Hakimiyyət yarıtmaz siyasətini Qarabağla sığortalamaq istəyir
Artıq elə bir zaman yetişib ki, hakimiyyətin mahiyyətini üzə çıxarmaq üçün canfəşanlıq etməyə, sübutlar axtarmağa ehtiyac qalmayıb. Hər addımda hakimiyyət təmsilçiləri bir-birini təkzib edir, özünüifşaya imza atır və etiraf etmək məcburiyyətində qalır.
Əvvəla, neftin qiymətdən düşməsi bir daha sübut etdi ki, “uğurlu iqtisadi inkişaf” iddiası ağ yalan imiş. Yəni, iqtisadiyyatın bərbad vəziyyətdə olduğu, qeyri-neft sektorunun “şikəst” vəziyyətə salındığı aşkar şəkildə göründü. Ardınca manat 35 faiz dəyərdən düşdü və bəlli oldu ki, manatı süni şəkildə saxlamaq üçün milyardlar havaya sovrulub. Daha dəqiq ifadə etsək, milyardlarla manat vəsait yalnız “bizim güclü valyutamız var” demək üçün israf olunub. Artıq əhaliyə ağır zərəblər dəyməkdədir, ərzaq məhsullarının qiyməti durmadan artır və digər sahələrdə də qiymətlərin artacağı proqnozlaşdırılır.
Bütün bunları xatırlatmağımıza səbəb, Milli Məclisin spikeri Oqtay Əsədovun orijinal nəsihəti oldu. Əvvəlcə Oqtay Əsədov dolların məzənnəsinin qalxmasının əhalinin əməanətlərinə ziyan vurmadığını iddia edib. Daha sonra manatın qiymətdən düşməsini belə izah edib: “Azərbaycanın valyuta ehtiyatları var, ancaq nə qədər mümkündür manatın məzənnəsini qoruyub saxladılar, indi yenə də qorunacaq, ancaq fikirləşmək lazımdır ki, qarşıda hər cür işlər ola bilər. Münaqişə həll olunmayıb, yəni müharibə ola bilər. Biz rezervlərin hamısını bu məzənnəyə görə itirə bilmərik”.
Diqqət edirsinizsə hakimiyyət həmişə çətin duruma düşəndə, yartımaz siyasəti ifşa olunanda “bizim Qarabağ kimi dərdimiz var” şüarı işə düşür. Indi də Mərkəzi Bankın açıq şəkildə xalqı aldatmasından, ölkə başçısının “manatın kursu sabit qalacaq” vədindən sonra, Qarabağ kartından istifadə edirlər. Hakimiyyət bilir ki, Qarabağ məsələsi ilə “sarı sim”ə toxunur və bu faktordan özünümüdafiə kimi istifadə etmək olar.
Amma Oqtay Əsədov bu “arqumenti”ilə hakimiyyəti növbəti dəfə ifşa etmiş oldu. Çox maraqlıdır, niyə Qarabağ məsələsi indi yada düşür? Niyə rezervlərin xərclənməsinə indi qənaət edilir? Cavab aydındır, ölkəni büdcəsi neftdən asılı vəziyyətdədir və neftin qiymətdən düşməsi valyuta ehtiyatlarının azalacağını zəruri edir. Yəni, manatın məzənnəsinin saxlanması üçün xərclərdən imtina edilməsi, Qarabağ məsələsi ilə bağlı deyil.
Əvvəla, sual meydana çıxır. Niyə, milyardlarla manat pul xərcləyib manatı süni şəkildə şişirdirdiz ki, indi də belə vəziyyətlə qarşılaşasınız? Digər tərəfdən müharibə haqqında fikirləşən hökumət, lazımsız layihələr niyə milyardlar xərcləməliydi?
Dünyanın hər yerində xeyriyyə layihələri həyata keçirəndə, gül bayramına milyonlar səpələyəndə, Avropa banklarına milyonlar yerləşdirnədə, offşor zonalara milyardlar daşıyanda, gömrük rüsumlarını mənimsəyəndə Qarabağ niyə yada düşmürdü?
Bu hakimiyyətin müharibə etmək, Qarabağ münaqişəsinin həllinə nail olmaq istəyi olsaydı, nə milyardlarla pul xərcləyib mənasız yarışmalara qatılardı, nə də ölkəni bir qrup adam arasında bölüşdürərdi.
22 ildir ölkənin sərvətlərini talan edəndə Qarabağın dərdi yada düşmədi. Milyardların davamı kəsiləndə, “qara günə” pul saxlamaq qərarına gəliblər. Təhsili, səhiyyəni, hüquq sistemini məhv edəndə, vətəndaşa dilənçi maaşı verəndə, işsizlik ölkəni bürüyəndə, rezervlərdən istifadə olunmadı. Əksinə, bütün rezervlər şəxsi ciblərə getdi.
Ona görə də yaxşı olar ki, Oqtay Əsədov hakimiyyətin yarıtmaz siyasətinin acı nəticələrini Qarabağın hesabına sığortalamasın. Hamı bu hakimiyyətinin əsl dərdinin nə olduğunu yaxşı bilir.
Akif