Azərbaycanda söz azadlığı varsa niyə YAP-çı deputat iki qəzetin adını çəkir?
YAP-çı deputat Siyavuş Novruzov Avropa Parlamentinin qətnaməsinə münasibət bildirərkən iddia edib ki, Azərbaycanda söz azadlığı ilə bağlı problem yoxdur: “Bütün KİV, o cümlədən müxalifət qəzetləri istədiyini yazır. Avropa parlamentariləri nümunə kimi yaxşı olar ki, “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə baxsınlar. Bu qəzetlərdə hakimiyyət nəinki tənqid olunur, hətta təhqir, böhtan baş alıb gedir. Həmin təşkilat “Azadlıq” qəzetinin bir aylıq nəşrlərinin monitorinqini aparıb görsün ki, hakimiyyət haqqında nə qədər şər-böhtan yazır, amma buna qarşı dözümlülük nümayiş etdirilir. Əgər söz, mətbuat azadlığı olmasaydı, bu yazılar yazıla bilərdimi?”.
Siyavuş Novruzovun bu fikirlərinin qeyri-ciddi olduğunu özünə də izah etmək üçün bir neçə məqamı YAP-çı deputatın diqqətinə çatdırmağa ehtiyac var.
Əvvəla, “Azadlıq” şər-böhtan yazmır. Şər-böhtan və təhqir üzrə ixtisaslaşan hakimiyyətin nəzarətində olan KİV-lərdir. Təkcə “Lider” kanalında yayımlanan süjetlər dediklərimizə sübutdur.
İkincisi, əgər Azərbaycanda söz azadlığı ilə bağlı problem yoxdursa, nədən Siyavuş Novruzov nümunə kimi yalnız iki qəzetin adını çəkir? YAP-çı deputat niyə izah etmir ki, hansı səbəbdən başqa qəzetlər hakimiyyətlə bağlı tənqidi materiallar dərc edə bilmir? Digər tərəfdən Azərbaycanda söz azadlığı varsa, nə üçün “Azadlıq”ın baş redaktoru Qənimət Zahid saxta ittihamlarla məhkumluq həyatı yaşamalı olub? Siyavuş Novruzov özü də yaxşı bilir ki, “Azadlıq”ın baş redaktoru və əməkdaşları Azərbaycanda məhz söz azadlığının olmaması üzündən təzyiqlərə məruz qalıblar. Qəzetin əməkdaşı Aqil Xəlil MTN zabitləri Akif Çovdarov və Dağbəyi Allahverdiyev tərəfindən döyülüb, daha sonra ölümünə bıçaqlanıb və nəhayət, həmin şəxslərin təzyiqlərindən yaxa qurtarmaq üçün ölkəni tərk edib. “Azadlıq”ın başqa bir əməkdaşı Fikrət Hüseynli hakimiyyətin təzyiq və təhdidlərindən yaxa qurtarmaq üçün Avropaya üz tutub. Qəzetin daha iki əməkdaşı – Seymur Həzi və Ramin Deko qəddarlıqla döyülüb. Yeri gəlmişkən, Aqil Xəlilin işi kimi Seymur Həzi və Ramin Deko ilə bağlı baş verən cinayət də ört-basdır edilib. Beləliklə, təkcə bir qəzetdən 5 nəfər Azərbaycanda söz azadlığının olmamasının acısını yaşayıblar.
Siyavuş Novruzov hansısa Avropa ölkəsindən belə bir nümunə gətirə bilərmi? Biz hələ başqa qəzetlərdə çalışan jurnalistlərə qarşı təzyiq, təqib, döyülmə hallarını qeyd etmirik. Əgər Azərbaycanda söz azadlığı varsa, nə üçün bu ölkədə baş redaktorun ağzına 6 güllə atılıb? Hə üçün 7 ildir ki, bu qətlin üstü açılmır? Siyavuş Novruzov söz azadlığı barədə danışanda düşünüb danışsa daha yaxşı olar. Ki, gülünc vəziyyətə düşməsin…
Vidadi Məmmədov