«Bu hökumət vətəndaşları ilə ancaq hədə dili ilə danışır»
Hüquq müdafiəçiləri AXCP sədri Əli Kərimlinin 25 may aksiyası ilə bağlı polis çağırılması şəraitinin qanuna və insanlığa sığmadığını deyirlər.
“Niyə bu banditləri heç kim məsuliyyətə cəlb etmir?”
Hüquq müdafiəçisi Leyla Yunus baş verənlərin 90 ilin 20 yanvar olaylarından sonra görə elan edilmiş fövqəladə vəziyyətlə müqayisə edib: “Sanki ”Eurovision” zamanı Azərbaycanda fövqəladə vəziyyət elan olunub. 90-cı ildə də belə idi. Rus ordusu azərbaycanlıları saxlayır, hədə-qorxu gəlirdi. Biz hamımız qorxu içində idik ki, hər an evimizə girə bilərlər. Küçədə gəzmək təhlükəli idi. Adamları güllələməklə hədələyirdilər. Indi Bakıdakı situasiya həmin o fövqəladə vəziyyəti xatırladır. Mayın 25-də polis gəncləri yalnız “flaşmob” keçirdiklərinə görə həbs etdi. Əli Kərimli və partiyanın fəalları Azərbaycan qanunları və Konstitusiyasının bir bəndini də pozmayıblar. Amma Əli Kərimlinin evinə basqın edənlər qanunu açıq şəkildə pozublar. Niyə bu banditləri məsuliyyətə cəlb etmirlər? Bu ancaq təəssüf doğurur. Onların davranışları göstərir ki, Azərbaycan hakimiyyəti öz xalqından, müxalifətindən qorxur. Onlar vətəndaşlarla ancaq qorxutmaq, hədələmək dili ilə danışırlar”.
“Bunlar artıq nə ağına baxırlar, nə qarasına”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, baş verənlər heç bir əndazəyə sığmır: “Əli bəyə qarşı baş verən bu olay mənə çox pis təsir etdi. Bunlar artıq nə ağına baxırlar, nə qarasına. Polisə çağırılmağın da təhəri var, söz deməyin də. Özü də Əli bəyi nəyə görə çağırıblar? Lap tutalım, Əli bəy partiyanın üzvlərinə müraciət edib ki, aksiyaya çıxın. Burada qanuna zidd olan nə var? Belə şeyə görə partiya liderini çağırıb ona qarşı təzyiqlər etmək nə deməkdir? Guya biz demokratik dövlətdə yaşayırıq. O qədər özbaşınalıq edirlər ki, adama elə gəlir ki, özləri bilərəkdən bu şəraiti yaradırlar. Istəyirlər ki, qarşıdurma olsun, gərginlik yaransın”.
“Əli Kərimlinin ailəsi bu prosesdə zərər çəkməməli idi”
Hüquq müdafiəçisi Anar Məmmədli isə baş verənləri AXCP sədrinə qarşı mənəvi və psixoloji təzyiq adlandırıb: “Bu prosesi sivil qaydada da həyata keçirmək olardı. Izahat almaq istəyirlərsə, çağırış göndərərdilər. Insanlara qarşı bu cür rəftar yolverilməzdir. Polisə çağırılan Əli Kərimlidirsə, onun ailəsi, yaxınları bu prosesdə zərər çəkməməli idi. Onların bu məsələyə nə aidiyyəti var? Onları qorxutmaq, psixoloji təzyiq etmək nəyə lazım idi? Çox təəssüf ki, bunu da fürsət bilib Əli bəyə qarşı təzyiq etdilər”.