AXCP bu ilin martında Bakıda partladılaraq sökülən qərargahının sahibi Azər Əsgərovun mülkiyyət hüququnun hələ də bərpa olunmaması ilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
Məlum olduğu kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasının Bakı şəhəri, Nərimanov rayonu Tələt Şıxəliyev küçəsi 8 ünvanında icarə götürdüyü və bu ilin mart ayının 3-də partladılaraq, ertəsi gün qeyri-qanuni sökülən mülkün sahibi Azər Əsgərova bu günə qədər heç bir kompensasiya ödənilməyib. İyulun 25-də Azər Əsgərov Nərimanov rayon İcra Hakimiyyətinə dəvət olunub və ona bildirilib ki, Fövqəladə Hallar Nazirliyi onun mülkünün hər kvadrat metrini 1050 manatdan qiymətləndirib. Bu barədə Azər Əsgərov özü mətbuata açıqlamasında məlumat verib. Həmin binanın heç bir təmiri və kommunikasiya xətti olmayan zirzəmisinin hər kvadrat metrinə 1000 manat ödənildiyi halda, onun təmirli və hər şəraiti olan mülkünə 1050 manat ödənilməsi ədalətsizlikdir.
Azər Əsgərovun vəkili Namizəd Səfərov isə məlumat verib ki, hüquqlarını müdafiə etdiyi şəxsə kompensasiyanı vermək üçün onunla alqı-satqı müqaviləsi bağlamaq istəyirlər. Guya Azər Əsgərov binanı başqa bir adama satıb. Bunun müqabilində ona kvadtarına 1050 manatdan pul verirlər. Müdafiə tərəfi məsələ ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.
Martın 4-də bina sökülərkən Azər Əsgərova məxsus bütün əşya və avadanlıqlar Nərimanov İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılan komissiyanın sədri, icra başçısının birinci müavini Şahmar İbadovun rəhbərliyi ilə maşınlara yığılaraq naməlum ünvana aparılıb və bu günə qədər mülk sahibinə bu barədə hər hansı məlumat verilməyib, onun əşyalarının harada olduğu bilinmir.
Mülk sahibi Azər Əsgərovun müxtəlif instansiyalara etdiyi şikayətlər də indiyədək araşdırılmayıb. 2 saylı İnzibat- İqtisad Məhkəməsi iyulun 1-də ekspertiza təyin edilməsi ilə bağlı qərar qəbul etsə də, bu günə qədər heç bir nəticə yoxdur.
Təəssüflə qeyd edirik ki, Konstitusiyaya and içib, vətəndaşların mülkiyyət hüquqlarının toxunulmaz olduğunu bəyan edən dövlət başçısı bu özbaşınalığa, bu qanunsuzluqlara hələ də münasibət bildirməyib.
AXCP dəfələrlə qeyd edib ki, Azər Əsgərova dəyən maddi ziyanın ödənilməməsi birbaşa onun öz mülkünü partiyaya icarəyə verməsi ilə bağlıdır və onu məhz buna görə cəzalandırırlar. Nərimanov İcra Hakimiyyətində ona təklif olunan kompensasiyanın miqdarı da bunu deməyə əsas verir.
AXCP hakimiyyət orqanlarından tələb edir ki, Azər Əsgərova dəyən maddi ziyana görə qısa zamanda bazar qiymətlərinə uyğun kompensasiya ödənilsin, müvafiq dövlət strukturları tərəfindən onun şikayəti araşdırılsın və müvafiq tədbirlər görülsün.
AXCP eyni zamanda hakimiyyət orqanlarından təcili olaraq Azər Əsgərovun pozulan mülkiyyət hüquqlarının təmin edilməsini tələb edir.
AXCP beynəlxalq təşkilatları bu qanunsuzlaqlara biganə qalmamağa, mülkiyyət hüquqları kobudcasına pozulan, sökülən mülkünə və dağıdılan əmlakına, əşyalarına görə 5 aydan çox müddətdə hələ də kompensasiya ala bilməyən Azər Əsgərova dəstək olmağa çağırır.