Təşviqat kampaniyasının ilk günündə bu qəzetin saytında gedən bir yazı narazılıq doğurdu
Prezidentliyə namizədlərin təşviqat kampaniyasına start verildi. Kampaniyanın ilk günündə “Yeni Müsavat” qəzetinin saytında (musavat.com) baş redaktorun birinci müavini Azər Ayxanın dərc olunan yazısı demokrati düşərgə üçün sürpriz də sayıla bilər. Çünki “Yeni Müsavat” qəzetinin rəhbərliyi təbliğat-təşviqat günlərində Milli Şuraya və onun vahid namizədi Cəmil Həsənliyə tam dəstək verəcəklərini bəyan etmişdilər. Azər Ayxan “Ögeylərin fəlakəti böyük olur” başlıqlı məqalədə isə Milli Şuranın sədri Rüstəm İbrahimbəyov və onu müdafiə edənlər çox kobud ifadələrlə hədəfə alınıb.
Müəllif konkret adlar da çəkib: Rəsul Quliyev, Lalə Şövkət, Eldar Namazov…
Məqalədə bircə kəlmə belə, Milli Şuraya hörmət və onun vahid namizədi Cəmil Həsənliyə dəstək ifadə olunmayıb.
Yazıda adı çəkilən ALP sədri Əvəz Temirxan indki məqamda ümumi işə ziyan vurmamaq üçün susmağa üstünlük verdiklərini dedi: “Bizim deyiləsi sözümüz çoxdur. Ancaq ümumi işə ziyan vurmamaq üçün susmağa üstünlük veririk. Cəmil Həsənlinin seçki kampaniyasına xələl gətirməmək üçün, Milli Şuranın fəaliyyətini pozmağa cəhd edənlərin oyununda iştirak etməmək üçün bu zərərli yazı haqqında şərh vermək istəməzdik. İnşallah, seçkidən sonra çox mətləblərə aydınlıq gətirərik”.
Milli Şura İcra Aparatının sədri Eldar Namazov bildirdi ki, bu qəzetdə belə yazıların dərc olunması artıq təəccüb doğurmur. Namazov sədri olduğu “EL” hərəkatının “bu cür pozucu hallarla bağlı” mövqe bildirəcəyini də əlavə etdi.
ACP sədri Sülhəddin Əkbər də bu tipli yazıların artıq təəccüb doğurmadığını, bu qəzetdə müxalifətin əleyhinə yazıların adi hal olduğunu bildirdi: “Milli Şura yaranandan “Yeni Müsavat” qəzeti bu qurumun əleyhinə kampaniya aparır və bu qəzetdə əks-təbliğatın sürətlə getdiyi heç kimə sirr deyil. Mən bu tipli yazıları həmin qəzetdə hər gün gözləyirəm və onların yazdığına ciddi şərh verməyə lüzum görmürəm”.
Yazının müəllifi Azər Ayxan isə son günlər qəzetdə Milli Şura haqda neqativ heç nə yazmadığını dedi: “Mən Rüstəm İbrahimbəyovun APA-ya son müsahibəsinə facebook səhifəmdə fikir bildirmişəm. Bu statusum “Yeni Müsavat” qəzetində çap olunmayıb, “musavat.com”da köşə kimi verilib. Biz gün ərzində onlarla facebook statusundan xəbər düzəldirik, yazılar veririk. Bu, o qədər təbii bir şeydir ki, bəzi siyasətçilərn, partiya sədrlərinin mənim bu statusumdan uzağagedən nəticələr çıxarması adamı heyrətləndirir. Adını demokrat qoyan bir sıra müxalifət siyasətçiləri deyirlər ki, biz ətrafımızda baş verən heç bir olaya fikir bildirməyək, yaxud bunlara sərf etməyən mövzularda yazmayaq. Bizim yazdıqlarımızdan çox yekə nəticələr çıxarıb özlərini sözün siyasi mənasında zora salanlar Rüstəm İbrahimbəyovun ittihamlarını cavablandırsınlar. Rüstəm müəllim deyib ki, məni zorla namizəd etdi Eldar Namazovla Rəsul Quliyev. Görünür birilərinə əsas hədəfdan yayaınmaları üçün bizim bir-iki facebook statusumuz bəhanə verib. Rəsul Quliyev Milli Şura üzvüdür, partiyası bu qurumda təmsil olunur, amma hər gün Milliu Şurtanın vahid namizədi haqda ağzına gələni danışır. Niyə Sülhəddi Əkbər öz sədrinin bu ziyanlı mövqeyinə etiraz etmir, amma bir jurnalistin fikir özgürlüyünü süngüylə qarşılayır”.
İlham Hüseyn