AXCP sədrinin müavini Fuad Qəhrəmanlı İlham Əliyevin oktyabrın 12-də keçirdiyi müşavirəyə münasibət bildirib. Fuad Qəhrəmanlı özünün Facebook səhifəsində yazır:
“İlham Əliyevin müşavirədədki çıxışını dinləyənlər gördülər ki, o başında durduğu hakimiyyətin ünvanına çox ağır ittihamlar səsləndirdi. Bu çıxışda səslənən problemləri müxalifət illərdir ki, deyir, ancaq İlham Əliyev və ətrafı müxalifətin, müstəqil mətbuatın səsləndirdiyi bu problemləri həmişə inkar ediblər. Deməli, İlham Əliyev bu çıxışla etiraf etdi ki, müxalifət öz tənqidlərində haqlıymış.
Onun bu çıxışı ölkəni böhrana düçar edən problemlərin həllinə təsir edəcəkmi?
1) İlham Əliyev dövlət başçısı kimi problemləri gündəmə gətirirsə, bu problemlərin həlli təkcə onları sadalamaqla mümkün deyil, ilk növbədə bu problemlərin yaranmasına səbəbkar olan şəxslər də məsuliyyət daşımalıdırlar. Bu problemləri kənarda olan kimsə yaratmır, ölkədəki korrupsiya, inhisarçılıq və qanunsuzluqlar İlham Əliyevin başında durduğu komandanın fəaliyyətinin nəticəsidir. O zaman problemləri yaradan komanda ilə onları həll etmək mümkündürmü? Əsla yox. Bu işlərə görə bir məmuru belə cəzalandıra bilmirsə, deməli dövlət başçısının bu problemləri sadalaması heç də onları həll etmək istəyi anlamına gəlmir.
2) Ölkədəki korrupsiya, məmur özbaşınalığı, monopoliyalar özlüyündə yaranmayıb, bu pproblemlər mövcud idarəetmə münasibətlərindən doğur. Deməli, İlham Əliyev “bu problemlər həll olunmalıdır” deməklə yanaşı, həm də iqtisadi və siyasi islahatların anonsunu verməli idi. Dünyada hələ elə bir təəcrübə yoxdur ki, islahatlar olmadan, ölkədəki belə köklü problemlər həll olunmuş olsun. Mövcud sistemi mühafizə etməklə, nəinki problemləri həll etmək mümkün deyil, əksinə onların getdikcə daha da ağırlaşmasına şahid olacağıq. Bu səbəbdəndir ki, indiyə qədər dövlət başçısı kimi onun müşavirədə qaldırdığı heç bir problem həll olunmayıb. Hətta əvvəlki müşavirədə onun çıxışı adi təyyarə biletinin qiymətini belə salmağa təsir göstərmədisə, indiki çıxışının mövcud köklü problemlərə təsir edəcəyini gözləmək sadəlöhvlük olardı”.