«Azərbaycan müstəqillik əldə etdikdən sonra qurumun anbarında qalan ilan zəhəri Zoologiya Institutuna verilib»
Qəzetimizin dünənki sayında Səhiyyə Nazirliyinin Innovasiya və Tibbi Təchizat anbarından qurumun balansında olan 195 kiloqram ilah zəhərinin oğurlandığı barədə məlumat yayılmışdı. Həmin məlumatı qəzetimizə vaxtilə səhiyyə sistemində işləyənlərdən biri vermişdi.
Həmin şəxsin sözlərinə görə, ilah zəhərinin 1 qramı 500 manatdır. Beləliklə, məlum olur ki, “yox”a çıxan ilan zəhərinin ümumi dəyəri 90 milyondan artıqdır(məlumatda texniki səbəblərdən rəqəmlərdə səhvə yol verilmişdi. Ilan zəhərinin 1 qramı 5000 manat, ümumi dəyəri isə 9 milyon göstərilmişdi).
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirliyə dəfələrlə zəng olunsa da, telefonu qapalı olduğundan onunla danışmaq mümkün olmamışdı.
Lakin dünən nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova redaksiyamızla əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib. O, bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Səhiyyə Nazirliyinin anbarında olan ilan zəhəri Milli Elmlər Akademiyasının Zoologiya Institutuna verilib. “Yəni, bu məsələnin Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur. Həmin ilan zəhərinin oğurlanıb-oğurlanmaması barədə də məlumatımız yoxdur”, – deyə Səfayə Əhmədova bildirib.