Erkən yoxlama gələcək; Belə qərar Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün tarixində ilk dəfədir
Azərbaycanın beynəlxalq şəffaflıq qurumunun öhdəliklərinə necə yerinə yetirməsinin erkən monitorinqi aparılacaq. Bu qərarı Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) İdarə heyəti oktyabrın 15-də Myanmada keçirilən iclasında verib.
MSŞT sədri Clare Short bəyanatında Azərbaycanda vətəndaş cəmiyyətinin durumunu “problemli” adlandırıb.
“İdarə heyəti faktaraşdırıcı missiyanın hesabatını müzakirə edib və dərin narahatlığını bildirib. Heyət Azərbaycan vətəndaş cəmiyyətinə daha çox şərait yaradılacağına, MSŞT Standartına əsas töhfəsini verəcəyinə ümid bəsləyir” – Clare Short qeyd edib.
İdarə Heyəti razılaşıb ki, MSŞT standartına uyğun olaraq, Azərbaycanla bağlı yanvarda ilkin dəyərləndirmə başlansın.
“İrəliləyiş olacağına və Azərbaycanın MSŞT üzvü kimi qalacağına çox ümid bəsləyirəm,” – Clare Short deyib.
MSŞT Azərbaycana konkret hansı şərtlərin qoyulduğunu açıqlamayıb, amma vətəndaş cəmiyyətinin fəaliyyətinə dair “mühüm hərəkətlərə” dair razılığın əldə olunduğu bildirilir. Azərbaycanın yeni dəyərləndirməyə aparılanadək “tamhüquqlu üzv” statusunu saxlayıb-saxlamayacağı da bəlli deyil. Tamhüquqlu üzvlərdə hər 3 ildən bir dəyərləndirmə aparılır. Qrafiklə Azərbaycana dəyərləndirmə missiyası gələn ilin iyulunda gəlməli idi.
MSŞT Azərbaycanla bağlı müzakirələrə məhz vətəndaş cəmiyyətinə təzyiqlər səbəbindən başlamışdı. Sentyabrın sonunda ölkəyə faktaraşdırıcı missiya göndərilmişdi. İlkin olaraq üç variant – Azərbaycanın təşəbbüsdən çıxarılması, fəaliyyətin müvəqqəti dayandırılması, ölkəyə erkən dəyərləndirmə missiyası göndərilməsi müzakirə olunub. Lakin birinci variantla bağlı konsensus əldə olunmayıb.
İqtisadçı Zöhrab İsmayılın fikrincə, İdarə Heyəti 3 mümkün variantın ən pisini seçib. “Amma olmayan yerdə bu da qərardır… Həm də bu o deməkdir ki, bu məsələ azı 6 ay uzandı. Mümkündür ki, o vaxtadək də koalisiya hökumətin xeyli dərəcədə nəzarətində olsun”, – iqtisadçı facebook-da yazır.
MSŞT beynəlxalq idarə heyətinin üzvü olan Qubad İbadoğlu isə qeyd edib ki, vətəndaş cəmiyyəti ilə bağlı hökumətin qarşısına 3 tələb qoyulub: “Onların hər biri bizim üçün çox önəmlidir. Odur ki, Claire bəyanatı ilə nəticə çıxarmaq düzgün deyil. Səbr edin, tezliklə qərar tam şəkildə ictimaiyyətə təqdim olunacaq. Eyni zamanda qaydalara (standartlar 1.7) görə, 1-ci və 2-ci variantla bağlı qərar yalnız dəyərləndirmə nəticəsində verilə bilər. Dəyərləndirməni indidən başlamaq mümkün deyil, qaydalara görə tender keçirilməli və qiymətləndirici şirkət seçilməlidir. Bu da ən azı 2 ay zaman tələb edir. İstənilən halda, bu qərar MSŞT tarixində onun İdarə Heyəti tərəfindən birinci dəfədir verilirdi. Hətta MSŞT tətbiq olunan digər dövlətlərin İH-də nümayəndələrinin də ciddi təzyiqi var idi, çünki presedent yaranıb. sonra onlar üçün tətbiqindən qorxurdular”.
“MSŞT İH-nin qərarı Azərbaycanın təşəbbüsdə iştirakının ciddi risklə üzləşdiyini göstərir”. Bunu isə Human Rights Watch təşkilatının biznes və insan haqları üzrə böyük tədqiqatçısı Lisa Misol deyib.
“Bu qərarlar MSŞT rəhbərliyi hökumətin təzyiqləri altında işləyə bilməyən müstəqil fəallara biraz ümid vermiş oldu. Hökumət önəmli beynəlxalq qrupda statusunu saxlamaq istəyirsə, təzyiqləri dayandırmalı, əsas insan hüquqları öhdəliklərinə hörmət qoymalıdır”, – deyə o qeyd edib (azadliq.org).