Azərbaycan və İran prezidentləri hansı ölkə ilə bağlı razılaşma əldə edib?
İlham İsmayıl: “Səfirin dedikləri təbliğat xarakterli, eyni zamanda Azərbaycanı zərbə altında qoyan bir bəyanatdır”
Bakı və Tehran “üçüncü qüvvə”yə qarşı razılaşma əldə edib. Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin prezident İlham Əliyevin İrana rəsmi səfərinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. Səfirin sözlərinə görə, üçüncü qüvvələr Azərbaycanla-İran münasibətlərinə zərər verməməlidilər və bu, İ.Əliyevin İran səfəri zamanı müzakirə olunan əsas məsələlərdən biri olub. Buna görə hər iki ölkə qərara aldıb ki, belə hücumların qarşısını almaq üçün səylər artırılmalıdır.
İranın İsrail və ABŞ-la münasibətlərinin pis olduğunu, həmçinin Azərbaycanın bu ölkələrlə əməkdaşlığının dəfələrlə Tehranın narazılığına səbəb olduğunu nəzərə alsaq, səfirin “üçüncü qüvvə” deyəndə məhz bu iki ölkəni nəzərdə tutduğunu güman etmək olar. Dəfələrlə İran tərəfi Azərbaycanı İsraillə əlaqələri kəsməyə çağırıb.
Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın İranla belə bir razılıq əldə etməsi ABŞ və İsrailin də narazılığına səbəb ola bilər. Bu da rəsmi Bakı üçün ciddi problemlər yarada bilər. Belə olan halda səfirin dediyi kimi “üçüncü qüvvəyə qarşı razılaşma” əldə olunubsa, bu, Azərbaycana hansı problemlər yarada bilər və “üçüncü qüvvənin” buna cavabı nə olacaq?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl İran səfirinin belə bir bəyanatının daha çox təbliğat xarakterli olduğunu deyir. Çünki hətta belə bir razılaşma olsa belə, tərəflər onun məxfiliyini gözləməlidir. Əks halda bu, razılaşmanın əleyhinə işləyə bilər: “Ola bilsin ki, isti söhbətlər olub. Ancaq bu söhbətlərin razılaşma səviyyəsində olması mümkün deyil. Çünki bu, Azərbaycanın indiyə qədər apardığı siyasətin əleyhinə olardı. Ancaq hətta belə bir razılaşma olsaydı, tərəflər onun məxfiliyini gözləməliydilər. Onun elan olunması razılaşmanın əleyhinə getmək deməkdir”.
Ekspertin sözlərinə görə, belə bir razılaşma olacağı təqdirdə həmin o “üçüncü qüvvə” hər iki tərəfə təzyiq göstər bilər. Ona görə də səfirin dedikləri təbliğat xarakterli, eyni zamanda Azərbaycanı zərbə altında qoyan bir bəyanatdır: “Görünür, belə bəyanatların nəticəsidir ki, İsrail xarici işlər naziri yaxın günlərdə Azərbaycana səfər edəcək. Hər halda İranla Azərbaycan arasında yazılı razılaşmanın olduğuna inanmıram. Sadəcə olaraq müəyyən söhbətlər ola bilər ki, başqa bir dövlət aramıza girməsin. Ancaq bunu açıqlamaq təbliğat xarakterli addımdır”.
Fizzə