Onu həbsdən yazdığı müraciətlə “vurdular”
“Xəyanət İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edənləri gətirib qərargahda ön sırada oturtmaqdır”
Qalmaqallı qurultaydan sonra Müsavatda yaranan gərginlik istefalarla davam edir. Partiyanın yeni başqanı seçilən, amma qarşı tərəfin legitim saymadığı Arif Hacılı isə Müsavatdan gedənləri “xəyanətkar” adlandırıb. Onun bu ittihamı cavabsız qalmayıb. Partiyadan istefa verən gənclər ona sərt şəkildə cavab veriblər.
Müsavat Gənclər Təşkilatının partiyadan istefa verən artıq keçmiş sədri Əhliman Abbaslı “teleqraf.com” saytına açıqlamasında Arif Hacılını ehtiyatlı bəyanatlar verməyə çağırıb: “Təklif edirəm ki, Arif Hacili bir qədər ehtiyatlı danışsın. Xəyanətdə ittiham etməyə başlasaq, 1993-dən bu günə qədər olan xəyanətlər və xəyanətkarlar üzə çıxacaq. Bu da nə Arif Hacılıya, nə də onun dostlarına sərf edəcək. Rəsulzadə yoluna və yoldaşlarına xəyanət etmiş adamların başqasını xəyanətdə günahlandırması təəssüf doğurur. Mən və Müsavat Partiyasından istefa verən digər gənclər məhz o adamların demokratik hərəkata, partiya yoldaşlarına etdikləri xəyanətə görə bu addımı atmışıq”.
Əhliman Abbaslı hesab edir ki, bundan sonra hər kəs sakitcə öz yolunu davam etdirməlidir: “Yollarını ayıranlar haqqında böhtanlar yağdırmasalar daha yaxşı olar. Çünki bizim artıq o adamlar kimi bir dərdimiz yoxdur. O adamların atdıqları addım bizim üçün maraqsızdır. Psevdomuxalifət təşkilatları, cib muxalifəti ilə bir sırada oturanlar mən deyiləm. Ən azından tutduqları siyasi kursu, müttəfiqlərini göz önünə gətirib “xəyanət” sözünü dillərinə gətirməsinlər”.
Partiyadan son hadisələrə görə istefa verənlərdən biri, gənc fəal Amid Süleymanov isə Arif Hacılının ittihamına facebook-da münasibət bildirib.
“Müsavatdan gedənlərin getmə səbəblərini öyrənib, səbəbləri araşdırmaq əvəzinə gedənlərə xəyanətkar demək çox yanlışdır. Gözəl, dərin düşünən başqandır…”, – deyə o, yazıb.
Amid Süleymanovun bu qeydi daha sonra müzakirəyə səbəb olub. Onun qeydinə rəy yazanlar ya Arif Hacılının ittihamına fikir verməməyi tövsiyə edib, ya da Amid Süleymanovla eyni mövqeni bölüşüblər.
Elçin Cərullazadə adlı gənc müsavatçı “Müsavatda olmayıb mübarizə aparmaq nə vaxtdan xəyanətkarlıq olub ki” deyə sual edib.
“Mübarizə aparmaq üçün mütləqdir ki, partiya mənsubiyyətin olsun? Xəyanət İlham Əliyevi prezident seçilməsi münasibətilə təbrik edənləri gətirib qərargahda ön sırada oturtmaqdır. Xəyanətkar dünən dediyinin bu gün əksinə gedənlərdir. Belə insanlar həm özlərinə, həm əqidələrinə, həm dostlarına, həm də getdikləri yola xəyanət ediblər”, – deyə Elçin Cərullazadə daha sərt yazıb.
Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı müzakirəyə qoşulub və gəncləri Arif Hacılının ittihamından qorumaq istəyib: “Bəylər, sizin yeriniz valideynləriniz kimi, hamımızın Müsavatıdır. Rəhbərlər gələrlər, gedərlər… Partiya qalar, ideologiya qalar”.
Bunun ardınca Rauf Məmmədli adlı başqa bir müsavatçı gənc müzakirəyə qatılaraq Arif Hacılını ittiham edib: “Eurovision” keçirildiyi vaxtlar biz 2 apreldə həbs edilmiş şəxslərə azadlıq tələbi ilə mitinq keçirib, dünyanın diqqətini yüzlərlə siyasi məhbusu olan ölkəyə yönəltdiyimiz bir dönəmdə həbsdən İlham Əliyevə müraciət yazmaq nə idi bəs? Əsl xəyanət elə o idi”.
Rauf Məmmədli daha sonra Arif Hacılının xatırlatdığı müraciətindən sitat paylaşıb: “A.Hacılı müraciətində bildirib ki, “Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qələbəsi, bu populyar yarışmanın ölkəmizdə keçirilməsi dövlətimiz və millətimiz üçün mühüm hadisədir: “Məncə, biz bütün dünyanın diqqətinin Azərbaycana yönəldiyi indiki məqamdan xalqımızın və dövlətimizin nüfuzunun artması, dünya birliyində yerinin möhkəmlənməsi üçün bir fürsət kimi istifadə etməyə borcluyuq. Bu fürsətin necə əldən verildiyini həbsxana divarları arxasından kədərlə izləyirəm. Təsadüfi deyil ki, yalnız ermənilərlə məhdudlaşmayan bədnam qonşularımız “Eurovision” yarışması ərəfəsində öz çirkin niyyətlərini həyata keçirmək üçün daha intensiv və daha aqressiv fəaliyyətə keçiblər”.