Gənclər aksiyaya hazırlıqdan danışdı
Bakı Şəhər Icra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının oktyabrın 27-ə təyin etdiyi mitinqlə bağlı məktubu cavablandırıb. Bakı Şəhər Icra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun AzNews.az-a verdiyi məlumata görə, Milli Şuranın razılaşdırılma ilə bağlı məktubuna müsbət cavab verilib. Belə ki, Milli Şuranın oktyabrın 27-də Yasamal rayonunda yerləşən “Məhsul” Idman Sağlamlıq Mərkəzinin stadionunda mitinq keçirməsinə etiraz edilməyib.
Milli Şura mitinqə qərar verilən gündən hazırlıqları davam etdirir. Bu istiqamətdə qurumda təmsil olunan partiya və təşkilatlar təbliğat işinə start verib və 27 oktyabr mitinqinin daha kütləvi olacağı bildirilir. Onu da qeyd edək ki, bu gün Milli Şuranın növbəti sessiyası keçiriləcək və əsasən mitinqə hazırlıq müzakirə olunacaq.
Artıq Milli Şurada təmsil olunan gənclər təşkilatları da mitinqlə bağlı təbliğat işlərinə start veriblər və bu mitinin də lokamativi fəal gənclər olacaq. Budəfəki mitinq “Tələb edirik” şüarı ilə keçiriləcək.
AXCP Gənclər Komitəsinin koordinatoru Elnur Məcidli qəzetimizə açıqlamasında bildirdi ki, buhəftəki fəaliyyətimiz əsasən mitinqə hazırlıqla bağlıdır və partiyanın bütün rayon şöbələrinə müvafiq tapşırıqlar verilib: “Gənclər hər zaman mitinqlərdə fəal olub və bunu vətəndaşlıq borcu hesab edib. Biz də həmişə olduğu kimi 27 oktyabr mitinqinə ciddi hazırlaşırıq, şüarlar, plakatlar hazırlayırıq, sosial şəbəkələrdə təbliğatımızı davam etdiririk. Artıq 50 minə yaxın insan mitinqə dəvət olunub, minlərlə insan mitinqdə iştirak edəcəyini ifadə edib. Hesab edirik ki, ölkədəki acınacaqlı vəziyyət, seçkilərin saxtalaşdırılması, ləyaqətli insanların şərlənərək həbs olunması və digər səbəblər bu mitinqdə iştiarkı qaçılmaz edir. Bu mitinq həm də vicdan, ləyaqət məsələsidir. Ölkə gəncliyini 27 oktyabr mitinqində fəal iştirak etməyə və öz hüquqları uğrunda mübarizəyə səsləyirik”.
VHP Gənclər Komitəsinin sədri Pünhan Imamlı daÿmitinqdə fəal iştirak edəcəklərini və bu istiqamətdə zərurri işlərin görüldüyünü bildirdi: “BŞIH-in cavabından asılı olmayaraq biz mitinqə hazırlaşırdıq və bu istiqamətdə insanlar arasında təbliğat aparırdıq. Görünən budur ki, nəinki müxtəlif partiya və təşkilatlarda təmsil olunan gənclər, həm də bitərəf gənclər mitinqdə iştirak etməkdə qərarlıdır. Biz hesab edirik ki, 27 oktyabr mitinqi ədalətsizliyə, saxtakarlığa, oğurluğa etiraz etməkdir və ölkədə demokratiyanın bərqərar olmasını istəyən hər kəs bu etiraza qoşulmalıdır. Bizim özümüzün, doğmalarımızın, xalqımızın xoşbəxtliyi, göstərəcəyimiz vətəndaşlıq nümunəsindən asılıdır”.
“NIDA” Idarə Heyətnin üzvü Turqut Qəmbər bildirdi ki, bizim gənclər də mitinqdə tam tərkiblə iştirak edəcək və mitinqin yüksək səviyyədə keçirilməsi üçün lazım olan təbliğatı aparacaq: “Biz özümüzü bu prosesdən kənarda hiss etmirik və düşünürük ki, bu mitinqlərdə iştirak vacibdir. Buna görə də təşkilatımızın gəncləri böyük ruh yüksəkliyi ilə 27 oktyabr mitinqinə hazırlaşır və ətrafdakı insanlara bu mitinqin məqsədi haqda məlumatları çatdırır. Hesab edirik ki, özünü vətəndaş sayan, ləyaqətli həyat istəyən hər kəs mitinqdə iştirak etməlidir”.
Ilham Hüseyn