Məlahət Nəsibova: «Bu ölkədə hüquqi prosedurların işləmədiyi üçün İlqar Nəsibovun həbs olunması da real görünür»
Bu il avqusutun 21-də bir qrup şəxsin fiziki təzyiqinə məruz qalaraq ağır xəsarətlər alan hüquq müdafiəçisi Ilqar Nəsibova qarşı cinayət işi qaldırılıb. Bu haqda “Turan”a I.Nəsibov özü məlumat verib.
I.Nəsibova fiziki zorakılıq edənlərdən biri Fərid Əsgərova qarşı irəli sürülən bədənə az yüngül xəsarət yetirilməsi (Cinayət Məcəlləsinin 227.1-ci maddəsi) ilə bağlı ittihamı indi hüquq müdafiçəsinin özünə tətbiq edirlər. Bu haqda I.Nəsibova sentyabrın 20-də dəvət olunduğu Naxçıvan polis idarəsində bildiriblər.
F.Əsgərov Naxçıvan polisinə I.Nəsibovun dabanı ilə ayaq barmağını, stəkan atmaqla çeçələ barmağını sındırması haqda polisə şikayət edib. Polis bu şikayəti qəbul edərək I.Nəsibova adı çəkilən cinayət işini qaldırıb. I.Nəsibov bu cinayət işilə bağlı sentyabrın 22-də yenə də polis idarəsinə dəvət edildiyini deyib. Həm də polis nəzarəti və ya həbsə alına bilməsini istisna etməyib.
I.Nəsibov özünə qarşı ittihamı saxta adlandırıb və bu cinayət işini qaldırmaqla polisin məqsədinin F.Əsgərovu həbsdən qorumaq olduğunu söyləyib. I.Nəsibovun fikrincə, bu cinayət işini qaldırmaqla qorxudaraq fiziki zorakılığa məruz qalması ilə bağlı cinayət işindən geri çəkilməyə vadar etmək istəyilər.
Yaşadığımız ölkədə elə hadisələr baş verir ki, kinolarda, kitablarda da belə fantaziyalara şahidlik etmək mümkün deyil. Belə getsə, öldürənlər, döyənlər qəhrəman, öldürülənlər, döyülənlər isə cinayətkar “status”u alacaq.
Hquq müdafiəçisi, Ilqar Nəsibovun həyat yoldaşı Məlahət Nəsibova “Azadlıq”a açıqlamasında bildirdi ki, bu ölkədə hüquqi prosedurlar işləmədiyi üçün, Ilqar Nəsibovu həbs edə bilərlər: “Uzun illər ərzində o qədər hadisələrə şahidlik etmişik ki, heç nəyə təəccüblənməməyə söz vermişik. Amma qeyri-adi addımlarla bizi yenə də heyrətləndirə bilirlər. Ilqarın hansı vəziyyətə salındığı şəkillərdən də aydın görünür. Amma, döyəni kənarda saxlayıb, döyülənə cinayət işi açırlar. Guya, Ilqar Nəsibov Fərid Əsgərovun çeçələ barmağın sındırıb. Buna görə cinayət işinin açılması biabırçılıqdır. Ola bilər ki,o adamın barmağı Ilqara yumruq vurarkən sınıb. Həftənin 1-ci günü Ilqar Nəsibovu yenidən polisə çağırıblar. Azərbaycanda heç nəyi əvvəlcədən proqnozlaşdırmaq mümkün olmadığı üçün dəqiq fikir bildirmək çətindir. Bu gedişlə həbs də edə bilərlər. Ilqar Nəsibova qarşı CM-nin 127.1 -ci maddəsiylə iş açılıb və bu maddədə 2 il müddətində azadlıqdan məhrumetmə də nəzərdə tutulur. Hesab edirəm ki, bu addımı atmaqla, zorakılığa məruz qalmış adamları şikayət verməkdən çəkindirmək istəyirlər”.
Xatırladaq ki, avqustun 21-də I.Nəsibov ofisində aralarında F.Əsgərov da olan bir qrup şəxsin fiziki zorakılığına məruz qalaraq vəhşicəsinə döyülüb. Bir neçə gün Naxçıvanda müalicə alıb. Daha sonra müalicəsini davam etdirmək üçün Türkiyəyə gedib. Naxçıvan hüquq-mühafizə orqanları yaydıqları açıqlamalarda I.Nəsibovun fiziki zorakılığa məruz qalmasına səbəb kimi bir neçə mülahizə irəli sürüb. Bu açıqlamalar mahiyyətinə görə diqqəti baş vermiş cinayətin I.Nəsibovun ictimai fəaliyyətilə bağlı olmasından yayındırmaq məqsədi güdürdü. Polis orqanları hadisəni cəmiyyətə məişət səviyyəsində baş verən xuliqanlıq kimi çatdırmağa can atırdı.