Milli Şura üzvləri sonuncu sessiyadakı qərarı müdafiə edir
Demokratik Qüvvələrin Milli Şurasının son sessiyasında bu qurumun prezident seçkilərində iştirakıyla bağlı mühüm qərar verildi. Milli Şura təşkilatın sədri və prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun namizədliyini sona qədər müdafiə edəcəyini bir daha bəyan etdi. Amma bununla belə, təşkilat seçkidən kənarda qalmamaq üçün ehtiyat vahid namizədin də müəyyənləşdirilməsini məqbul saydı. Bir neçə gün ərzində bu namizədin adı da bəlli olacaq.
Milli Şuranın sessiyasında qəbul olunan bu son, eyni zamanda, mühüm qərarla bağlı təşkilat üzvlərinin fikirlərini öyrəndik.
“Milli Şuranın qəbul etdiyi qərar real vəziyyətə uyğundur”
Milli Şuranın üzvü, tanınmış hüquqşünas Namizəd Səfərov deyir ki, özünün də təmsil olunduğu qurum situasiyaya uyğun addım ataraq, belə bir qərar verib: “Mən bir hüquqşünas kimi, qətiyyətlə bildirirəm ki, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmaması üçün heç bir ciddi əsas yoxdur. Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından imtina etməsilə bağlı təqdim etdiyi ərizə onun qeydə alınması üçün kifayətdir. Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, bu, sadəcə hakimiyyətin süni maneə yaratmasıdır. Bu maneələri nəzərə alaraq, Milli Şurada müəyyən narahatlıqlar yaranır. Seçkidən kənarda qalmamaq üçün ehtiyat vahid namizəd seçmək ağıllı fikirdir. Düşünürəm ki, Milli Şura indiyə qədər düzgün seçim edib və indiki qərarı da vəziyyətə uyğundur”.
“Çoxluq bu qərarı dəstəkləyirsə, deməli, düzgün qərardır”
Milli Şuranın digər üzvü, politoloq Leyla Əliyeva deyir ki, təmsil olunduğu qurum bütün vəziyyətlərə hazır olmaq üçün məsələlərə məsuliyyətlə yanaşır: “Bu gün əsas odur ki, vətəndaşlar da öz üzərlərinə düşən məsuliyyəti dərk etsinlər, baş verənlərdən xəbər tutsunlar. Situasiyaya uyğun olaraq, Milli Şura öz üzərinə düşən məsuliyyəti dərk etməli və buna uyğun qərar qəbul etməlidir. Hesab edirəm ki, çoxluq Milli Şuranın son sessiyasında qəbul olunmuş qərarı dəstəkləyirsə, deməli, bu, düzgün addımdır”.
“Mən Milli Şuranın qərarına hörmətlə yanaşıram”
Milli Şuranın başqa bir üzvü, şair Musa Yaqub da son qərara hörmətlə yanaşdığını və bunun düzgün addım olduğunu düşünür: “Biz sona qədər Rüstəm İbrahimbəyovu dəstəkləməli, onun namizədliyinin qeydə alınmasına nail olmalıyıq. Əgər bu baş tutmasa, müəyyən maneələr yaradılsa, digər versiyaları da nəzərdən keçirməliyik. Ehtiyat namizədin seçilməsinə zərurət olsa, mən də bu seçimə hörmətlə yanaşaram və namizəd olan şəxsə öz dəstəyimi ifadə edərəm”.
“Milli Şura ehtiyat vahid namizəd seçməlidir”
Milli Şuranın daha bir üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının funksioneri Samir Əsədli də Milli Şuranın son sessiyasında çoxluğun qəbul etdiyi qərara səs verənlərdəndir: “Biz hesab edirik ki, Rüstəm İbrahimbəyovun seçkidə iştirakı mümkün olmasa, Milli Şura ehtiyat vahid namizədini seçməlidir. Bu istiqamətdə ciddi müzakirələr gedib və ehtiyat namizəd kimi, bir neçə ziyalının adı hallanıb. Biz də bu şəxslərdən birini ehtiyat namizəd kimi dəstəkləyəcəyik. Düşünürəm ki, Milli Şura sona qədər öz mövqeyini qorumalı, heç bir halda bu birlikdə parçalanmalar olmamalıdır”.
İlham