Elxan Şahinoğlu: “Balanslaşdırılmış siyasət və ya Qoşulmayanlar Hərəkatına üzvlük Azərbaycanı xilas edə bilməz”
Ilham Əliyev Tehranda işə başlayan Qoşulmayanlar Hərəkatının zirvə toplantısına qatılmadı. Iranla gərgin münasibətlərin fonunda baş verən hadisə diqqət çəkir. Amma başqa fikirdə olanlar da var. Bəzi ekspertlərin fikrincə, bu, Azərbaycanın antiQərb platformada yer almamaq istəyi ilə bağlıdır. Müsahibimiz “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu hesab edir ki, I.Əliyevin toplantıya qatılmamasının arxasında hər iki səbəb dayanır.
– Ilham Əliyev Tehrandakı sammitə yollansaydı, bu, Azərbaycanın Tehranın şantajları qarşısında təslim olması mənasına gələrdi. Tehran bir tərəfdən Azərbaycanla münasibətləri gərginləşdirmə xəttinə sadiqdir, iki vətəndaşımızı girov saxlayır, o biri tərəfdən də istəyir ki, Ilham Əliyev onların hüzuruna gəlsin. Tehran Əliyevin sammitə qatılmayacağını toplantıdan təxminən 10-15 gün əvvəl özü üçün yəqin edib. Məhz bu səbəbdən girovluqda saxlanılan iki vətəndaşımızla bağlı məhkəmə qərarı avqustun 23-dən sentyabrın ortalarına keçirildi. Ilham Əliyevin Tehrana gələcəyinə əmin olsaydılar, bəlkə də onları sammitin işə başlamasına 3 gün qalmış sərbəst buraxardılar.
– Bəs Tehrana getməməyin ikinci səbəbi haqqında nə düşünürsünüz?
– Tehranda Qoşulmayanlar Hərəkatı Iranın sülh məqsədli nüvə çalışmalarını dəstəkləyən qərara şərik olmalı, Israili isə lənətləməlidirlər. Doğrudur, Ilham Əliyev açıqlamalarında Iranın sülh məqsədli nüvə çalışmalarına haqqı olduğunu, o cümlədən Fələstinin müstəqilliyini də dəstəkləyə bilər, ancaq prezident seçkisinə bir il qalmış sırf antiQərb mövqeyinə üstünlük verən qruplara qoşulmağa da risq etməz. Seçkiyə bir il qalıb. Avrasiya bölgəsində çox ciddi proseslər cərəyan edir, Ilham Əliyev isə üçüncü dəfə prezident seçilmək istəyir. Bu mənada Ilham Əliyev ötəndəfəki seçkilərdən fərqli olaraq bu dəfə daha çox ehtiyatlı olmalı, ətrafdakı prosesləri ciddi analiz edərək Azərbaycana təsiri olan geopolitik oyunçularla ixtilafdan çəkinməlidir. Əks halda həmin oyunçu-dövlətlər gələnilki seçki üçün fərqli ssenariləri hərəkətə gətirə bilərlər. Başqa sözlə, ABŞ-ı qıcıqlandırmaq, onun əleyhinə olan qüvvələrlə bir mövqedə dayanmaq indiki hakimiyyətə 2013-də baha başa gələ bilər.
– Bəs onda rəsmi Bakı Azərbaycanı nədən Qoşulmayanlar Hərəkatına üzv edib?
– Bu, rəsmi Bakının səhv qərarlarından biri idi. Azərbaycan Qoşulmayanlar Hərəkatına üzv olanda rəsmilər “bu bizə lazımdır” deməklə kifayətləndilər. Quruma üzvlüyün gərəkliyini aydın izah edə bilmədilər. Indi isə Ilham Əliyev bu təşkilatın zirvə toplantısına qatılmır. Hazırkı vəziyyətdə doğru qərardır. Sadəcə, belə olan halda ötənilki sual yenidən gündəmə gəlir: Qoşulmayanlar Hərəkatına üzvlük Azərbaycanın nəyinə lazımdır? Bu qurumda üzvlük bizə hansı üstünlük qazandırır, hansı təhlükəsizlik problemimizi həll edir? Bu suallara bu gün də aydın cavab verilməyib.
– Bəs bu quruma üzvlüyün Qarabağ məsələsində bizə əlavə imkanlar saxlayacağını deyirdilər…
– Bu hesabla Azərbaycan beynəlxalq aləmdəki bütün təşkilatlara üzvlüyə çalışmalıdır. Belə olsaydı, Azərbaycanın BMT, ATƏT və Islam Konfransı Təşkilatına üzvlüyünün bugünə qədər Qarabağ məsələsinə müsbət təsirləri olardı. Rəsmilərimiz bir də onu deyirdilər ki, Qoşulmayanlar Hərəkatına üzvlük Azərbaycana üçüncü dünya ölkələri arasında təbliğat imkanlarını artırmaq imkanı verəcək. Maraqlıdır ki, Azərbaycan Qoşulmayanlar Hərəkatına üzv olduğu halda Ilham Əliyev bu təşkilatın sammitinə qatılmır, ancaq qurumda müşahidəçi statusunda olan Ermənistanın prezidenti Serj Sərkisyan isə Tehrana yollanır. Kim bilir, bəlkə Ermənistan Tehranın fətvası ilə bir gün Qoşulmayanlar Hərəkatına üzv də qəbul olundu. Belə olan halda Qoşulmayanlar Hərəkatının Qarabağ münaqişəsinin ədalətli həllinə hansı müsbət təsiri ola bilər və ya iştirak etmədiyimiz, qərarlarına şərik olmadığımız sammitdə təbliğat imkanlarımızı necə genişləndirəcəyik?
Rəsmi Bakı Azərbaycanı Qoşulmayanlar Hərəkatına üzv etməklə Brüssel və Moskvaya belə bir mesaj göndərdiyini düşünüb ki, bununla NATO və Rusiya onlardan əl çəkəcək. Çünki hər iki tərəf Azərbaycanı öz orbitində görmək istəyir. Ancaq bu hərəkata üzvlük də Azərbaycanı bu çəkişmədən xilas etməyib. Tərəflərdən heç biri Azərbaycanın neytrallığını qəbul etmir. Sözün düzü, Qarabağ kimi problemi, torpaqları işğal altında olan Azərbaycanın neytral qalması nəzəri cəhətdən də mümkün deyil. Təsadüfi deyil ki, Azərbaycan uğrunda Qərblə Rusiya arasında geopolitik savaşa ara verilməyib, əksinə bu proses bir az daha şiddətlənib. Rəsmi Bakı kiminlə olacağına dair qərarı bir qədər ləngidə bilər, ancaq seçimi illərlə uzada bilməz. Balanslaşdırılmış xarici siyasət və ya Qoşulmayanlar Hərəkatına üzvlük Azərbaycanı Iranın davamlı təhdidlərindən və Rusiyanın Qəbələ RLS-lə bağlı təzyiqlərindən xilas etməyib.
Xəyal