“Azadlıq” qəzetinin çapının dayandırılması sosial şəbəkədə geniş əks səda doğurub. “Azərbaycan” Nəşriyyatının qərarını açıqladığımızdan bəri ötən qısa zamanda onlarla facebook istifadəçisi bu xəbəri təəssüf və etiraz notları ilə paylaşıblar. Ölkənin tanınmış hüquqşünaslarından Aslan İsmayılov da etiraz edənlər sırasındadır. O, facebook səhifəsində cəmiyyəti “Azadlıq”ın çapından imtina ilə barışmamağa çağırır:
“Azərbaycan” Nəşriyyatı “Azadlıq” qəzetinin çapından qeyri-müəyyən vaxta qədər imtina edib. Səbəb kimi dövlətə məxsus nəşriyyata 20 min manat borcun olması göstərilir. Qəzetin çapının dayandırılmasının hakimiyət dairələrinin düşünülmüş şəkildə etdiyinə heç bir şübhəm yoxdur, çünki təkcə dövlətə məxsus “Qasid” firmasının “Azadlıq” qəzetinə 70 min manatdan artıq borcunun olduğunu ölkədə bilməyən yoxdur. Bu artıq onsuz da olmayan azad mətbuatın son nəfəs yerinin bağlanması deməkdir. Bundan sonra növbənin sosial şəbəkələr olacağına şübhəm yoxdur.
Əgər Azərbaycanı Şimali Koreya sifətində görmək istəmiriksə buna hamımız etiraz etməliyik!”.
azadliq.info