Avropa İttifaqının “Şərq Tərəfdaşlığı ölkələrində KİV azadlığının monitorinqi” adlı layihəsi bu ölkələrdə KİV azadlığı reytinqini açıqlayıb. Layihə müəlliflərinin enpi-info.eu saytında dərc edilmiş hesabatına əsasən, 2014-cü ilin birinci yarısının nəticələrinə görə, Gürcüstan birinci yeri tutur, ardınca Ukrayna, Ermənistan, Azərbaycan gəlir, siyahını Belarus bağlayır.
KİV azadlığı sahəsində vəziyyəti hər bir ölkədə öz sahəsində ən az beş il iş təcrübəsi olan yerli jurnalistlərdən, hüquq müdafiəçilərindən, hüquqşünaslardan, sosioloqlardan, ictimai xadimlərdən ibarət 10 ekspert dəyərləndirir.
İndeks dörd kateqoriya – “Siyasət”, “Təcrübə”, “Teleradioyayım”, “İnternet və yeni media” üzrə balların toplanması ilə əldə olunur.
Qanunvericilik səviyyəsində hüquq və azadlıqlarının səviyyəsini müəyyən edən “Siyasət” kateqoriyasında Azərbaycan beşinci yeri tutub.
Dövlətin KİV-in hüquq və azadlıqlarının təmin edilməsində rolunu müəyyən edən “Təcrübə” kateqoriyasında Azərbaycan Belarusu da öndə qoyaraq, sonuncu yeri tutub.
TV azadlığının səviyyəsini müəyyən edən “Teleradioyayım” kateqoriyasında da Azərbaycan 5-ci yeri tutub.
Nəhayət, internet azadlığı səviyyəsini müəyyən edən “İnternet və yeni media” kateqoriyasında da Azərbaycan Belarusdan cəmi 1 bal önə keçərək, beşinci yeri tutub. (contact.az)