Vəfa Quluzadə: «Bu siyasət dünya üçün çox təhlükəlidir»
Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında ölkəsinin suverenliyi və ərazi bütövlüyü üçün heç bir hərbi təhlükənin olmadığını deyir.
Kreml rəhbəri NATO-nun genişlənməsindən narahatçılığını da gizlətməyib. Onun sözlərinə görə, NATO-nun ordu birləşmələri Şərqi Avropa ölkələrində nümayişkəranə şəkildə gücləndirilir. “NATO-nun hərbi infrastrukturunun sərhədlərimizə yaxınlaşmasına adekvat cavab verəcəyik”, – deyə Putin bildirib.
Rusiya prezidentinin bu bəyanatı NATO-ya hədə kimi də qiymətləndirilə bilər.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Rusiya yenidən keçmiş SSRİ-nin siyasətinə qayıdıb və Qərblə konfrantasiyaya gedir. Putin Qərbə güzəştə getməmək və keçmiş sovet ərazilərini qaytarmaq yolunu tutub. Ukraynadan geri çəkilmək fikrində deyil və müharibəni davam etdirəcək. Qərbə hədələri də real görünür. Yəni Putin istənilən addımı ata bilər: «Vaxtilə Gürcüstanda Rusiyanın Abxaziya ilə Osetiyanı işğal etməsinə heç bir müqavimət olmadı. İndi Gürcüstan iki tərəfdən rusyönlu dövlətlər tərəfindən mühasirədədir. Abxaziyada da, Osetiyada da Rusiyanın hərbi bazaları dayanıb. Rusiya hədəsini Gürcüstanın işğalı ilə davam edə bilər. Qərb Abxaziya və Osetiya Gürcüstana müharibə elan edəcəyi təqdirdə nə edəcəyini düşünməlidir. Yəni təcavüzkarı vaxtında dayandırmaq lazımdır. Amma dayandıra bilmədilər. Ukraynada müharibə gedir. Hamı üçün aydındır ki, Putin separatçılara yeni silah və texnika verir. Ona görə bu olduqca ciddi və uzun sürən məsələdir».
Ekspert artıq soyuq müharibənin başladığını deyir. Avropa kənarda dayana bilməyəcək və soyuq müharibəyə qoşulacaq. Çünki Avropa Amerika ilə bir səngərdə dayanmalıdır. Bu da keçmiş SSRİ-ABŞ qarşıdurmasına gətirəcək: «Putin deyir keçmiş sovet respublikaları mənim təsir zonamdı. Orda nə istəyirəm, onu edəcəm. Adekvat cavab keçmiş sovet respublikalarını ya işğal etmək, ya da güclə Gömrük İttifaqına üzv etmək, sonra da sovet ittifaqını bərpa etməkdir».
Ekspertin sözlərinə görə, Qərbin bu vəziyyətdən necə çıxacağı hələlik məlum deyil. Çünki Rusiya nüvə dövlətidir. Bu baxımdan Putini başa düşmək olar. Çünki Rusiya indiki vəziyyətində çökməyə doğru gedir. Yeganə ümidi ondan ibarətdir ki, bəlkə Qərblə qaşıdurmada öz xalqını toparlaya bilər. Məcbur edə bilər ki, xalq demokratiya və insan haqları uğrunda mübarizəni unutsun, yalnız imperiyaya xidmət etsin. Hələlik buna nail olub. Rusiya əhalisinin 85 faizi Putinə dəstək verir. Ona görə bu siyasət dünya üçün çox təhlükəlidir.
Ekspert hətta nüvə müharibəsinin də baş verə biləcəyini istisna etmir. Çünki Qərb başa düşür ki, Putinin qarşısından çəkilmək düzgün olmazdı. Üstəlik Qərb də, Avropa da öz hərbi gücünü toparlayır və gücləndirir: «Bu dəqiqə dünyada çox təhlükəli vəziyyətdir. Bütün keçmiş sovet respublikalarına da təhlükə var».
Fizzə