Hakim Həsən Əliyev iş adamının pullarını mənimsəmək üçün Prezident Administrasiyasına qədər gedib
Qəzetimizin 18.10.2013-cü il tarixli sayında “Bakıda məşhurların adı hallanan müdhiş dəlduzluq əməliyyatı” adlı yazı dərc etmişdik. Yazıda Ağdam sakini olan iş adamı Elman Məmmədovun günahsız həbs olunmasından və bu məsələ ilə bağlı məşhur adamların dələduzluq əməliyyatından bəhs etmişdik. Elman Məmmədovun vəkili, tanınmış hüquqşunas Adəm Məmmədovun təqdim etdiyi materiallar əsasında hazırlanmış yazıda söhbət Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ramazan Səlimov adlı soydaşımızın hər hansı vəzifəyə təyin olunması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevə 600 min manat pul verməsindən gedirdi.
Elman Məmmədovu Bakı şəhər Prokurorluğuna kim göndərib?
Dünən Elman Məmmədovun vəkili Adəm Məmmədovla əlaqə saxlayıb işin nə yerdə olduğu ilə maraqlandıq. Vəkil Adəm Məmmədovun dediklərini təqdim edirik: “Əvvəllcə sizə öz təşəkkürümü bildirirəm ki, hüquqlarını müdafiə etdiyim şəxsin problemlərini və bu yöndə mənim araşdırmalarımı olduğu kimi qəzətinizdə dərc etmisiniz. Təbii ki, günahsız yerə tutulmuş Elman Məmmədovun hüquqlarını tam qorumaq üçün mən araşdırmalarımın əhatəsini daha da genişləndirdim və yenə çox məşhur adamların adı qanunsuz əməllərdə göründü. Yəqin ki, məhkəmənin gedişatında daha maraqlı məqamlar üzə çıxacaq. Bilirsiniz, əgər qanunsuz əməllərə yol verən savadsız, hər hansı bir qanunvercilikdən başı çıxmayan sadə vətandaşlar olsaydı işim nisbətən asan olardı. Ancaq araşdırmalar nəticəsində böyük vəzifə sahiblərinin, hüquq mühafizə əməkdaşlarının puldan ötrü hər cür qanunsuzluğa getməsini görəndə adam həm heyrət edir, həm də müvəkkilimin hüquqlarını qorumaq çətinləşir. Lakin bunlara baxmayaraq vəkil kimi öz funksiyamı sona qədər yerinə yetirəcəyəm”.
Vəkilin həm bizə təqdim etdiyi materiallardan, həm də onun söhbətlərindən aydın oldu ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev təkbaşına vəzifə başında olan xeyli insanı toruna sala bilib.
Ötən yazımızda qeyd etmişdik ki, hakim Həsən Əliyev Ramazan Səlimovu vəzifəyə təyin etmək üçün ondan aldığı 600 min manat almasını təsdiq edən iki sənəd verib. Onlardan biri 300 min manat alınması barədə notarial qaydada təsdiq olunmuş, digəri isə yenə 300 min manat alınması barədə sadə yazılı və Həsən Əliyevin imzası ilə təsdiq olunmuş sənəddir.
Həsən Əliyevin Ramazan Səlimovdan 300 min manat aldığını təsdiq edən 05.12.2012-ci il tarixli borc müqaviləsini və həmin məbləği evdə aldığını imzası ilə təsdiq edən sənədlərin surətlərini təqdim edirik. Qalan 300 min manatın alınmasını təsdiq edən əlyazma şəklində olan sənədin surətini növbəti sayımızda təqdim edəcəyik. Bu sənədlərdən görünür ki, hakim Həsən Əliyev çox ciddi qanun pozuntusuna yol verib.
Hazırda istintaq təcridxanasında olan iş adamı Elman Məmmədovun şikayət məktubuna diqqət yetirək: “Hakim Həsən Əliyev mənə zəng edərək bildirdi ki, onun haqqında başlanmış araşdırma materialı Nərimanov rayon Polis Idarəsinin 16-cı polis bölməsindən alınaraq Bakı şəhər Prokurorluğuna – Namiq Həsənovun icraatına verilib. Dedi ki, mən işdən çıxa bilmirəm, öyrən, gör məsələ nə yerdədir. Mən də Namiq Həsənovla görüşəndən sonra öryəndim ki, iş çox qəlizdir. Çünki Ramazan Səlimov öz izahatında qeyd edib ki, onu vəzifə almaq üçün yüksək çinli məmurların yanına hakim Həsən Əliyev göndərib. Həmin məmurlar bunlardı: Qaradağ rayon Icra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yasamal rayon Polis Idarəsinin rəisi Ismayıl Əsədov. Ancaq bu məmurlar hakim Həsən Əliyevin köməyinə çata bilmirlər”.
Adəm Məmmədovun verdiyi məlumatlardan aydın olur ki, Həsən Əliyevin tikinti maqnatı olan “Şərurlu Isfəndiyar”dan faizlə 200 min manat borc pul götürüb. Lakin müddət bitib, Həsən Əliyev isə borcu qaytara bilməyib və “Şərurlu Isfəndiyar”dan aslı vəziyyətə düşüb. Elə bu dəmdə Allah Ramazan Səlimovu yetirib. Ramazan Səlimovun əlində bir neçə milyon olduğunu bilən Həsən Əliyev heç bir çətinlik çəkmədən onun 600 min manatını ələ keçirir.
Adəm Məmmədov deyir ki, Həsən Əliyev Ramazan Səlimov kimi pullu birisini əldən buraxmaq istəməyib. Ona görə də dostu Elman Məmmədov və Hərbi prokurorluğun əməkdaşı Ülvi adlı şəxslə birlikdə 8-ci mikrorayonda yerləşən, özünə məxsus, lakin qardaşının adına olan “Palma” restoranında çörək yeyərkən bildirib ki, Nərimanov rayon Polis Idarəsinin 16-cı polis bölməsinin təhqiqatçısı Şövqü və əməliyyatçı Məhərrəm müəllim onu şantaj edirlər. Lakin sonradan məlum olur ki, bu şantaj deyilmiş. Sadəcə adıçəkilən şəxslər Həsən Əliyevə deyiblər ki, 600 min manat “atdığın” Ramazan Səlimov və həyat yoldaşı bölmənin qapısını sındırırlar ki, pulumuzu qaytarın. Beləliklə, Həsən Əliyev təhqiqatçı və əməliyyatçının bu həqiqəti söyləməsini şantaj kimi qələmə verib. Həmçinin Hərbi Prokurorluğun əməkdaşı Ülvi adlı dostunun yanında Elmana deyib ki, aldığım 600 min manat pulun 250 min manatını qaytarıb, qalan 350 min manat pulu da “Palma” restoranını satandan sonra ödəyəcək.
Işə Hərbi Prokurorluğun əməkdaşı qoşulur
Hərbi prokurorluğun əməkdaşı Ülvi isə bildirib ki, onun Ədliyyə Nazirliyində yüksək vəzifədə işləyən Hacı Azər Orucov adlı bir dostu var. O, bu işi tamam-kamal həll edə bilər. Çünki onun yuxarı dairələrlə çox sıx əlaqələri var. Həsən Əliyev bu sözdən sevincək olur və fikirləşir ki, qalan pulları yəqin ki, qaytarmayacaq. Ona görə də Ülvidən xahiş edir ki, təcili Hacı Azərlə onu görüşdürsün. Səhəri günü Ülvi Hacı Azəri Elmanla tanış edir və söhbət zamanı bildirilir ki, Həsən Əliyev də bu görüşə gəlsin. Lakin onun adını eşidən Hacı Azər başını tutur ki, bəs Həsən Əliyevi Binəqədi rayon Məhkəməsinin sədri işləyəndən tanıyır və düz-əməlli adam deyil. Sonradan məlum olur ki, Hacı Azər Orucov da Həsən Əliyevdən geri qalmır. Yeri gəlmişkən, Azər Orucov Bakı Apelyasiya Məhkəməsinin Icra Şöbəsində icra məmuru işləyir. Hacı qiyməti dərhal 200 min manatdan başlayır. Elmana Ülviyə bildirir ki, Həsən Əliyevə deyin 200 min manat versin, bununla da Ramazan Səlimov o puldan imtina edəcək, bu barədə ona yazılı qəbz də verəcək. Beləliklə onun haqqında başlanmış araşdırma işi dayandırılacaq. Hətta Məhkəmə Hüquq Şurasından hər hansı təzyiq olarsa, onun da qarşısını mütləq alacaq.
Yollar Prezident Administrasiyasına aparır
Işin başlanğıcı üçün isə o, beh kimi 50 min manat tələb edir. Lakin Həsən Əliyev 25 min manat verə biləcəyini deyir və dediyi kimi də edir. 25 min manat pulu Elmanın iştirakı ilə Milli Məclisin yanında Hacı Azərə verir. Hacı isə 25 min manatı götrüb bildirir ki, bu saat elə buradan Prezident Administrasiyası Hüquq Mühafizə Orqanları ilə Iş Şöbəsinin müdiri Fuad Ələsgərovun köməkçisi Orxan müəllimin yanına gedəcək. Həsən Əliyev Hacı Azər vasitəsilə məsələni həll edəcəyinə tam əmin olduqdan sonra Elman Məmmədovdan tələb edir ki, Ramazan Səlimova qaytarılan pulu geri alsın. Həsən Əliyev Elman Məmmədovun qarşısında qəti tələb qoyur: Ya o 250 min manata bu iş tamam bağlanmalıdır, ya da ondan bu işin bağlanması üçün 100 min manat pul alıb Nərimanov rayon polis idarəsinin 16-cı polis bölməsinin rəisi Hikmət Usubova verdiyini aləmə car çəkəcək. Bununla da Elman Məmmədovu şərləyib tutduracağını bildirir.
Məhkəmə Hüquq Şurası hakim Həsən Əliyevə qarşı hərəkətə keçib
Həsən Əliyev dediyini edir. Elman Məmmədov heç nəyin üstündə həbs olunur. Təbii ki, burada Həsən Əliyevin həmkarı, Nəsimi rayon Məhkəməsinin hakimi Şahin Abdullayevə təzyiqi böyük rol oynayır və nəticədə iş adamı Elman Məmmədovun barəsində ilkin sübutlar olmadan qanunsuz olaraq 3 aylıq həbs qətimkan tədbiri seçilir. Bəs illərlə çörək kəsdiyi dostu Elman Məmmədovu həbs etdirən Həsən Əliyev Ramazan Səlimovun pullarını mənimsəyə bilibmi?
Gəlin burada vəkil Adəm Məmmədovun fikirləri ilə tanış olaq: “Bütün araşdırmalardan sonra, qəti qərara gəlmişəm ki, hakim Həsən Əliyev çox ciddi qanun pozuntusuna yol verərək etibardan sui-istifadə etməklə Ramazan Səlimovun külli miqdarda pulunu ələ keçirib. Bir hakimin bu qədər qanunsuzluğa yol verməsi hüquq müdafiəçisi kimi məndə çox böyük təəccüb doğurdu. Araşdırmalarım zamanı Həsən Əliyevin hakimliklə bir araya sığmayan elə əməllərilə rastlaşdım ki, onları dövlətçilik baxımından ictimaləşdirməyi məqbul saymadım. Onu da qeyd edim ki, mənim verdiyim məlumatlar və müvəkkilimin şikayəti əsasında hazırlanan ötən dəfəki yazıdan sonra Məhkəmə Hüquq Şurası ciddi fəaliyyətə keçib. Həsən Əliyev barəsində intizam icraatı başlayıb. Buna görə də öz adımdan ədliyyə naziri, eyni zamanda Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova dərin təşəkkürümü bildirirəm. Etibarlı mənbədən əldə etdiyim məlumata əsasən hakim Həsən Əliyevin həbsi gündəmə gəlib və o yaxın günlərdə tutduğu qanunsuz əməllərə görə həbs olunacaq. Bundan sonra inanıram ki, hüquqi dövlət quruculuğu yolunda atılan uğurlu addımlar davam etdiriləcək və günahsız insanlar bir daha həbs olunmayacaq”.
Vəkil Adəm Məmmədov bildirib ki, növbəti dəfə daha sensasion faktları ictimailəşdirəcək. “Elman Məmmədovu Milli Təhlükəsizlik Nazirliyinin 4-cü mərtəbəsində döyən və iş düzəltmək adı ilə guya Həsən Əliyevdən 100 min manat pul aldığını 6 nəfər MTN işçilərilə birlikdə işgəncə yolu ilə müvəkkilimə yazdıran idarə rəisinin və həmkarlarının, eyni zamanda ”Kişmiş” restoranında Ramazan Səlimovun görüşdüyü 2 deputatın adlarını açıqlayacığıq”, – deyə Adəm Məmmədov əlavə edib.
“Azadlıq”ı izləyin.
Ilham