Anar Məmmədli: «Baş verənlər həyata keçirdiyimiz layihələrlə bağlıdır və biz dəfələrlə belə hallarla üz-üzə qalmışıq»
Oktyabrın 31-də Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) ofisində yoxlamalar aparılıb, kompüterlərə baxış keçirilib. Mərkəzin rəhbəri Anar Məmmədli Azadlıq Radiosuna açıqlamasında məlumatı təsdiqləyib və baş verənləri həyata keçirdikləri layihələrlə əlaqələndirib:
“Yoxlamaları Baş Prokurorluğun Ağır Cinayətlərə dair Istintaq Idarəsi aparır. Bizimlə bağlı bu məsələ bir-neçə gün əvvəl başlanıb. Bu yoxlamalar bizim layihələrlə bağlıdır. Bir qədər anlaşılmazlıq var, belə ki, adətən bu məsələlərlə bağlı Vergilər Nazirliyi yoxlama aparmalıdır. Bizim təşkilat dəfələrlə belə hallarla üzləşib və 2008-ci ildə də bizim qeydiyyatımız ləğv edilib. Sonra bizim bölgələrdə fəaliyyətimizə məhdudiyyətlər yaradıldı. Son seçkilərdən sonra bizimlə bağlı bəyanatlar verildi, daha sonra Quba şəhərində bir nəfəri SMDT-nin koordinatoru kimi təqdim edərək, guya bizim seçkiləri tanıdığımızı bildirdilər, hətta Əli Həsənovun, Elxan Süleymanovun çıxışlarında SMDT-nin fəaliyyətinə toxunuldu. Son günlər isə bizim təşkilatın əməkdaşları prokurorluğa çağırılır, ifadələri alınırdı. Bəzi məsələlər istintaq sirri olduğu üçün detallı məlumat vermirik, hələ ki, gözləyirik” – deyə Anar Məmmədli bildirib.
ÿSMDT-nin ofisində yoxlama aparılmasına Baş Prokurorluqdan da münasibət bildirilib. Prokurorluğun mətbuat xidməti noyabrın 1-də yaydığı rəsmi məlumatda bildirir ki, “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”ndə yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsində müvafiq araşdırmalara başlanılıb. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.