Məhəmməd Talıblı: «Azərbaycanda biznes şəraiti və rəqabət mühiti ürəkaçan deyil»
«Məmurların xarici ölkələrdə qeydiyyatdan keçən şirkətləri də xarici şirkət kimi Azərbaycana gəlir»
Beynəlxalq qurumların, o cümlədən Avropa Birliyinin insan haqları və demokratiya sahəsindəki problemlərlə bağlı iradlarına cavab olaraq Azərbaycan hökuməti bir qayda olaraq ölkədə iqtisadi və siyasi sabitliyin olduğunu misal gətirir. Rəsmilər bu sabitliyi ölkəyə investisiya axınına şərait yaratdığını da önə çəkir.
Bu günlərdə Bakıda keçirilən Avropa-Azərbaycan investisiya konfransında da investorları Azərbaycana məhz sabitliyin cəlb etdiyi və ölkədə 1200-dən artıq Avropa şirkətinin işlədiyi vurğulanıb.
Eyni zamanda son on ildə ölkə iqtisadiyyatına 132 milyard dollar həcmində investisiya qoyulduğu göstərilib.
Rəsmilərin bu açıqlamalarına baxmayaraq ekspertlər ölkədə əlverişli biznes mühitinin olmadığını və indiyə qədər bir sıra şirkətlərin məhz bu səbəbdən Azərbaycanı tərk etdiyini deyir.
Iqtisadçı-ekspert Məhəmməd Talıblı əvvəlki illərdə Azərbaycanda indikindən fərqli olaraq müsbət investisiya şəraitinin olduğunu bildirdi. Həmin dövrdə Azərbaycanda xarici şirkətlərin fəaliyyəti mümkün idi. Son illər tendensiya tamamilə dəyişib. Artıq xarici mətbuatda dərc edilən yazılarda korrupsiyanın qavrama indeksi ilə bağlı vəziyyətin olduqca çətinləşdiyi göstərilir. Ölkədə investisiya iqlimi daha da mürəkkəbləşib. Əgər əvvəlki illərdə ölkədəki anormal siyasi-iqtisadi şəraitlə bağlı beynəlxalq mediada ara-sıra məlumatlara rast gəlmək olurdusa, indi artıq nüfuzlu nəşrlərdə yüksək səviyyəli məmurlar, ölkə rəhbərliyi, hakim ailəyə məxsus biznesin daha da çiçəklənməsi ilə bağlı silsilə yazılar artıb. Bu yazıları yüksək səviyyəli reytinqi olan, rəqabətə davamlı şirkətlər də təhlil edir, qiymətləndirilir. Investisiya kəşfiyyatı zamanı onlar həqiqətən də ölkədə investisiya iqlimi və biznes şəraitinin kifayət qədər pisləşdiyini görürlər. Iqtisadi islahatlar sahəsində, ümumiyyətlə, heç bir irəliləyişin olmaması, ölkədə kölgə iqtisayyatının miqyasının artması, ədalətsiz məhkəmə qərarları hesabına mülkiyyətçilərin hüquqlarının tapdanması investisiya şəraitini daha da pisləşdirir. Bu zaman şirkətlər Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olmurlar.
Ekspertin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən şirkətlərin heç də hamısı Avropa şirkətləri deyil. Əslində məmurların xarici ölkədə qeydiyyatdan keçən şirkətləri də xarici şirkət kimi Azərbaycana gəlir. Ancaq hər bir halda biznes şəraiti və rəqabət mühiti ürəkaçan deyil.
Fizzə