Bu iki ölkə arasındakı anlaşma Qarabağı xilas edə biləcəkmi?
Vəfa Quluzadə: «Türkiyə ilə Rusiyanın yaxınlaşmasının Qarabağ probleminin həllinə təsir edəcəyi qeyri-realdır»
Rusiya ilə Türkiyə arasındakı yaxınlaşma, qaz sahəsindəki razılaşmalar Azərbaycan tərəfindən birmənalı dəyərləndirilmir. Türkiyə mətbuatında Rusiya ilə Türkyənin yaxınlaşmasının Azərbaycanın maraqlarına toxunduğu qeyd olunsa da rəsmi Bakı fərqli yanaşma sərgiləyir.
“Regionda sabitliyin və etimadın daha yüksək səviyyəyə çatdırılması buradakı bütün münaqişələrin nizamlanmasına müsbət təsir edə bilər”. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan, Rusiya və Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması nöqteyi-nəzərindən yaxınlaşması məsələsini şərh edərkən jurnalistlərə deyib.
X.Xələfov bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiya, eləcə də regionda mühüm rol oynayan və Ermənistanla həmsərhəd olan Türkiyə bu münaqişənin həllinə böyük təsir göstərmək imkanına malikdirlər.
Nazir müavini qeyd edib ki, ölkələr arasında əlaqələrin möhkəmlənməsi ilə yanaşı, Azərbaycanla əlaqələr fonunda da Rusiya ilə Türkiyənin səyləri arta bilər.
Onun sözlərinə görə, Türkiyə və Rusiya regionun aparıcı ölkələridirlər və Azərbaycan ilə qonşudurlar: “Biz hər iki ölkə ilə ən yüksək səviyyədə münasibətlər qurmağa çalışırıq. Azərbaycan Türkiyə və Rusiya ilə etibarlı əlaqələrə, strateci xarakterli münasibətlərə malikdir. Ona görə də güman edirəm ki, Azərbaycanın Türkiyə və Rusiya ilə əlaqələrinin inkişafı bizim maraqlarımıza uyğundur və biz bunu alqışlayırıq”.
Bəs, həqiqətənmi Türkiyə ilə Rusiyanın yaxınlaşması Azərbaycanın maraqlarına uyğundur və bu proses Qarabağın həllinə kömək edə bilər?
Türkiyə ilə Rusiyanın yaxınlaşmasının Azərbaycanın maraqlarına cavab vermədiyini deyən politoloq Vəfa Quluzadə hesab edir ki, iki dövlət arasındakı münasibətləri yaxınlaşma adlandırmaq olmaz. Iki dövləti yalnız maddi marağın birləşdirdiyini deyən V.Quluzadə bildirdi ki, SSRI çökdükdən sonra Rusiya Türkiyə üçün geniş bazara çevrilib: “Türkiyə bu bazardan külli miqdarda pul qazanıb və onu ölkəsinin inkişafına sərf edib. Türkiyə NATO-nun üzvüdür. Gərək Türkiyə NATO-dan çıxsın ki, bu iki dövlət arasındakı maraqlar üst-üstə düşsün. Hazırda ABŞ yeni silahlar ixtira edir. Bütün bunlar Rusiyaya bir cavabdır. Ona görə düşünmürəm ki, hazırda dünyada yaranmış durum nəzərə alınarsa Türkiyə Rusiya ilə əlaqələri daha da inkişaf etdirəcək”.
Türkiyə ilə Rusiyanın yaxınlaşmasının Azərbaycanın xeyrinə olmadığını düşünən V.Quluzadə bildirdi ki, Türkiyənin gündəmində Qarabağ məsələsi yoxdur. “Rusiya isə əksinə Qarabağ problemini saxlayaraq iki ölkəni Ermənistan və Azərbaycanı istismar etmək istəyir. Rusiya ilə Türkiyənin yaxınlaşması necə baş verə bilər axı? Rusiya çətin problemlərlə üz-üzədir. Belə problemlər yaşayan ölkə heç kimlə yaxınlaşa bilməz. Mən dövlət strukturlarının deydiyini şərh etmək istəmirəm. Amma Türkiyə ilə Rusiyanın yaxınlaşmasının Qarabağ probleminin həllinə təsir edəcəyi qeyri-realdır. Çünki Rusiya gərək imperiya maraqlarından əl çəksin. Bu isə hələlik müşahidə olunmur”.
Xəyal