Cəmil Həsənli: “N!DA-çı dostlarımız vətən sevgisinin, azadlıq ideallarının, demokratiya istəklərinin cəzasını çəkirlər”
Milli Şuranın sədri Cəmil Həsənli məhkəmədə NİDA-çılara ağır həbs cəzaları istənilməsinə münasibət bildirib. O, Facebook səhifəsində yazıb:
“Dövlət ittihamçısı dövlət adından nə az-nə çox 8 gəncə üst-üstə 64 il həbs cəzası tələb etdi. Bu 64 ilin təxminin 26 ili Rəşadət, İlkin və Zaurun payına düşür. Rəşad, Bəxtiyar və Məmməd 24 ili üç yerə bölüşməli olacaqlar. Dostları ilə müqayisədə Üzeyir və Şahinin “bəxti gətirib”. Dövlətimizin adından elan olunan ittihama görə gərək Üzeyir 7 il yarım, Şahin isə 6 il yarım Avropa standartlarına uyğunlaşdırılmış zindanlarımızda yatsınlar. İstintaqın bu gənclərə qarşı sübuta yetirilməyən əsas ittihamları narkotikadan, “Molotov kokteylindən” və nəməlum bir heykəli “təhqir” etməkdən keçir. Amma sübutlar yoxdur. Bir-birini təkzib edən “şahid” ifadələri, hüquqi anlayışlardan uzaq məhkəmə araşdırması vəkillərin dəmir məntiqinə və N!DA-çı gənclərin zaldakı alqışlarına tab gətirmədi.
Düzünü deyim, ağır cinayətlərə dair məhkəmədə adı tez-tez hallanan Bakı bulvarındakı o heykəl kişini mən çox görmüşəm. Sir-sifətindən, duruşundan, qiyafəsindən abırlı adama oxşayır. Gənclərin onunla məzələnməsinin 64 ilə başa gələcəyini bilsəydi heç özü razı olmazdı bu işə. Hər halda mərdimazara oxşamır, sadə adam təsiri bağışlayır. İlkin ötən dəfə hakimdən xahiş etdi ki, o heykəl müəllimin şəklin ona versin. Bəlkə də İlkin bəy o abırlı, vicdanlı, mənliyi olan heykələ təşəkkür etmək istəyirdi. Çünki o cansız heykəl hökumətin nəzarətində olan yeganə abırlı vücuddur ki, bu gənclərin üzünə durmadı. Təkcə onu danışdırmaq mümkün olmadı, axı ibtidai istintaqda müstəntiq açıqca demişdi ki, imkanım olsaydı sizə heykəli zorlama maddəsi verərdim. Düzdür həmin maddə rəsmiləşməsə də, hüququn zorlanması göz qabağındadır. Axı necə ola bilər ki, azad düşüncə, yüksək idealların daşıyıcısı olan bu gənclərin evlərindən mənşəyi məlum olmayan narkotika bağlaması çıxsın? Niyə bu narkotika məhz, həyata daha çox ayıq münasibət bəsləyənlərin, azad yaşamaq eşqinə düşən, demokratiya istəyində bulananların evindən çıxır? Bizim bəyənmədiyimiz sovet hökuməti, belə, öz vətəndaşını narkotika ittihamı ilə tutmağı ləyaqətinə sığışdırmırdı.
“Molotov kokteyli” isə gənclərin üzərində sınaqdan keçirilən yeni bir eksperimentdir. Yalnız bir keyfiyyəti məlumdur ki, yandırıcı maddədir. Hələ ki, butulkaların ağzı açılmayıb, amma bir şey məlumdur ki, açılsa kimisə yandıracaq. Hakimiyyət narkotikaya uyub odla oynayır. Tiryəkə aludə olanlar oda meylli olurlar. Odla oynamaq təhlükəli peşədir. Almaniyada faşistlər də 1933-cü ilin fevralında Reyxstaqı yandırmaqla işə başladılar. Son nəticədə qaladıqları alovda özləri də yandı. Bu “Molotov kokteyli” hələ heç kimə qələbə gətirməyib. PKK 30 ilə yaxın Sovet xüsusi xidmət orqanları tərəfindən ötürülən bu kustar butulkalarla Türkiyəni oda yaxmaq istəsə də, baş PKK-çının sədası indi İmralıdan gəlir. Ona görə bizim xidmət orqanlarımız köhnə butulkalara təzə fitil qoymağa tələsməsinlər. Bu kokteyl hələ heç kəsin ağzını dada gətirməyib, bu butulkalar hələ heç kəsi ağ günə çıxarmayıb. Tövsiyəmiz ondan ibarətdir ki, gənclərlə ehtiyatlı olun, onlarla belə ədalətsiz rəftar etməyin, onların içindəki atəşi alovlandırmağa çalışmayın. Od bütün hallarda oddur və onunla ehtiyatlı olmaq lazımdır.
Narkotika, “Molotov kokteyli” və bulvardakı abırlı kişi! Budur Azərbaycan hüquq sisteminin ən yeni nailiyyəti. Bəlkə hakimiyyət orqanları gənclərin üzərində sınaqdan keçirilən bu sintezin hüquqi izahını versinlər.
Ölkədə yeni iş yerləri açılmasa da, məhkəmələrimiz əsas iş verən orqanlar kimi işsizliyin aradan qaldırmasında müstəsna rol oynayırlar. Bu günlərdə xatirəsi yad edilən Baba Pünhan demişkən:
Verməz heç kim iş bizə,
İş verməsə hakim bizə!
Demək olar ki, hər həftə mən N!DA-çı gənclərin məhkəməsində iştirak etmişəm. Məhkəmlərimiz qürur duyulası yer olmasa da, öz idealları uğrunda onların iradə nümayiş etdirmələri qəlbimi qürur hissi ilə doldurur. Onlar Azərbaycan gəncliyinin mənliyini və ləyaqətini zamanın imtahanından şərəflə çıxarırlar. Həyat təcrübələri az olsa da, tarixə nümunə verirlər, vətəni sevmək nümunəsi, onun dərdlərini yaşam tərzinə çevirmək nümunəsi, yaşamaq üçün yarınmağın deyil, adam kimi yaşamağın örnəyini verirlər. Hər dəfə onlara baxanda köksüm iftixar hissi ilə dolur. Onların dəmir qəfəs içərisindəki azad düşüncələrinə heyrət etməli olursan. N!DA-çı dostlarımız vətən sevgisinin, azadlıq ideallarının, demokratiya istəklərinin cəzasını çəkirlər. Sözün tam mənasında onlar öz idealları ilə deyil, öz cəzaları ilə də Azərbaycanın yeni tarixini yaradır, öz tərcümeyi-hallarını yazırlar.