«Siyasi Məhbuslarsız Azərbaycan» Alyansı hakimiyyətdən bütün siyasi məhbuslara qeyd-şərtsiz azadlıq tələb edir
“Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai Alyansı vahid siyasi məhbus siyasının dəstəklənməsi barədə bəyanatla çıxış edib. Bəyanatda deyilir:
“”Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai Alyansı qanunsuz olaraq həbs edilmiş tanınmış hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun ərsəyə gətirdikləri məhbus siyahıları əsasında bir sıra ekspertlərin, hüquqşünasların, vəkillərin, hüquq müdafiəçiləri və ictimai şəxslərin daxil olduğu Işçi Qrupunun iştirakı ilə birgə siyasi məhbuslar siyahısının hazırlanmasını alqışlayır və təqdir edir.
98 siyasi və vicdan məhbusunun adı və onların işləri üzrə məlumatların əks olunduğu siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında hazırlanmaqla ölkədə həbsdə olan siyası məhbusların sayını və real mənzərəsini əsasən əks etdirir
Azərbaycanda həbs yerlərində saxlanma şəraitinin yaxşılaşmasını, məhbus hüquqlarının qorunmasını, eləcə də “Siyasi Məhbuslarsız Azərbaycan” ideyasının reallaşmasını qarşısına məqsəd qoyan “Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai Alyansı Işçi Qrupunun hazırladığı vahid siyasi məhbus siyahısını dəstəkləməklə yanaşı qeyd edir ki, Alyans siyasi motivlərlə həbs olunan, adları ictimaiyyətə o qədər də tanış olmayan digər siyasi məhbusların da adlarının və onlarla bağlı cinayət işi ilə əlaqədar məlumatların Işçi Qrupuna təqdim edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
“Siyasi Məhbuslarsız Azərbaycan” Ictimai Alyansı yerli və beynəlxalq QHT-ləri Işçi Qrupun təqdim etdiyi vahid siyasi məhbus siyahısını dəstəkləməyə, adları həmin siyahıda olan bütün siyasi məhbusların tezliklə azad olunması istiqamətində fəal mübarizəyə çağırır.
Alyans eyni zamanda Azərbaycan hökumətindən ictimai-siyasi fəallara qarşı ölkədə genişlənən repressiyaları durdurmağı və həbsdə olan bütün siyasi məhbusların qeyd-şərtsiz azad edilməsini tələb edir”.