Yeni prezident and içdi, müxalifət çaşqınlıq yaşadı
Türkiyənin 12-ci prezidenti and içdi. Rəcəb Tayyib Ərdoğan artıq yeni vəzifəsində davam edəcək. Onun prezident kimi ilk işi növbəti hökuməti formalaşdırmağı parlamentdəki çoxluğa sahib partiyanın liderinə tapşırmaq olacaq. Beləliklə, Türkiyə Kamalist sistemə (neokamalizm) növbəti dəfə qəti inamla qədəm qoydu.
Indi Parlament də, hökumət də, prezident də bir siyasi ideyanın nəzarətinə keçdi. Bu həm də ona görə məhz indiki seçkidən sonra belə hesab edilməlidir ki, hakim komandanın içərisindəki fikir ayrılıqları da artıq ortaya çıxdı və Ərdoğan öz komandası ilə qaldı. Türkiyədə dini dövlət qurulur deyənlər indi hakimiyyətdə bərkiməyə hansı dini ideyanın iddia etdiyini söyləməkdə xeyli çətinə düşürlər. Çünki, Fətullah Gülən artıq bu hakimiyyətin kölgələrindən biri deyil, başqa kölgə də görünmür. Ona görə də Türkiyə məhz yeni Osmanlı yolunu gedə bilər, amma şeyxülislamsız. Bu mənada yeni dövr həm də köhnə dövrə dönüşdür. Başqa mənada isə bu andiçmə ilə Türkiyə Kamalizmə yenidən qayıtdı.
CHP sağlam görünmədi, MHP?
Ərdoğanın andiçməsində CHP parlament fraksiyasının iclası tərk etməsi və Konstitusiya ilə daxili əsasnamə kitabını yerə atmaları siyasi baxımdan çaşqınlıq ifadəsidir. Çünki, Anayasa işləmirsə, ona sahib çıxmaq və onu yerdən götürmək, yuxarı qaldırmaq lazımdır. CHP isə kitabı yerə atdı. Bu artıq isterik reaksiyadır. Görünür, bu partiya artıq yeni dövrün Türkiyəsində özünü heç cür təsəvvür etmir. Sonuncu addım da Kılıçdaroğlunun kürsüsünü itirmək qorxusunun təsirindən baş verib. Məhərrəm Incənin Baykalın dəstəyi ilə Başqanlığa iddia eləməsi CHP üçün yeni dövrdə şans kimi görünsə də, Kılıçdaroğlu ilə hər şey suya düşmüş kimi görünür. Daha çox dediklərini təkzib etməklə yadda qalan CHP lideri, Ərdoğanın opponentinə çevrilməyi, demək olar, bacarmadı. Onu heç bir halda ciddi narahat edə bilmədi. Ərdoğan isə hər dəfə yüksəliş zamanı ayağını CHP və MHP-nin yaratdığı boşluğa qoyaraq dırmandı. Bu proses Türkiyə seçicisinin də diqqətini cəlb etdiyindən partiyanın da sosial bazasında aşağadan dəyişiklik şüarları səslənir. Bu prosesdə MHP haqqında danışarkən yalnız onu demək olar ki, MHP və onun idarəçiləri Ərdoğanın arzularının təşkilatıdır. Türkiyənin sosial şəbəkə istifadəçiləri belə zarafatlar yayırlar ki, görəsən MHP, yoxsa AKParti Ərdoğan üçün daha intizamla fəaliyyət göstərir?
Dünya yeni Türkiyə ilə?
Əslində indi fürsət var ki, hər kəs Türkiyə ilə münasibətlərinə yenidən baxsın. NATO generallarla deyil, dövlətlə əməkdaşlıq etməyə başlasın. ABŞ isə Türkiyənin onun müttəfiqi olub-olmadığına qərar versin. Bu həm də ona görə vacibdir ki, AB ilə münasibətlər də yeni istiqamət qazanacaq.
Totalitarizm qorxusu varmı?
Türkiyə totalitarizmə doğru gedirmi? Bu suala cavab axtaranlar üçün ən başlıca iki meyar önəmli olacaq: birincisi, dünya birliyi bu Türkiyədən nə qədər kənarlaşacaq? Ikincisi, Türkiyədə Ulusalcı (xalqçı) və sağ mərkəzçi müxalifətdə yeni toparlanma ola biləcəkmi?
Seymur Həzi