Biz xüsusən son illərdə ölkəmizdə keçirilən çox saylı müxtəlif adlı simpoziyumlara, forumlara şahiddik. Bu tədbirlər həmişə cansığıcı təsir bağışlayır. Ciddi görkəmli, ölçü-biçili danışan adamlar barədə hazırlanan xəbərələr də elə onların özləri qədər adamayovuşmaz olur. Fəqət bu günlərdə əldə etdiyim bir material bu baxımdan müstəsna dərəcədə fərqli və maraqlıdır. Material dediyim şey, Türk Tarix Qurumunun əməkdaşı Orhan Fuat Köprülü Bakıda iştirak etdiyi 6 günlük (06-13 iyun, 1991-cil il) elmi tədbirlər barədə müşahidələri, təəssüratlarıdır.
Bu məqalə bizə artıq heç də yaxın tarix sayılmayan 23 il əvvəlin Azərbaycanına kənar gözlə baxmaq imkanı verəcək, həm də ciddi və kədərli simpoziumların arxa planların da göstərəcək.
***
Qısa məlumat üçün bildirim ki, Orhan F. Köprülü (1920-2006) məşhur türk ictimai-siyasi xadimi Fuad Köprülünün oğludur. Fuad Köprülü Azərbaycan ədəbiyyat tarixini də incələmiş böyük şəxsiyyətdir. O, 1926-ci ildə Bakıda keçirilən 1-ci Türkoloji qurulayda iştirak edib, məruzəçi olub.
Seymur Baycan sanki məşhur alimdən plagiat edib
Haqqında danışdığımız yazı “Türk Kültürünü Araşdırma İnstitut”unun “Türk kültürü” dərgisinin may buraxılışında dərc edilib. Orhan bəy yazır ki, Türk Tarix Qurumunun 32-i üzvü Azərbaycan Elmlər Akademiyasının dəvəti ilə 06-13 iyun 1991-cil ildə ölkəmizdə səfərdə olub. Bu səfər maya planlaşdırılsa da büroktarik əngəllər onu ləngidir. Akademiya hansı mövzuları müzakirə edib, bu haqda müəllif çox xəsisliklə məlumat verir, bəlli olur ki, Atatürkün doğum günü münasibəti ilə məruzəçilərdən biri Əbülfəz Elçibəy olub. Onun çıxışı da coşqu ilə qarşılanıb. Hə, bir də alimlər kiril əlifbasının latına dəyişdirilməsindən söz açıblar.
Bəs bu bir həftəlik konfranslardan türk alimi nələri yazıb? Belə deyək, əsas mövzudan başqa hər şeydən. Məqalədə diqqət çəkən daha çox budur: az qala hər abzasda türk alim qarşılaşdığı ziyafətlərdən, el dili ilə desək, yeyib-içməkdən bəhs edir. Bu məqam o qədər sıx-sıx təkrarlanır ki, adam çaş-baş qalır ki, əcaba, oxuduğu bir alimin elmi konfrans barədə məqaləsidir, yoxsa Seymur Baycanın romanı?
Azərbaycanın ayıq və sayıq aeroport xidməti
Bizim bu günlərdə ölkəmizə gəlib, gedən adamların aeroportda başına gətirilməyən iş qalmır. Uzun-uzadı yoxlamalar, şübhələr və s. Sən demə, bizim bu sahədə tarixi ənənəmiz varmış. Köprülü yazır ki, onlar 2 saat yarım uçuşdan sonra, bir o qədər də aeroportda yoxlamaya məruz qalıblar. Eyni şey gedərkən də baş verib. Düşünün ki, hələ qonaqlara ehtiram əlaməti olaraq çantaların yoxlamayıblar. Təkcə sənədlərə baxış, 2 saat yarım!
Xülasə, sərhədi bəri tərəfə aşandan sonra qonaqlara, mərkəzdə sizə uyğun gözəl bir otel yoxdur deyib, hava limanindan 15 km uzaqda bir “tatil köyü”nə aparırlar. Güman ki, bu Mərdəkan imiş.
Qızıldiş qızlar
Türk alim heyəti bir gün “tatil köyü”ndə yeyib-içəndən sonra (müəllif yemək çeşidlərin Seymur Baycandan heç də pis olmayan formada sadalayır-tabaka, kişniş, vişnə, qatıq filan) səhəri gün Gəncəyə gedirlər. Niyə, yenə də yazılmır.
Gəncədə onları 1500-ə yaxın qızın işlədiyi fabrikə aparırlar. “Hamısının ağızında 5-6 qızıl diş olan qızlar bizi maraqla qarşıladı. Bizlə foto çəkdirmək üçün bir-biriləri ilə yarışa girdilər, hamısı Türkiyəni görmək arzusunu dilə gətirdi”.
Bundan sonra Gəncə Universitetinin rektorunun qonaqlara veridyi ziyafətin təsviri gəlir. Zifayətdə mərhum akademik Ziya Bünyadov Fuad Köprülünün şərəfinə badə qaldırıb, təsirli sağlıq deyir. Saatlarla sürən ziyafətdən sonra qonaqları Hacıkəndə aparırlar.
Qapısız, susuz və kağızsız tualet
Hacıkənddə də “gətir-götür” yüksək səviyyədə davam edir, müəllif də insafən, qonaqlıq hansı səxavətlə verilibsə elə o səxavətlə də həmin prosesi təsvir edir. Amma, burda sanitar vəziyyət necə ağır olursa, bu qədər şadyanalığa rəğmən Köprülü onları yazmaya bilməyib.
“Burda bizi dilxor edən əsas şey tualetin çöldə, həm də susuz və kağızsız olması idi. Bununla yanaşı tualetdə hər hansı qapı da yox idi. Bu şərtlər altında Gəncədə ikinci gün qalmağın mümkünsüzlüyünü anlayıb müzakirəsiz səhər Bakıya dönməyi qərara aldıq”. Belə acı qeyddən sonra müəllif yenə də ovqatı qaldıran qeydlərə keçir və səhəri gün Göygöl və Hacıkənddə açılan süfrələrin təsvirinə söz verir.
Kürü və şam işığında şam
Gəncədən geri döndükdən sonra Bakı məcaraları başlayır. Yenə də biz hansısa elmi müzakirədən xəbərsiz qalırıq. Ancaq öyrənirik ki, Xəzərin əfsanəvi və yerli camaatın tamarzı qaldığı kürüsü o zaman da öz sözünü deyib. Qonaqlara Moskva mehmanxanasında möhtəşəm kürülü-mürülü ziyafət verilir. Ziyafət o qədər zəngin olur ki, müəllif onların çoxunun əl dəymədən qaldığını üzüntü ilə ifadə edir, fəqət… Lənət şeytana, bu dəfə ziyafətdən sonra qonaqlar əllərini yumaq istədikdə bəlli olur ki, su yoxdu!
1991-ci ilin Bakısı
Nəhayət iyunun 12-də Gülüstan sarayında vida ziyafəti təşkil olunur. Yenə də açılan süfrəyə tamaşa etmək üçün 4 göz gərəkdir. Di gəl ki, mərdimazarı axtarmaqla deyil, işıqlar sönür və bu ləzzətli təamları qonaqlar qaranlıqda həzm rabedən keçirir.
Bütün bunlar iki qardaş ölkənin alimlərinin konfransının icmalı idi. İndi isə, 23 il əvvəlin Bakısından Orhan Köprülünün qələminə düşənlər.
…yollar çox yaxşıdır, taksilər azdır. Avtomobillərin çoxu rus istehsalıdır, bir həftə içində gördüyümüz xarici maşın sayı 10-u aşmadı.
…avtobuslar Türkiyənin 40-50 il əvvəki tipindədir. Gəncədən Göygölə gedəndə bizim avtobus su qaynatdı. Bir dəfə də Bakıda düz yolda və gecə olmasına rəgmən avtobusumuz qaynatdı.
…xalqın geyimi bəsit, amma təmiz və mədənidir.
…küçələrdə gəzərkən gördüyümüz mənzərə İstanbul və Ankaradan daha mədəni və daha yeknəsəkdi.
…sabun qıtlığı var, tualet kağızı qıt və keyfiyyətsizdir
…Bakıda ev kirayələrin inanılmayacaq dərəcədə ucuzdur, amma çox təəssüflə vurğulayım ki, bir professorun 47 kv metr, gənc bir aspirantın isə 27 kv metrlik evə sahib olduğunu onların özlərindən öyrəndik.
…dükanlarda içkidən başqa az qal heç nə yoxdur.
Natiq