Daha bir müsavatçı partiyanı tərk etdi
Müsavat Partiyasında qurultaydan sonra yaranmış gərginlik getdikcə daha da artır. Xüsusən, partiyanın noyabrın 23-də keçirilən ümumrespublika müşavirəsində Isa Qəmbərin çıxışı, onun Arif Hacılıya açıq-aşkar dəstək verməsi narazılıqları bir qədər də dərinləşdirib.
Partiya daxilində baş verənlərə etiraz olaraq, bir neçə gün əvvəl Müsavatdan istefa verən Əlövsət Talışxanlı “Azadlıq”a açıqlamasında bildirib ki, onu təəccübləndirən xüsusən Isa Qəmbərin Mərkəzi Nəzarət-Təftiş Komissiyası ilə bağlı fikirləri oldu: “Son 25 ildə öz məntiqi ilə digərlərindən kəskin fərqlənən Isa Qəmbər, Müsavatın ümumrespublika müşavirəsində çıxış edənlər arasında ən məntiqsizi idi. Ən acınaqlısı isə, onun düşdüyü indiki vəziyyətdir.
Isa Qəmbəri tərəf olmaqda qınayan Əlövsət Talışxanlı indiki MNTK-nı qeyri-legitim hesab edir: “Əvvəlki komissiyanı tərəf olmaqda ittiham edənlər isə unudurlar ki, həmin tərkibin ayrı-ayrı üzvləri Vurğun Əyyubun, Sülhəddin Əkbərin, Arif Hacılının tərəfdarları ola bilərdilər, lakin Isa Qəmbər o dövrdə partiyada tərəf olmadığına görə MNTK-nın qəbul etdiyi qərarlar kiminsə istəyi ilə həyata keçirilə bilməzdi. O özü də bunu çox gözəl bilirdi. Əgər MNTK o zaman partiya başqanına və ya digər strukturların rəhbərlərinə qarşı olsaydı belə, bu, ancaq Müsavatdaxili demokratiyaya xidmət edərdi”.
Əlövsət Talışxanlı qeyri-legitim başqan saydığı Arif Hacılının partiyada azlığın – öz qrupunun lideri olduğunu da bildirib: “Bu səbəbdən də indiki MNTK-nın Arif Hacılının tərəfində olmasını əvvəlki MNTK-nın partiyanın rəhbər şəxslərinin tərəfində olması ilə eyniləşdirmək böyük qərəzdir”.
“Müsavat rəhbərliyini IŞID-lə müqayisə edən bir insandan nə gözləmək olardı?!”
Müsavat başqanının müavini Nüşabə Sadıqlı partiyanın Zəngilan rayon təşkilatının sədri Rüfət Əliyevin istefasına münasibət bildirib. Nüşabə Sadıqlı APA-ya açıqlamasında deyib ki, Rüfət Əliyev Müsavat rəhbərliyini IŞID terror təşkilatına bənzədib: “O demişdi ki, Müsavat rəhbərliyində təmsil olunan insanlar IŞID-in tərəfdarlarından pisdir. Bu cür müsavatçıdan istefadan başqa daha nə gözləmək olar ki? Müsavat Partiyasının rəhbərliyini IŞID-lə müqayisə edən adamın özünü müsavatçı adlandırmağı düzgün deyildi. Ancaq yenə də mən buna təəssüflənirəm. O bildirir ki, Hikmət Hacızadənin olmadığı partiyada qalmaq istəmir. Hikmət Hacızadəni kimsə Müsavatdan çıxarmayıb. O, öz ərizəsi ilə istefa verib”.
Müsavat partiyası Divanının üzvü Nemət Kərimli də Rüfət Əliyevin istefasına münasibət bildirib: “Divanın son iclasında qərar var idi ki, Zəngilan rayon təşkilatının genişləndirilmiş şurası keçirilsin və onun fəaliyyəti müzakirə edilsin. Rüfət Əliyev də qabaqlayıcı addım atdı”.
Bu arada, Müsavatın Suraxanı rayon təşkilatının fəallarından Faiq Nağıyev də partiya daxilində yaranmış vəziyyətlə əlaqədar istefa verdiyini açıqlayıb.
“Arif Hacılının tərəfdarları da onu tərk edəcək”
“Məni Müsavat Partiyasından çıxarsalar da, bu təşkilata üzv olan yaxın dostlarıma, qohumlarıma, tərəfdarlarıma onların da bu partiyanı tərk etmələri üçün müraciət etməmişəm” – bunu isə “modern.az”a başqanlığa keçmiş namizəd, bir müddət əvvəl partiyadan xaric olunan Səxavət Əlisoy deyib.
Onun fikrincə, tərəfdarları Müsavatdan çıxmaq qərarını özləri verə bilərlər. Səxavət Əlisoy bildirib ki, Müsavat Partiyasının bir neçə rayon təşkilatının sədri Arif Hacılının apardığı siyasətə qarşı etiraz bəyanatı vermək niyyətindədir: “Lakin biz onları bu addımı atmaqdan hələlik saxlamışıq. Çünki Arif Hacılıdan narazıların yaxın zamanlarda çox ciddi açıqlamaları və bəyanatları olacaq. Mən və Qubad Ibadoğlu bununla bağlı çox ciddi müzakirələr aparırıq”.
Səxavət Əlisoyun sözlərinə görə, yaxın günlərdə Müsavat rəhbərliyindən narazılar nə edəcəkləri, hansı addımlar atacağı barədə açıqlama verəcəklər.
Başqanlığa keçmiş namizəd tərəfdarlarının Adil Qeybulla ilə yaratdığı “Siyasi Dialoq və Islahatlar Mərkəzi”nə gələcəyi anonsunu da verib: “Mümkündür ki, dostlarımız elə burda da fəaliyyətlərini davam etdirsin”.
Səxavət Əlisoy onu da bildirib ki, Müsavat başqanı Arif Hacılının tərəfdarları da bir müddətdən sonra ona qarşı çıxacaq: “Artıq onun tərəfdarlarının eyforiyası da azalır. Deyəsən, onlar Müsavatda baş verən proseslərin ciddiliyini anlamağa başlayırlar. Bu da növbəti istefaların qaçılmaz olduğunu göstərir”.
“Bizim gizlədəcəyimiz heç nə yox idi”
Bu yaxınlarda “Yeni Müsavat”da Azər Rəşidoğlunun “Müsavatı çalxalayan agent kimdir?” başlıqlı məqaləsi çap olunub. Məqalədə müəllif qeyd edir ki, istefada olan DTK polkovniki ilə müsahibə alıb, sonda müsahib 1988-ci il hərəkatı zamanı bir şəxsin agent olduğunu deyib. Azər Rəşidoğlu vurğulayıb ki, indi Müsavatdakı proseslərin arxasında ilk baxışdan görünməyən bir funksionerin kölgəsi görünür və sovet DTK-sı vaxtilə ondan agent kimi istifadə edib.
Vurğun Əyyub “teleqraf.com”a deyib ki, bu məsələni ona qarşı yönəldiblər: “Ad çəkməyə cəsarət etmirlər. Çünki ad çəksələr, məhkəmə məsələsi olacaq, bunu sübut etmək lazım gələcək. Vaxtilə DTK polkovnikinin müsahibəsi gedəndə belə qeyd vermişdilər ki, polkovnik Çənlibelə sədrliyə öz adamını gətirdiyini deyib. Qeyd hissədə isə deyilirdi ki, Çənlibelin bir sədri olub – Vurğun Əyyub. Yəni, dolayısı yolla mənə işarə edirlər. Ancaq Çənlibelin başqa sədri də olub və Məhəmməd Hatəminin təkidi ilə həmin şəxsi sədr seçiblər, sonra isə çıxararaq yerinə məni sədr seçiblər. Həmin sədr Hatəminin gətirdiyi şəxs idi. O zaman Çənlibelin iclasları açıq gedirdi, mikrofonla danışılırdı. Bu da müsahibəsində deyir ki, iclaslardan məlumat əldə edirmiş. Onsuz da çıxışlar açıq idi və kim istəsə eşidə bilərdi. Bizim gizlədəcəyimiz heç nə yox idi”.
Vurğun Əyyub qeyd edib ki, zamanında bu haqda fikirlərini deyib: “Mən müsahibəmi verib xaricə getmişəm. Bu o qədər gülməlidir ki, heç danışmağa dəyməz. Bəlkə də bu haqda yazacağam. Məni Çənlibelə ”sədr” təyin etdiyini deyən polkovniki həyatımda cəmi bir dəfə görmüşəm, bu da 1997-ci ildə olub. Ancaq həmin şəxsə heç Əbülfəz Elçibəy hakimiyyəti zamanı da DTK-da iş verilmədi. Axı bizim 1988-ci ildə hansı gizli işimiz var idi ki, biz bunu gizlədək? Bir daha qeyd edirəm ki, Çənlibelin başqa bir sədri olub. Azər Rəşidoğlu ad çəkmir və bütün şübhələr də beləcə Çənlibelin sədri kimi Vurğun Əyyuba yönəlir. Ancaq bir daha qeyd edirəm ki, heç kim bilməsə də, Çənlibelin Idarə Heyətinin üzvləri bilir ki, Ədalət Ziyadxanov adlı rejissor da qısa müddətə sədr olub. Yalan təbii ki, adamı incidir, sadəcə mən hədsiz dərəcədə rahatam. Narahatçılığım odur ki, kiminsə adından anonim istifadə edib başqasına ləkə yaxmaq yaxşı hərəkət deyil. Onlar məhkəmə perspektivindən çəkinərək adımı çəkmirlər. Mən ömrümdə jurnalisti məhkəməyə verməmişəm, amma ad çəksələr, bu dəfə verəcəyəm. Adımı çəkməsələr belə xüsusi yazı ilə çıxış edərək, hadisələrin nədən ibarət olduğunu yazacağam”.