Heydər Camal: ”Əvvəllər belələri Şimali Koreya, Səddam Hüseyn və digərləri idi”
“İsrailə bel bağlamaq uzaqgörənlik deyil; Bu gün Azərbaycan üçün əsas problem İranla pis və Türkiyə ilə korlanan münasibətlərdir”
“Rəsmi Bakıya Tiflislə münasibətlərini korlamaq əlverişli deyil. Çünki Tiflisin rəsmi Tehranla münasibətlərini yaxşılaşdırması fonunda Bakı üçün əlverişsiz vəziyyət yaranır”. Bunu SalamNews-a Rusiyanın İslam Komitəsinin sədri Heydər Camal regional və beynəlxalq məsələlərə toxunarkən bildirib. Onun dediklərindən bəzi hissələri təqdim edirik:
İsrail ləğv edilən brenddir
Bakı anlamalıdır ki, mason Qərblə oyunlarda güc və vaxt itirir. Onlar üçün Azərbaycan ciddi əhəmiyyət daşımır. Belə qərbmeyilli hərəkətlər Azərbaycanın İran və Türkiyə ilə münasibətlərini korlayır.
Demək lazımdır ki, İsrail artıq ölmüş ulaqdır. İsrailin günləri sayılıdır, bu ölkənin taleyi yaxın zamanlarda həll olunacaq. Bir neçə ildən sonra İsrail mövzu olaraq bağlanacaq. Bu baxımdan İsrailə bel bağlamaq heç də uzaqgörənlik sayıla bilməz. Bu gün Avropa əsasən istiqamət dəyişikliyi aparır, İsraili əhəmiyyətli ölkələr siyahısından çıxarır. İsrail ləğv edilən brenddir.
Əlbəttə, hansısa gözlənilməz hadisə baş verməsə, Obama yenidən ABŞ prezidenti seçiləcək. Bu isə o deməkdir ki, ABŞ-ın İrana təzyiqinə son qoyulacaq, çünki Obama bunda maraqlı deyil. İsrailin dəstəyinə son qoyulacaq.
Rusiyanın Qarabağ münaqişəsinə müdaxilə imkanları azdır
Düşünürəm ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək imkanları 2008-ci il, Gürcüstanla müharibə baş verdiyi zaman ilə müqayisədə azdır. Əslində, Rusiya üçün Ermənistana xatir hansısa münaqişə arzuolunmazdır. Çünki Rusiyanın daxilində vəziyyət sürətlə pisləşir. Rusiya rəhbərliyi düşünə bilər ki, aşağı təbəqənin sosial vəziyyətinin pisləşməsi nəticəsində yaranan gərginliyi Ermənistana yardım “vətənpərvər” müharibə ilə azaltmaq olar. Amma bu böyük səhv olardı. Həm imkanlar, həm əhval-ruhiyyə, həm də atmosfer 4 il əvvəlki kimi deyil. Buna görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistana hansı formada yardım edəcəyi aydın deyil.
Hər şeydən məhrum olanların alyansı yaranır
Azərbaycan üçün bu gün əsas problem Rusiya deyil. Bu gün Azərbaycan üçün əsas problem İranla pis və Türkiyə ilə korlanan münasibətlərdir. Azərbaycan neftinin və siyasətinin belə pis davranışı olmasaydı, erməni məsələsini və Qarabağ münaqişəsini həll etmək olardı. Azərbaycanı KTST deyil, Ermənistanın tərəfində çıxış edə biləcək İran maraqlandırmalıdır.
İran bu gün bütün istiqamətlərdə qalib gəlib və onunla münasibətləri korlamaq, hansısa xəfiyyələri həbs etmək, müsəlmanları sıxışdırmaq, İslam partiyasına təzyiq göstərmək məqsədəuyğun deyil. Bütün bunlar Qərb masonlarının xoşuna gəlmək üçün edilir, amma onlar bunu qiymətləndirməyəcəklər.
Azərbaycan qonşu dövlətlərlə nə qədər çəkişəcəksə, Qərb ölkələri ilə ümumi dil tapmayacaqsa, bir o qədər İsraildən yapışacaq. O da Azərbaycana dost əlini uzatmağa həmişə hazırdır. Bu, rəsmi Təl-Əvivə çox vacibdir, çünki İsrail özü təcrid vəziyyətdədir. Nəticədə çox pis hal alınır – hər şeydən məhrum olanların alyansı və bura təcrid olanlar daxil olur. Əvvəllər belələri Şimali Koreya, Səddam Hüseyn və digərləri idi. Hazırda belə ölkələrin ikinci klubu yaradılır.
Rusiya Cənubi Qafqazdakı vəziyyətlə alver edir. Rusiya sadəcə, Amerika siyasət formatının peyki deyil. O, həm də bu asılılqda reytinqini, kapitallaşmasını yüksəltmək istəyir. Yəni Moskva peyklər arasında rəqabət aparır. Onların hər biri daha əhəmiyyətli olmasını sübuta yetirməyə çalışırlar. Cənubi Qafqaz problemi də Rusiyaya bu sahədə alver etməyə imkan verir.