Azərbaycan parlamenti ordu haqda yalnış məlumat yayan mətbuat orqanlarının cəzalandırılmasına dair qanunvericiliyi müzakirə edəcək. Parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov “trend”ə açıqlamasında Milli Məclisin payız sessiyası başlayanda bununla bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edəcəyini bildirib. S.Novruzov qeyd edib ki, son vaxlar ayrı-ayrı mətbuat orqanları Azərbaycan ordusu və təhlükəsizlik haqqında düzgün olmayan məlumatlar yayırlar. Onun sözlərinə görə, məlumatların bu formada yayılması, yoxlanılmadan, şayiə şəklində çatdırılması həm valideynləri narahat edir, həm də cəmiyyəti çaşdırır.
S.Novruzov bildirib ki, Milli Məclisin payız sessiyası başlayanda qanunvericilik təşəbbüsü irəli sürəcək. Onun sözlərinə görə, hərbi qanunvericiliyə və “Kütləvi informasiya vasitələri haqqında” qanuna da əlavə və dəyişiklər oluna bilər.
Arif Əliyev: «Təklif edilən məlum qanun layihəsini absurd hesab edirəm»
“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev “moderator.az”a açıqlamasında sentyabrda Milli Məclisin müzakirəsinə çıxarılacaq və özündə ordu ilə bağlı mətbuatda dərc ediləcək məlumatların Müdafiə Nazirliyi ilə razılaşdırılmasını nəzərdə tutan qanun layihəsinə münasibət bildirib. Arif Əliyev baş verənləri absurd adlandırıb: “Təklif edilən məlum qanun layihəsini absurd hesab edirəm. Bu, dar düşüncəyə məxsus məntiqsiz yanaşmadır. Və Milli Məclisin bu günə qədər bir çox əcaib qanunlar qəbul etməsinə baxmayaraq, sözügedən qanunun təklif edildiyi formada qəbul ediləcəyinə inanmıram”.
Üzeyir Cəfərov: «Siyavuş Novruzovun bu təklifinin heç bir əsası və məntiqi yoxdur»
Hərbi sahə üzrə ekspert Üzeyir Cəfərov deyir ki, Siyavuş Novruzovun bu qanunun artıq mövcudluğundan xəbəri yoxdur. Sadəcə, qanunu lazım olanda özləri bildiyi kimi işlədirlər, lazım olmayanda da o, kağız üzərində qalmaqda davam edir: “Dövlət sirri haqqında” qanunun 5-ci maddəsinin müəyyən bəndlərində hərbi sirri təşkil edən maddələr sadalanıb. Həmçinin, informasiya əldə etmək barədə qanun var. Azərbaycanda hər şey var. Günahı jurnalistlərin üzərinə niyə atırlar? Jurnalistlərə lazım olan məlumatları vaxtında vermirlər, onlar da məlumatı düzgün yazmayanda düşmənə işləməkdə suçlayırlar. Kökündən yanlış yanaşmadır. Millət vəkilləri qanunlarda olan boşluqlar üzərində işləsə, daha yaxşı olar. Siyavuş Novruzovun bu təklifinin heç bir əsası və məntiqi yoxdur”.
Üzeyir Cəfərov qeyd edir ki, sözügedən sahədə uzun illərdir qüvvədə olan qanunumuz var. Ekspert deyir ki, hərbi sirr anlayışına hörmətlə yanaşan jurnalist Müdafiə Nazirliyindən müvafiq informasiyanı ala bilmirsə, burda onu qınamaq olmaz: “Jurnalistləri qınamaq və onlara qarşı sanksiya tətbiq etməkdənsə, müvafiq qurumlar onlarla düzgün formada işbirliyi qurmalı və mətbuatı yetərincə məlumatlandırmalıdır”.
Informasiya şöbəsi