Hakimiyyətin ABŞ-da uğursuz təbliğat cəhdi

  • PDF

Font Ölçüsü

Xədicə Ismayılova: «Vaşinqton Tayms» ictimai rəyə təsir gücü olmayan mətbuat orqanıdır və bu qəzetdə məqalə dərc etdirmək ictimaiyyəti çaşdırmaq cəhdidir»

Rahim Hacıyev: «ABŞ-ın, eləcə də dünyanın nüfuzlu nəşrlərində Azərbaycan hakimiyyəti bu tipli materialları çap etdirməyə nail ola bilməyib»

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın  “Vaşinqton Tayms” qəzetində məqalə dərc edib. Məqalədə Azərbayacandakı inkişaf, Ilham Əliyevin seçkilərdə qalib qəlməsi, beynəlxalq aləmin Azərbaycandakı seçkiləri yüksək qiymətləndirməsi istiqamətində geniş fikirlər yer alıb. Sonda isə Elin Süleymanov bildirir ki, biz ABŞ-Azərbaycan münasibətlərini gücləndirməyə, mövcud stereotipləri dağıtmağa çalışmalıyıq, yeni sterotiplərin yaradılmasına deyil. 

Məqalədən də görünür ki, ABŞ-Azərbaycan münasibətləri yüksək səviyyədə deyil və hakimiyyət ABŞ-ı dostluğa çağırır.

Maraqlı budur ki, bu məqalə 170 mətbu orqanında dərc olunub. Nəzərə alsaq ki, bir mətbu orqanda məqalə dərc olunması müəyyən maliyyə tələb edir, o zaman bu qənaətə gəlmək olar ki, 170 mətbu orqanda məqalə dərc etdirmək yüksək maliyyə hesabına başa gəlib. Ancaq görünür, bu qədər xərc öz bəhrəsini verməyib və məqalə gözlənilən rezonansı yaratmayıb.

Araşdırmaçı-jurnalist Xədicə Ismayılova bildirdi ki, “Vaşinqton Tayms” qəzeti Amerikada nüfuzlu nəşr sayılmır və hakimiyyətin bu qəzetdə məqalə dərc etdirməsi ictimaiyyəti çaşdırmaq cəhdidir: “Hesab edirəm ki, hakimiyyət müxtəlif mətbu orqanlarda məqalələr dərc etdirməyə kifayət qədər vəsait xərcləyib. Ancaq bu məqalələr ABŞ-ın mövqeyinə təsir göstərə bilməz. Onu də qeyd edim ki, ABŞ da 2 nüfuzlu qəzet var. Bunlar ”Vaşinqton Post" və “Nyu York Times” qəzetləridir. Bu qəzetlər ictimai rəyə təsir edə bilirlər. “Vaşinqton Tayms” isə nüfuzlu qəzet sayılmır və ictimai rəyə təsir imkanı yoxdur. Əksinə, bu qəzetdə dərc olunan məqalələr qıcıq doğurur. Bu məqalələr daxili auditoriyanı çaşdırmaq məqsədi daşıyır. Məsələn, xeyli adam “Vaşinqton post”la, “Vaşinqton Tayms”ı fərqləndirə bilmir. Elə düşünürlər ki, bu qəzetlər eyni çəkiyə malikdir. Insanları bu istiqamətdə maarifləndirmək lazımdır".

Siyasi ekspert Rahim Hacıyev hesab edir ki, eyni vaxtda çoxlu sayda mətbuat orqanında eyni məzmunlu materialın çap edilməsi qabaqcadan planlaşdırılmış və həyata keçirilmiş aksiyadır: “Artıq uzun illərdir ki, ABŞ da fəaliyyət göstərən lobbi təşkilatları ilə Azərbaycan hakimiyyəti qarşılıqlı şəkildə razılaşdırılmış maliyyə vəsaitini ödəmək müqabilndə iş aparır. Burda təəccüblü heç nə yoxdur. Hələ 1947-ci ildə ABŞ-da lobbi fəaliyyəti haqqında qanun qəbul olunub. Lobbi fəaliyyəti ilə məşğul olan təşkilatlar ABŞ qanunvericliyi ilə müəəyən edilmiş qaydalar çərçivəsində hərəkət edir. Onlar əldə etdiyi gəlirlərdən vergi də ödəyir. Eyni zamanda 170 mətbuat orqanında bu materialın çap olunması ABŞ ictimai rəyinə təsir göstərmək baxımından o qədər də səmərəli variant deyil. Nəyə görə? ABŞ böyük, eyni zamanda demokratik sistemin mövcud olduğu ölkədir. Və belə şəraitdə olduqca böyük sayda mətbuat orqanlarının mövcudluğu tamamilə təbiidir. Başlıca məsələ çoxlu sayda mətbuat orqanında hər hansı materialın çapı deyil, ictiami rəyə müstəsna təsir imkanı olan və ABŞ hakimiyyət strukturlarının  hesablaşdığı mətbuat orqanlarıdır. Məsələ burasındadır ki, nəinki ABŞ-da, eləcə də bütün dünyada mətbuat orqanı kimi böyük nüfuza sahib olan nəşrlərin heç birində Azərbaycan hakimiyyəti bu tipli materialları çap etdirməyə nail ola bilməyib. Məlumat üçün bildirək ki, rəyi ilə ABŞ hökumətinin də hesablaşdığı və bütün dünyada çox nüfuzlu mətbuat orqanı kimi tanınan ”Taym" jurnalının 3 milyon, “Nyu York Times”ın 1 milyon 600 min, “Vaşinqton Post”un 800 min, “Uoll Street Journal”ın 2 milyon tirajı var və bu mətbuat orqanları  sifarişli materialları adətən çap etmir. Tam əsasla demək olar ki, həmin 170 mətbu orqanın tirajı “Vaşinqton Post”un  qədər deyil. Həqiqət ondan ibarətdir ki, Azərbaycanda normal seçkilər keçirilsəydi bütün dünya bunu təqdir edər və ölkəmizin nüfuzu daha da artardı".

Ilham Hüseyn

 










Yeni Xəbərlər:
Öncəki Xəbərlər:

Oxunub

Son Yenilənmə Bazar ertəsi, 28 Oktyabr 2013 13:31