Vəfa Quluzadə ABŞ səfirliyindəki olaydan danışdı
«Ölkəni tərk edən səfirə hədiyyəni bir qayda olaraq duayenlər təqdim edir»
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın səlahiyyət müddətinin başa çatması ilə bağlı keçirilən mərasimdə baş verən olay bir sıra saytlar tərəfindən ABŞ-Rusiya qarşıdurmasının təzahürü kimi təqdim olunub. Saytlar tədbirdə diplomatik korpusun adından ABŞ səfirinə verilməsi nəzərdə tutulan xatirə hədiyyəsini Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin təqdim etməsinə diqqət yönəldiblər. Bu hazırda Rusiya ilə ABŞ arasında gərgin münasibətlərin fonunda Rusiya tərəfindən diplomatik jest kimi dəyərləndirilib. ABŞ səfirinin rusiyalı həmkarından aldığı hədiyyəni özü ilə aparmayacağını bəyan etməsi isə Amerikanın Rusiyaya «cpavabı» kimi dəyərləndirilib.
Tədbirdə iştirak edən politoloq Vəfa Quluzadə baş verən olayın bu formada təqdim olunması ilə razılaşmır. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin hazırda ölkəmizdəki səfirlər arasında duayen, yəni daha uzun müddətli diplomat olduğunu deyən V.Quluzadə bildirdi ki, ölkəni tərk edən səfirə hədiyyəni bir qayda olaraq duayenlər təqdim edir: «Ona görə hədiyyəni məhz Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin Morninqstara təqdim etməsində qəribə heç nə yoxdur. Çünki hədiyyəni həmin ölkədə ən çox səfir təcrübəsinə malik diplomat təqdim edir. Morninqstarın hədiyyəni özü ilə aparmayacağını söyləməsi də diplomatik etiketə uyğundur. Çünki Droxin hədiyyəni Azərbaycandakı diplomatik korpusların adından təqdim edib və bu təkcə Rusiyanın hədiyyəsi deyil. Digər tərəfdən ABŞ səfirləri səlahiyyət müddətində aldıqları hədiyyələri özləri ilə apara bilməzlər. Vaxtı ilə ABŞ-ın səfiri Enn Dörsiyə yadigar olaraq Azərbaycan xalçası hədiyyə edilmişdi. Keçmiş səfir elə hədiyyəni qəbul edərkən bəyan etdi ki, təəssüf ki, o bunu özüylə apara bilməz və Dövlət Departamentinə təhvil verməlidir. Ona görə Morninqstarın da addımı başa düşüləndir».
Xəyal