Yanvarın 21-i AXCP sədrinin müavini Fuad Qəhrəmanlının doğum günüdür. Bu münasibətlə partiya sədri Əli Kərimli onu ətbrik edib. Facebook səhifəsində paylaşdığı təbrikdə AXCP lideru yazır:
“Əziz Fuad bəy! Sizi 40 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm!
Siz çox gənc yaşlarınızdan AXCP-yə qoşulmusunuz. Mübaliğəsiz demək olar ki, öz ailənizlə paralel həm də AXCP ailəsində böyüyüb, püxtələşmisiniz. İndi də gənc olmanıza baxmayaraq, artıq bir neçə ildir ki, AXCP sədrinin müavini vəzifəsini ləyaqət və bacarıqla yerinə yetirirsiniz.
Azərbaycan cəmiyyəti sizi gənc yaşlarınızdan geniş və mütərəqqi fikirli siyasətçi, peşəkar politoloq kimi qəbul edir. Heç təsadüfi deyil ki, hələ 23 yaşınız olanda yazdığınız “Müxalifətin mitinq taktikası” adlı analitik yazı hökuməti qorxuya salmışdı. Bu analitik yazı o zaman parlamentdə müzakirə edilmiş, nəticədə siz həbs olunub, çox gənc yaşlarınızda bir ildən artıq siyasi məhbus həyatı yaşamışdınız. Sonrakı illərdə də siz özünüzü müxalifət düşərgəsinin əsas ideya və fikir adamlarından biri kimi təsdiq etdiniz. AXCP-nin, qoşulduğumuz siyasi birlik və blokların proqram və seçki platformalarının hazırlanmasında hər zaman yaxından iştirak etdiniz. Eyni zamanda müxalifətin son illərdə keçirdiyi bütün kütləvi aksiyaların əsas təşkilatçılarından, öndə gedənlərindən biri olmusunuz. Fəxr edirəm ki, həyatda indiyə qədər qarşınıza çıxmış bütün çətinlikləri mərdlik və cəsarətlə aşa bilmisiniz.
Fuad bəy, siyasətdə əldə etdiyiniz uğurlara baxmayaraq, siz hələ gəncsiniz, xüsusilə də siyasət üçün. Sizin intellektual səviyyəniz, işgüzarlığınız, cəsarətiniz və sabitqədəmliyiniz mənə imkan verir əmin olum ki, qarşıda sizi daha böyük uğurlar gözləyir.
Fuad bəy, sizi bir daha yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Sizə can sağlığı, ailə səadəti, siyasi fəaliyyətinizdə uğurlar, xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, Allah sizə hər zaman Azərbaycan dövlətinin və xalqının inkişafı və rifahı naminə çalışmağı nəsib etsin!”