Ann Broşura təqdim olunan müraciətdə çağırışlar və sanksiya təklifləri var
«Hökumətin təşkil etdiyi dəyirmi masa Kürdəxanı təcridxanasında keçirilməsə, belə dəvətləri qəbul etməyin!»
Bakıda rəsmi səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Broşur dünən vətəndaş cəmiyyəti fəallarından ibarət qrupla görüşüb. Təxminən 3 saat yarım davam edən görüşdə Azərbaycanda insan hüquqlarının vəziyyəti, vətəndaş cəmiyyətinin durumu, siyasi məhbuslar problemi müzakirə olunub.
Xanım Broşur görüş içtirakçılarından xahiş edib ki, tədbirin detalları mətbuata açıqlanmasın. O, problemlərin həllinə yardım göstərəcəyini vəd edib.
Görüşdə REAL hərəkatının icra katibi Natiq Cəfərli, hüquq müdafiəçisi Arzu Abdullayeva, Səidə Qocamanlı, Günay Ismayılova, Zəlihə Tahirova, Samir Kazımlı, jurnalistlər Şahvələd Çobanoğlu, Nərgiz Yaqublu (siyasi məhbus Tofiq Yaqublunun ailəsinin üzvü kimi), NIDA hərəkatının üzvü Aygün Pəncəliyeva, vəkil Fariz Namazlı və başqaları iştirak edib.
“Xüsusən Azərbaycanda siyasi məhbus məsələsi, vətəndaş cəmiyyətinə basqılar və siyasi azadlıqların durumu ilə bağlı öz məlumatlarımızı, baxışlarımızı, eyni zamanda, Avropa qurumlarının görə biləcəyi işlər barədə fikirlərimizi çatdırdıq. Söhbətin detallarını açıqlamamağa razılaşdıq”, – deyə görüşdə iştirak edən jurnalist Şahvələd Çobanoğlu “BBC Azərbaycanca”ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycancakı ictimai durumun problemləri avropalılar üçün aydındır və əlavə izahata ehtiyac yoxdur: “Çünki kifayət qədər məlumatlıdırlar. Xanım sədr də o problemləri əsas tutaraq Azərbaycana gəlib. Onun məqsədi bu məsələləri rəsmilərlə görüşlərdə qaldırmaqdır. Əgər alınarsa, rəsmilərlə və siyasi məhbuslarla da görüşmək niyyəti var”.
REAL Hərəkatının icra katibi Natiq Cəfərli “facebook” səhifəsində sözügedən görüşlə bağlı fikirlərini paylaşıb: “Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Braşur çox pozitiv insandır, Avropa institutlarında çalışan azsaylı peşəkar, pozitiv, problemləri dərindən bilən birisidir. Tam 3,5 saatlıq görüş oldu, ölkəmizdə olan müxtəlif problemləri müzakirə etdik”.
Natiq Cəfərli görüşün detalları və nəticələri barədə açıqlama verməsə də, görüşdən razı qaldığını ifadə edib.
Görüşdə iştirak etməyən bir neçə nəfərin adından AŞ PA prezidentinə müraciət təqdim olunub. Müraciətin mətni araşdırmaçı jurnalist Xədicə Ismayılovanın “facebook” səhifəsində yerləşdirilib.
Müraciətdə Azərbaycanda insan hüquqlarının pozulması ilə əlaqədar AŞ PA-ya təxirəsalınmaz addımlar atmaq çağırışı öz əksini tapıb.
Qeyd olunub ki, həbsdə olan hüquq müdafiəçiləri Anar Məmmədli, Leyla Yunus, Rəsul Cəfərov və Intiqam Əliyev Avropa Şurasının dəyərlərini müdafiə etdiklərinə görə zərər çəkiblər. Emin Hüseynovu da həmin aqibət gözləyir.
Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi bu ölkədə hüquq müdafiəçilərinə qarşı amansız repressiyalarla üst-üstə düşüb. Avropa Şurası təşkilatın nüfuzu baxımından görünməmiş təhlükə ilə üzləşib.
“Hazırda belə sual yaranır: Strasburq əsas hüquqları və Azərbaycan xalqını avtoritar hökumətdən qorumağa qadirdimi?”, – deyə müraciətdə qeyd olunub.
Müraciət müəllifləri xatırladır ki, əgər dövlət Avropa Şurası standartlarını kobud şəkildə pozursa, Assambleyanın onun nümayəndə heyətinin səlahiyyətini dayandırmaq və ya səs hüququndan məhrum etmək, hətta Avropa Şurasından xaric olunmasını tövsiyə etmək hüququ var. Lakin görünür, Strasburq susmağa üstünlük verir.
“Cəsarətli azərbaycanlı hüquq müdafiəçiləri, fəallar, jurnalistlər və bloggerlər həbsxanada olduğu və ya ifadə azadlığı hüququnu gerçəkləşdirmək üçün həbs təhlükəsi ilə yaşadığı bir vaxtda bu, yolverilməzdir.
Avropa Şurası Parlament Assambleyasının prezidenti kimi sizin vəzifəniz Assambleyanın qaydalarında və Avropa Şurasının nizamnaməsində nəzərdə tutulan sanksiyalara çağırmaqdır”, – deyə müraciətdə vurğulanır.
Müraciət müəllifləri xanım Broşuru ölkədə vətəndaş cəmiyyəti ilə “konstruktiv dialoqun mövcudluğu” haqda Azərbaycan rəhbərliyinin fikirlərinə inanmamağa və “dəyirmi masa”larda iştirak etməməyə çağırıb.
“Əgər ”dəyirmi masa” bir çox jurnalist, blogger, fəal və hüquq müdafiəçisinin “evinə çevrilən” Kürdəxanı təcridxanasında təşkil olunmasa, belə dəvətləri qəbul etməməyə çağırırıq”, – deyə xanım Broşura müraciət olunub.
Bundan başqa, məktub müəllifləri qeyd edib ki, Azərbaycanda ifadə azadlığı hüququnu həyata keçirdiklərinə görə həbs edilənlərin dərhal və şərtsiz azadlığa buraxılmasına hökumət tərəfindən zəmanət verilməsə, Broşur öz səlahiyyətlərindən istifadə edərək, həmçinin Assambleyanın reqlamentinə uyğun olaraq, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin səlahiyyətinə yenidən baxılması məsələsini qaldırsın.
Informasiya şöbəsi