Naxçıvan MR “Demokratiya və QHT-nın Inkişaf Resurs Mərkəzi” Naxçıvanda ictimai-iaşə obyektlərinin kütləvi şəkildə bağlanmasına etiraz bəyanatı yayıb.
Sənəddə kafe və çayxanaların bağlandıqlarını, yeni fəaliyyət üçün hakimiyyət orqanları tərəfindən yeni sərəncamlar almağa məcbur edildiklərini bildirilər. Yaşayış binalarının birinci mərtəbəsindəki kafelərin təhlükəsizlik tədbirləri adı ilə ləğv olunacağı deyilir. Naxçıvan şəhəri və ona yaxın ərazilərdə bağlanmış çayxana və kafelərin sayı 160-a çatır. Yeni sərəncamlar üçün külli miqdarda rüşvət istənilməsi söhbətləri yayılır. Buna etiraz edən obyekt sahibləri təhdidlərə məruz qalırlar, obyektləri bağlanmış bir çox sahibkarlar bölgəni tərk edirlər.
Sənəddə Naxçıvan iqtidarının bu addımı vətəndaşların konstitusion haqlarının pozulması və özbaşınalıq sayılır.
Bu addım təkcə obyekt sahiblərinin yox, bölgə sakinlərinin rahat yaşamaq və toplaşmaq hüquqlarının kobud şəkildə pozulması kimi şərh edilir. Naxçıvanda insanların ən çox bir yerə yığıldığı yer çayxanalar olduğu üçün bu obyektlərin də total şəkildə bağlanması qarşıdan gələn prezident seçkilərinə kimi insanların bir yerə toplaşmağının qarşısını almaq sayılır. Müəlliflər bu addımı həm də Naxçıvan iqtidarının 2013-cü ildə keçiriləcək prezident seçkilərinə repressiv hadisələrə start verməsi adlandırır.
Son olaraq müəlliflər sosial durumun yüksək olmadığı Naxçıvanda kiçik iş adamlarına qarşı qanuna zidd əməllərə son qoyulmasını tələb edir, əks halda Naxçıvandan miqrasiya axının daha da artacağı xəbərdarlığı edir.