləri vergilərə cəlb olunub. Bu zaman əmanətçilərin gəlirləri daha da risk altına düşmüş olur”.
Xəyal